İnsan qardaşlığına verilən qlobal dəyər
Son illərdə Azərbaycanın ərəb dünyası ilə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. İstər dövlətimizin başçısı cənab İlham Əliyevin bu xalqlara səfərlərinin, istərsə də həmin xalqların liderlərinin Azərbaycana səfərlərinin dinamik xarakter daşıması əlaqələrimizin necə inkişaf etdiyini göstərir. Ötən il, diplomatik mərkəzə çevrilən Şuşa şəhəri Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Prezidentlərinin fərdi və geniş tərkibdə görüşlərinə, sənədlərin imzalanmasına şahidlik etdi. İki ölkənin imzaladığı sazişlər arasında Hərtərəfli Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə onların əlaqələrinin gələcəkdə necə inkişaf edəcəyinə dair bələdçi rolunu oynadı.
Azərbaycan hər zaman sülh, əməkdaşlıq, birlik, təhlükəsizlik çağırışları ilə diqqətdədir. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına çağırışlar edərək birliyin, həmrəyliyin yaradılmasına çalışır.
Dövlət başçısı cənab İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.
Söhbət zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu, münasibətlərimizin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edildi.
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərinin ən kulminasiya nöqtəsi 4 fevral 2026-cı il tarixində BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi oldu. Bu mərasim müasir dünyada humanizm, tolerantlıq və multikultural dəyərlərin təntənəsi kimi yadda qaldı.
BMT tərəfindən tanınan Beynəlxalq İnsan Qardaşlığı Günü ilə eyni vaxtda Əbu-Dabidəki "Təsisçi Memorialı"nda (Founder's Memorial) keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" (Zayed Award for Human Fraternity) təqdim edildi.
Prezident İlham Əliyev bu nüfuzlu mükafata Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin əldə edilməsi, regionda onilliklərlə davam edən münaqişəyə son qoyulması və qlobal sülhə verdiyi töhfələrə görə layiq görülüb. Müstəqil münsiflər heyəti bu addımı dialoq və birgəyaşayış mədəniyyətinin təşviqində mühüm mərhələ kimi qiymətləndirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu mötəbər mərasimdəki çıxışı isə təkcə bir liderin təşəkkür nitqi deyil, eyni zamanda qlobal çağırışlara verilən prinsipial və mənəvi cavab idi.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, insan qardaşlığı ideyası bəşəriyyətin ən ali dəyərlərindən biridir və bu dəyərin qorunması dövlətlərin, xalqların və liderlərin birgə məsuliyyətidir. Müasir dövrdə artan münaqişələr, dini və etnik zəmində qarşıdurmalar fonunda bu kimi mükafatların xüsusi əhəmiyyət daşıdığını vurğulayan dövlət başçısı, sülh və qarşılıqlı hörmətin alternativinin olmadığını diqqətə çatdırdı.
Azərbaycan Prezidenti öz nitqində ölkəmizin tarixən mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynadığını xatırladaraq, Azərbaycanda müxtəlif dinlərin və xalqların əsrlər boyu sülh, qarşılıqlı anlaşma şəraitində yaşadığını qeyd etdi. O bildirdi ki, tolerantlıq və multikulturalizm Azərbaycanda sadəcə dövlət siyasəti deyil, eyni zamanda həyat tərzidir. Bu model bu gün dünyada nadir nümunələrdən biri kimi qəbul olunur.
Çıxış zamanı Prezident İlham Əliyev mərhum Şeyx Zayed bin Sultan Al Nəhyənin irsinin insan qardaşlığı ideyasının təcəssümü olduğunu vurğuladı. Onun irəli sürdüyü humanist baxışların bu gün də aktual olduğunu bildirən dövlət başçısı, Birləşmiş Ərəb Əmirliklərinin qlobal sülhə və dinlərarası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev, həmçinin, Azərbaycanın beynəlxalq platformalarda sülh təşəbbüsləri, humanitar əməkdaşlıq və mədəniyyətlərarası dialoq sahəsində fəal rolundan danışaraq, ölkəmizin BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlar çərçivəsində bu istiqamətdə ardıcıl mövqe sərgilədiyini qeyd etdi. Onun sözlərinə görə, insan qardaşlığı yalnız bəyanatlarla deyil, real addımlar və ədalətli siyasətlə möhkəmləndirilə bilər.
Bu çıxış bir daha göstərdi ki, Prezident İlham Əliyev beynəlxalq miqyasda təkcə siyasi lider kimi deyil, həm də humanist dəyərlərin daşıyıcısı və müdafiəçisi kimi qəbul olunur. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində səsləndirilən fikirlər Azərbaycanın sülhə, dialoqa və bəşəri dəyərlərə sadiqliyinin növbəti təzahürü oldu.
Əbu-Dabidə səslənən bu mesajlar sübut etdi ki, insan qardaşlığı ideyası yalnız bir mükafatın adı deyil, həm də müasir dünyanın xilas yolu ola biləcək ümumbəşəri bir çağırışdır.

İlham Quliyev
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
09:33 06.02.2026
Oxunuş sayı: 142