“Xaricdə təhsil” proqramı çərçivəsində də kibertəhlükəsizlik prioritet istiqamətlərdən biridir - Ekspert
Müasir dövrdə rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə sürətlə inteqrasiya olunması informasiya təhlükəsizliyini qlobal gündəmin əsas mövzularından birinə çevirib. Dövlət idarəçiliyindən bank sektoruna, təhsildən sənayeyə qədər bütün sahələrdə rəqəmsal sistemlərin genişlənməsi kibertəhlükəsizliyin strateji əhəmiyyətini daha da artırır. Məhz bu reallıqlar fonunda kibertəhlükəsizlik artıq təkcə texniki ixtisas deyil, milli təhlükəsizlik və iqtisadi sabitliyin mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
Azərbaycanda da bu sahəyə maraq son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Tələbələr rəqəmsal ixtisaslara, xüsusilə kibertəhlükəsizlik sahəsinə yönəlməklə gələcək karyera imkanlarını daha geniş və dayanıqlı şəkildə qurmağa çalışırlar. Dövlətin məqsədyönlü siyasəti, ali təhsil müəssisələrində müasir tədris proqramlarının tətbiqi, eləcə də özəl sektorun prosesə aktiv şəkildə qoşulması nəticəsində bu sahə üzrə kadr hazırlığı yeni mərhələyə qədəm qoyub. Formalaşan ekosistem gənclərə təkcə yerli əmək bazarında deyil, eyni zamanda beynəlxalq platformalarda da rəqabət aparmaq imkanı yaradır.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Crossmedia-az-a açıqlama verib: "Tələbələrin rəqəmsal ixtisaslara, xüsusilə kibertəhlükəsizlik sahəsinə marağı hər gün artmaqdadır. Bu sahə onlara məzun olduqdan sonra həm iş tapmaq, həm də beynəlxalq şirkətlərdə peşəkar fəaliyyət göstərmək imkanı yaradır. Son illərdə Azərbaycanda bu istiqamətdə kifayət qədər mühüm addımlar atılıb. Demək olar ki, qabaqcıl ali təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə həm bakalavr, həm də magistr ixtisasları, eyni zamanda ixtisaslaşmış qruplar fəaliyyət göstərir. Bu sahənin inkişafı ilə bağlı müvafiq dövlət proqramlarının hazırlanması çərçivəsində Elm və Təhsil Nazirliyi tərəfindən müxtəlif dəstək və qrant layihələri həyata keçirilib. Eyni zamanda kibertəhlükəsizlik sahəsində bank sektorunun da kifayət qədər uğurlu layihə və proqramları mövcuddur. Belə ki, qabaqcıl ölkə bankları bu ixtisas üzrə təhsil alan tələbələr üçün 3–6 ay müddətində, sahənin dünya üzrə aparıcı mütəxəssislərinin iştirakı ilə keyfiyyətli təlimlər, kurslar və sertifikasiya proqramları təşkil edirlər. Bundan əlavə, Elm və Təhsil Nazirliyinin sifarişi ilə Texniki Təhsil Mərkəzləri, Kod Akademiyası kimi özəl və ixtisaslaşmış tədris müəssisələri tərəfindən də bu sahədə özünü inkişaf etdirmək istəyənlər üçün müxtəlif təqaüd və inkişaf proqramları həyata keçirilir".
Ekspert əlavə edib ki, bütün bu addımların nəticəsində hazırda həm aparıcı banklarda, həm də iri şirkətlərdə kibertəhlükəsizlik sahəsində çalışan, o cümlədən yüksək maaşlı işlərə dəvət alan qadın mütəxəssislərin sayı artmaqdadır: "Artıq bu sahə üzrə beynəlxalq səviyyədə rəqabət apara bilən, seçilən mütəxəssislərimiz formalaşmaqdadır. “Xaricdə təhsil” proqramı çərçivəsində də kibertəhlükəsizlik prioritet istiqamətlərdən biridir. Bu sahə üzrə dünyanın qabaqcıl universitetlərinə magistr və PhD təhsili almağa göndərilən tələbələr mövcuddur. Həmin məzunlar ölkəyə qayıtdıqdan sonra milli kibertəhlükəsizlik ekosisteminin inkişafına mühüm töhfələr verəcəklər".
Ayhan
10:56 05.02.2026
Oxunuş sayı: 710