İranın sabiq XİN rəhbəri: İran bunu ABŞ-ni qıcılandırmaq üçün edib
İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, Tehranın uranı 60 faizədək zənginləşdirməsinə real ehtiyac olmayıb və bu addım əsasən ABŞ-ni qıcıqlandırmaq məqsədi daşıyıb.
Crossmedia.az xəbər verir ki, Zərif bu fikirləri "Al Jazeera" televiziya kanalına verdiyi müsahibədə səsləndirib. O qeyd edib ki, İran hazırda ABŞ ilə danışıqlara nə ciddi hazırlıq, nə də real istək görür. Zərifin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın “hazırlıq”la bağlı bəyanatlarına baxmayaraq, Vaşinqton dialoqa faktiki olaraq hazır deyil.
Keçmiş nazir 2002-ci ildə aparılan nüvə danışıqlarını və İranın Almaniya, Fransa və Böyük Britaniya ilə keçirdiyi danışıqların iflasında ABŞ-nin rolunu xatırladıb. O vurğulayıb ki, tətbiq edilən təzyiqlər İran iqtisadiyyatına ciddi zərər vursa da, ölkənin nüvə proqramının mahiyyətini dəyişməyib.
Zərif müsahibəsində açıq şəkildə etiraf edib ki, uranın 60 faizədək zənginləşdirilməsi texniki baxımdan zəruri olmayıb və bu addım “amerikalıların gözünə barmaq soxmaq” məqsədi ilə atılıb.
09:25 05.02.2026
Oxunuş sayı: 709