ABŞ- Rusiya münasibətlərində yeni dövr: Əsl hədəf Çindir?
Rusiya ilə ABŞ arasında Strateji Silahların Azaldılması Müqaviləsinin müddət bu gün başa çatır. Tərəflər arasında sazişin müddəti uzaldılmayıb. Rusiya Xarici İşlər Nazirliyi yaydığı yazılı açıqlamada “Yeni START” müqaviləsinin müddətinin bitdiyini və tərəflərin artıq bu sənəd üzrə heç bir öhdəlik daşımadığı bildirilib. Açıqlamada Rusiyanın müqavilənin uzadılması üçün cəhd göstərdiyi, lakin ABŞ tərəfindən bu təşəbbüsə cavab verilmədiyi qeyd olunub.
Nazirliyin bəyanatında vurğulanıb ki, mövcud vəziyyətdə müqavilə tərəfləri növbəti addımlarını sərbəst şəkildə müəyyən edə bilərlər. Eyni zamanda, Rusiyanın milli təhlükəsizliyinə yönələ biləcək əlavə təhdidlərin qarşısını almaq üçün “qətiyyətli hərbi-texniki tədbirlər” görməyə hazır olduğu bildirilib.
2010-cu ildə imzalanan “Yeni START” müqaviləsi ABŞ-nin 1991-ci ildə Sovet İttifaqı və 1993-cü ildə Rusiya Federasiyası ilə imzaladığı “START-1” və “START-2” sazişlərinin davamı kimi qəbul olunur. Müqavilə ABŞ və Rusiya arasında uzunmənzilli nüvə başlıqları və onları daşıyan raketlərə ciddi məhdudiyyətlər qoyurdu.
Keçən il Rusiya müqavilənin şərtlərinə daha bir il riayət edəcəyini açıqlamışdı. Bu əlavə müddət bu gün rəsmi olaraq başa çatır.
Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) məlumatına görə, 2025-ci ilə qədər ABŞ və Rusiya dünyanın ən böyük nüvə arsenalına malik iki ölkədir. Rusiya təxminən 5459, ABŞ isə 5177 nüvə başlığına sahibdir. Çinin nüvə döyüş başlıqlarının sayının isə 600-dən bir qədər çox olduğu ehtimal edilir.
Qüvvədə olan son nüvə sazişi 2010-cu ildə Praqada ABŞ-nin sabiq prezidenti Barak Obama və Rusiyanın ozamankı lideri Dmitri Medvedev tərəfindən imzalanmışdı. Müqavilənin qüvvədən düşməsi “Soyuq müharibə”dən sonra formalaşmış nüvə silahları balansının ciddi şəkildə sarsılması kimi qiymətləndirilir.
Təbii ki, bu qərar ikitərəfli münasibətlərin bundan sonrakı inkişafına təsir edəcək.
Politoloq Elxan Şahinoğlu gözlənilən dinamika barədə Crossmdia.az-a danışıb.
Onun fikrincə, Vaşinqtonun Moskvanın müqaviləni daha bir il uzatmaq təklifinə razılıq verməməsinin səbəbi Çindir: “Soyuq müharibə” illərində nüvə qarşıdurması ABŞ-la keçmiş SSRİ arasında idi. Bu iki dövlət müxtəlif illərdə nüvə silahlarının azaldılmasıyla bağlı müqavilələr imzalamışdılar. SSRİ-nin varisi olan Rusiya ABŞ-la yeni müqavilə imzaladı. Ancaq bu illərdə Çin nüvə arsenalını xeyli artırıb. Buna görə də Vaşinqton hesab edir ki, Çin də nüvə silahlarının azaldılması müqaviləsinə qoşulmalıdır. Vaşinqton Pekinin imzası olmadan Moskva ilə nüvə silahlarının azaldılması müqaviləsini əhəmiyyətsiz hesab edir. Çünki, hazırda ABŞ özünə Rusiyanı deyil, Çini rəqib kimi görür. Yeni müqaviləsiz qalan Kreml Vaşinqtona xəbərdarlıq mesajı göndərib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev müqavilə imzalanmasa, Rusiyanın nüvə arsenalını artıra biləcəyinə işarə edib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, yeni nüvə sazişinin imzalanmaması Vaşinqtonu narahat etmir, əksinə ABŞ müxtəlif qitələrdə hərbi gücünü artırmağa üstünlük verir".

Ekspert xatırladıb ki, ABŞ-la Rusiya arasında nüvə sazişi sonuncu dəfə 2010-cu ildə imzalanıb: "Sənədə hər iki ölkənin o zamankı Prezidentləri Barak Obama və Dmitri Medvedev imza atmışdılar. Müqavilənin müddəti 10 il olsa da, sənədin müddəti daha sonra 5 il uzadılmışdı. Ağ Ev rəhbəri Donald Tramp Prezident seçilən kimi həmin sazişi uzatmaqdan imtina etdi. Tramp buna səbəb kimi Çinin nüvə anlaşmalarından kənarda qaldığını göstərirdi. Həqiqətən, ABŞ və Rusiya sazişə görə nüvə arsenallarını azaldarkən, anlaşmada imzası olmayan Çin rahat şəkildə nüvə arsenalını artırmaq imkanına malikdir. Vaşinqtonu narahat edən odur ki, Moskva tərəfdaşı olan Pekini anlaşmağa qoşulmaya dəvət etmir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Pekin nüvə danışıqlarında iştirak etmək istəmir. Peskovun sözlərinə görə, Çinin nüvə arsenalı Rusiya və ABŞ-ın nüvə arsenalından azdır. Halbuki, Çin ildən-ilə nüvə arsenalını gücləndirir. Medvedevin nüvə anlaşmasının imzalanması zərurətindən danışsa da, özü bir müddət əvvəl Qərb ölkələrini nüvə müharibəsiylə hədələyirdi. Onun “nüvə silahına malik ölkəyə rəhbərlik edən heç bir siyasətçi onun tətbiqi ehtimalını tam istisna edə bilməz” açıqlaması da buna sübutdur. Medvedev onu da xatırladıb ki, prezidentliyi dövründə ali baş komandan kimi bütün nəzərdə tutulan təlimlərdə, o cümlədən nüvə arsenalı ilə bağlı məşqlərdə iştirak edib. Medvedev Vaşinqtonun əsl hədəfinin Rusiya deyil, Çin olduğunu anlayır. Medvedev 4 il əvvəlki açıqlamasında söyləmişdi ki, ABŞ Rusiya ilə məsələni bitirməyə çalışdıqdan sonra Çini hədəf seçəcək və bu, onun sözlərinə görə, ağır böhrana və nüvə partlayışına səbəb olacaq. “ABŞ-nin növbəti məqsədi Çinin tamamilə zəiflədilməsi olacaq” deyən Medvedev haqlıdır. Tramp Panama kanalını Çin şirkətlərinin nəzarətindən çıxartdı, Venesuela artıq Çinə ucuz neft sata bilmir, İran da ram edilsə, Pekin daha bir enerji tərəfdaşını itirəcək. Vaşinqtonun strategiyası Çinin siyasi və iqtisadi gücünün dünyaya yayılmasının qarşısını almağa yönəlib. Pekin bundan xəbərdardır və Vaşinqtonun planlarına qarşı mümkün qədər müqavimət göstərməyə çalışır".
11:55 05.02.2026
Oxunuş sayı: 468