ABŞ İrana qarşı yeni sanksiyalar paketini açıqladı
ABŞ İranın enerji sektoruna qarşı növbəti sanksiyalar tətbiq edib. ABŞ Dövlət Departamenti cümə günü İslam Respublikası ilə danışıqların yeni mərhələsinin başa çatmasından bir neçə saat sonra İran nefti, neft məhsulları və neft-kimya məhsullarının qanunsuz ticarətində iştirak edən “kölgə donanması”na qarşı sanksiyalar elan edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sanksiyalar çərçivəsində 15 qurum və 14 gəmi qara siyahıya salınıb. Bununla yanaşı, İran neftinin daşınması ilə əlaqəli daha 15 qurum və iki fiziki şəxsin adı da sanksiya siyahısına daxil edilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Tomi Piqot bildirib ki, bu addımlar İrana qarşı həyata keçirilən “maksimum təzyiq” siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, Prezident Donald Tramp administrasiyası İran rejiminin qanunsuz neft və neft məhsulları ixracını minimuma endirməkdə qərarlıdır.
Qeyd edək ki, yeni sanksiyalar ABŞ ilə İran arasında aparılan diplomatik təmasların fonunda açıqlanıb.
22:37 06.02.2026
Oxunuş sayı: 560