Komitə sədri: 10 fevral tarixini dövlətimizin siyasi kursunda mühüm mərhələ kimi qiymətləndirməliyik
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi balansın sürətlə dəyişdiyi, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik məsələlərinin ön plana çıxdığı bir dövrdə dövlətlərarası strateji sənədlər xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, İlham Əliyev tərəfindən Azərbaycanın ABŞ ilə imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının “tarixi sənəd” kimi qiymətləndirilməsi yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Sənəd yalnız iki ölkə arasında siyasi dialoqun genişlənməsi deyil, eyni zamanda təhlükəsizlik, enerji əməkdaşlığı, iqtisadi tərəfdaşlıq və regional proseslərdə qarşılıqlı maraqların daha sistemli şəkildə uzlaşdırılması baxımından da diqqət çəkir. Bu kontekstdə Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyəti, onun Azərbaycanın xarici siyasət prioritetlərinə və regionda formalaşan yeni siyasi reallıqlara necə təsir edəcəyi xüsusi müzakirə mövzusudur.
Mövzu ilə bağlı Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc Crossmedia.az saytına açıqlama verib:

"ABŞ–Azərbaycan münasibətləri Vətən müharibəsində qələbəmizdən sonra, ən azı son altı illik dövrdə, çox fərqli mərhələlərdən keçib. Əgər 1990-cı illərə – yeni müstəqillik qazandığımız dövrə qayıtsaq, Ulu Öndərin fəaliyyəti nəticəsində ABŞ-ın siyasi rəhbərliyi, xüsusilə də Klinton administrasiyası ilə qurulan münasibətlər, neft kontraktlarına verilən dəstək, ABŞ-nin qlobal şirkətlərinin regiona gəlişi və sonrakı dövrlərdə əlaqələrin müxtəlif sahələr üzrə inkişafı müəyyən dinamikada davam edirdi.
Lakin təəssüflər olsun ki, Obama dövründə və daha sonra Bayden administrasiyası zamanı münasibətlər diplomatiyanın xeyli aşağı statuslu bir mərhələsinə gəlib çatdı. Xatırlayırıq ki, Azərbaycan ABŞ-la olan bəzi sazişlərdən çıxdığını bəyan etdi. Parlamentdə ABŞ Konqresi və digər strukturlar tərəfindən sərgilənən davranışlar pislənildi. Eyni zamanda, Blinken və onun çevrəsinin hərbi əməliyyatlarımızı tanımaması, xristian abidələrinin qorunması adı altında ölkəmizə qarşı hücum xarakterli mövqe nümayiş etdirməsi, USAID xətti ilə ölkəmiz əleyhinə beynəlxalq təxribatların baş verməsi Dövlət Departamenti tərəfindən yönləndirilən addımlar kimi qiymətləndirildi".
Deputat əlavə edib ki, daha sonra səsləndirilən fikirlərdən birində Əfqanıstan məsələsində təhlükəsizlik baxımından ABŞ-yə lazım olanda biz kömək etdik deyilir: "Amma sonrakı dövrdə 907-ci düzəlişin yenidən gündəmə gətirilməsi və Konqresdə qüvvəyə mindirilməsi nankorluq kimi qiymətləndirildi. Bu ifadə həmin dövrün ümumi vəziyyətini aydın şəkildə əks etdirirdi.
İndi isə yeni bir reallıqdayıq. Xüsusilə də Trampın ikinci dəfə prezidentliyə qayıdışından sonra qlobal siyasətdə ABŞ-nin yürüdüyü yeni strategiyalar və Azərbaycanın artan geosiyasi statusu fonunda yeni addımlar müşahidə olunur. Tramp Amerika prezidentləri arasında yeganə şəxsdir ki, Azərbaycan lideri haqqında yeddi dəfə öz sosial media hesabında ehtiram ifadə edib, onun yüksək tərəfdaşlıq nümunəsi göstərdiyini və liderliyini təqdir edib. O, çıxışlarında 16–17 dəfə Azərbaycan və Ermənistan adlarını çəkib.
Bəzən hansısa bir ifadənin fərqli yozumunu ön plana çıxararaq münasibətləri gözdən salmağa çalışan dairələrin məqsədləri aydındır. Lakin əsas strategiya Azərbaycanın Ermənistanla sülhə gəlməsini dəstəkləməkdir. Trampın bu istiqamətdə istəyi və Prezident İlham Əliyevin barış kursunu irəli aparması nəticəsində 8 avqust Vaşinqton zirvəsi baş tutdu.
Məhz həmin görüşdə ölkəmizlə münasibətlərin yeni mərhələyə daşınması məsələsi gündəmə gəldi. Əvvəlki hakimiyyət dövründə yaranmış problemlərin aradan qaldırılması, bəzi qərarların faktiki olaraq qüvvədən düşməsi və USAID-in ləğvi fonunda yeni zəmində münasibətlərin qurulması prosesi başladı. Hətta ABŞ-da ermənipərəst bəzi konqresmenlərin məsuliyyətə cəlb olunması da bu kontekstdə diqqət çəkdi.
Bu mərhələdə strateji xartiya sənədinin hazırlanması və ABŞ–Azərbaycan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində addımlar atıldı".
Z.Oruc qeyd edib ki, ölkə rəhbərinin yerli mediaya müsahibəsində Azərbaycanın dörd nümayəndə heyətinin ABŞ-a səfər etdiyini xatırlafıb: "Eyni zamanda, Azərbaycanın bir sıra qlobal platformalarda təsisçi üzv kimi iştirakı ölkəmizin beynəlxalq proseslərdə aktiv rolunu bir daha sübut edir.
Qarşılıqlı hörmətin üz-üzə ifadə olunması, formalaşan şəxsi münasibətlərin dövlətlər və xalqlar üçün nə qədər önəm daşıdığını göstərir. Region dövlətlərinin bir çoxu bu cür açıq münasibət nümayiş etdirmir, qələbəmizi bu şəkildə tanıdıqlarını açıq şəkildə ifadə etmirlər.
Son altı ayda ABŞ-la imzalanan sənədlərin irəliləməsi üçün vitse-prezident Ceyms Vensin bölgəyə göndərilməsi də mühüm hadisədir. Ondan əvvəl ABŞ-nin 30-a yaxın böyük korporasiyasının təmsilçiləri Prezident İlham Əliyevlə görüşə gəlib və regionla bağlı investisiya planlarını təqdim ediblər. Bu isə Azərbaycanın qeyri-neft sektoruna investisiya cəlb etmək strategiyasının ABŞ tərəfindən dəstəkləndiyini göstərir.
Vensin səfəri zamanı Naxçıvanın əsas ərazi ilə birləşməsi məsələsi də gündəmə gətirildi və strateji xartiyada “maneəsiz bağlantı” ifadəsi əksini tapdı. Media bu məqamları daha geniş işıqlandırmalıdır.
Eyni zamanda, süni intellekt sahəsində əməkdaşlıq və ABŞ korporasiyalarının regiona daxil olması perspektivi, qlobal miqyasda 16 trilyon dollarlıq rəqəmsal iqtisadi dəyər yaradan proseslər fonunda mühüm əhəmiyyət kəsb edir.
Bütövlükdə hesab edirəm ki, bu strateji sənədin imzalanması ABŞ–Azərbaycan müttəfiqliyini daha da gücləndirəcək. Sülh prosesində, kommunikasiyaların açılmasında, Ermənistanla barışda, regionda kənar dövlətlərin təxribatlarının qarşısının alınmasında, Azərbaycanın Orta Asiya və Yaxın Şərq istiqamətində həyata keçirdiyi strategiyalarda bu sənəd mühüm rol oynayacaq.
Ceyms Vensin səfərini İran əleyhinə prosesin tərkib hissəsi kimi təqdim edən yanaşmalar doğru deyil. Eyni zamanda, İrəvanda Qarabağla bağlı şüar və plakatların irəli sürülməsi, Freedom House-un həmin gün demokratiya və insan haqları ilə bağlı müraciət yayması da əvvəlki kimi təzyiq mexanizmlərini xatırladır.
Bir sözlə, 10 fevral tarixini dövlətimizin siyasi kursunda mühüm mərhələ kimi qiymətləndirməliyik. Bu tarix regionda sülh müqaviləsinin reallaşması fonunda yeni dövrün başlanğıcı kimi dəyərləndiriləcək və gələcəkdə də istinad nöqtəsi olacaq. Bu hadisə həm də ölkə rəhbərinə göstərilən ehtiramın, onun liderlik gücünün və siyasi iradəsinin növbəti nəticəsi kimi tarixə düşəcəkdir".
Ayhan
14:05 14.02.2026
Oxunuş sayı: 831