İran ABŞ-nin regionda fəallaşmasından narahatdır: Təxribat ehtimalı var
Cənubi Qafqazda uzun illər davam edən geosiyasi gərginlikdən sonra region yeni mərhələyə qədəm qoyur. Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatması fonunda beynəlxalq aktorların fəallaşması, xüsusilə ABŞ-nin artan diplomatik təşəbbüsləri bölgədə formalaşan yeni güc balansını daha da aktuallaşdırır.
ABŞ vitse-prezidentinin əvvəlcə İrəvana, ardınca isə Bakıya rəsmi səfəri təkcə protokol xarakterli hadisə deyil, regionun gələcək siyasi və iqtisadi arxitekturasına təsir göstərə biləcək strateji addım kimi qiymətləndirilir. Bu səfərin mümkün nəticələri, böyük güclərin maraqları və Zəngəzur dəhlizi kimi layihələrin region üçün nə vəd etdiyi ilə bağlı suallara aşağıdakı müsahibədə aydınlıq gətirilir.

Məsələ ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
— ABŞ vitse-prezidentinin İrəvana və Bakıya səfərinin əsas məqsədi nədir və bu səfər region üçün nə ifadə edir?
— Bu səfərin əsas məqsədi Ermənistan–Azərbaycan münasibətlərində sülh prosesini sürətləndirmək, uzun illər davam etmiş qarşıdurmadan sonra yeni əməkdaşlıq mərhələsinin başlanmasına dəstək verməkdir. ABŞ artıq regionda təkcə hərbi güc vasitəsilə deyil, əməkdaşlıq və tərəfdaşlıq modeli ilə mövqeyini gücləndirmək niyyətindədir. Bu yanaşma həm regional sabitliyə, həm də iqtisadi inteqrasiyaya xidmət edir.
— Bu səfərin Azərbaycan, ABŞ və Ermənistan üçün verə biləcəyi əsas dividendlər nələrdir?
— Azərbaycan üçün bu proses beynəlxalq mövqelərin möhkəmlənməsi, iqtisadi əlaqələrin genişlənməsi və regional layihələrdə əsas aktor kimi çıxış etmək imkanlarının artması deməkdir. Ermənistan üçün bu, uzunmüddətli təcriddən çıxmaq, yeni nəqliyyat və ticarət marşrutlarına qoşulmaqla iqtisadi dirçəliş əldə etməkdir. ABŞ üçün isə Avrasiya məkanında siyasi və iqtisadi təsir imkanlarını artırmaq baxımından strateji fürsətdir.
– Bu yeni geosiyasi dinamika fonunda Rusiyanın və İranın mövqeyi necə formalaşır, təxribat ehtimalı varmı?
— Rusiya Cənubi Qafqazı uzun illər öz təsir zonası kimi görüb və burada alternativ güc mərkəzlərinin möhkəmlənməsini istəmir. Eyni zamanda İran da ABŞ-nin regionda fəallaşmasına mənfi yanaşır. Bu səbəbdən müəyyən təzyiq və təxribat cəhdləri istisna deyil. Lakin sülh və əməkdaşlıq dərinləşdikcə bu cəhdlərin təsir imkanları azalacaq.
—Zəngəzur dəhlizi açılarsa, bu, region və əsas aktorlar üçün nə vəd edir?
— Bu dəhliz təkcə Azərbaycanla Naxçıvan arasında bir bağlantı deyil, həm də Türkiyənin Türk dünyasına çıxışını genişləndirən, Ermənistanı regional iqtisadi proseslərə cəlb edən və ABŞ ilə Çinin maraqlarının kəsişdiyi strateji nəqliyyat xəttidir. Dəhlizin reallaşması Cənubi Qafqazı qlobal iqtisadi sistemə daha sıx bağlayacaq və uzunmüddətli sülh üçün real zəmin yaradacaq.
Elmir Heydərli
14:47 16.02.2026
Oxunuş sayı: 702