Ekstremal təbiət hadisələri nüvə obyektlərinin təhlükəsizliyi üçün ciddi risk mənbəyidir - EKOLOQ
İqlim dəyişmələrinin sürətlənməsi və ekstremal təbiət hadisələrinin intensivliyinin artması müasir dövrdə yüksək riskli sənaye sahələri üçün yeni təhlükəsizlik çağırışları yaradır. Xüsusilə nüvə energetikası kimi yüksək məsuliyyət tələb edən sahələrdə təbii fəlakətlərin mümkün təsirləri qlobal səviyyədə ciddi narahatlıq doğurur. Zəlzələlər, daşqınlar, sunamilər, istilik dalğaları və digər ekstremal hadisələr nüvə obyektlərinin texniki dayanıqlığını və fasiləsiz fəaliyyətini sınağa çəkən əsas risk faktorları kimi ön plana çıxır.
Məhz bu baxımdan, nüvə obyektlərinin təhlükəsizliyinin təmin olunmasında yalnız texnoloji amillər deyil, eyni zamanda dəyişən iqlim şəraiti və təbiət hadisələrinin proqnozlaşdırılması da mühüm əhəmiyyət daşıyır. Son illərdə baş verən qlobal nüvə insidentləri göstərir ki, ekstremal hava və təbiət hadisələrinin nəzərə alınmaması ağır texnoloji və ekoloji nəticələrə səbəb ola bilər. Bu reallıqlar fonunda nüvə təhlükəsizliyi anlayışı daha geniş məzmun kəsb edir və risklərin kompleks şəkildə idarə olunmasını zəruri edir.

Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov Crossmedia.az-a açıqlama verib: "Ekstremal təbiət hadisələri nüvə obyektlərinin təhlükəsizliyi üçün ciddi risk mənbəyidir və bu risklər iqlim dəyişmələri fonunda daha da aktuallaşır. Zəlzələlər reaktor binalarına, soyutma sistemlərinə və enerji təchizatı xətlərinə mexaniki zərər vuraraq reaktorun təhlükəsiz söndürülməsini çətinləşdirə bilər. Daşqınlar və sunamilər isə xüsusilə kritik əhəmiyyət daşıyan ehtiyat generatorların və nasosların sıradan çıxmasına səbəb olaraq soyutma sistemlərinin fəaliyyətini dayandıra bilər ki, bu da reaktor nüvəsinin həddindən artıq qızması riskini yaradır. İstilik dalğaları nüvə obyektlərinə dolayı, lakin əhəmiyyətli təsir göstərir. Soyutma məqsədilə istifadə olunan çay və ya dəniz suyunun temperaturunun yüksəlməsi reaktorun effektiv soyudulmasını çətinləşdirir və nəticədə istehsal gücünün azaldılması və ya obyektin müvəqqəti dayandırılması zərurəti yaranır".
Ekoloq, həmçinin əlavə edib ki, qasırğalar və güclü küləklər isə əsasən obyektin xarici infrastrukturuna – elektrik ötürücü xətlərə, rabitə sistemlərinə və logistika imkanlarına zərər vuraraq fövqəladə vəziyyətlərdə operativ müdaxilə imkanlarını məhdudlaşdıra bilər: "Quraqlıq hallarında isə su ehtiyatlarının azalması soyutma üçün kifayət qədər suyun təmin olunmasını risk altına salır. Bu təsirlər nüvə qəzalarının ehtimalını birbaşa və ya dolayı yolla artıra bildiyi üçün müasir nüvə obyektlərinin layihələndirilməsində ekstremal təbiət hadisələri əsas risk amillərindən biri kimi nəzərə alınır. Seysmik davamlı konstruksiyalar, çoxsəviyyəli ehtiyat enerji və soyutma sistemləri, eləcə də iqlim risklərini nəzərə alan fövqəladə hallar planları nüvə təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır".
Ayhan
11:09 05.02.2026
Oxunuş sayı: 582