"Enerji sektorunda kibertəhlükəsizlik və Kiberpoliqon platformasının imkanları" adlı təlim keçirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarının enerji sektoru əməkdaşları üçün təlim keçirilib.
Crossmedia.az xəbər verir ki, təlim NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində XRİTDX və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə icra olunan “Cyber Polygon” layihəsi çərçivəsində təşkil edilib və “Enerji sektorunda kibertəhlükəsizliyə giriş və kiberpoliqon platformasının imkanları” mövzusuna həsr olunub.
Təlim zamanı enerji sektoru üçün məxsusi kibertəhdidlər beynəlxalq kiberqruplaşmaların həyata keçirdiyi və enerji infrastrukturlarına yönəlmiş hədəfli kiberhücumlara nümunələr təqdim edilmiş, enerji infrastrukturlarının təhlükəsizlik riskləri, kritik infrastrukturun mühafizəsinin əhəmiyyəti, dövlət əhəmiyyətli enerji obyektləri üçün təhlükəsizlik tələbləri və onların audit qaydaları barədə təqdimatlar edilmişdir. Eləcə də, XRİTDX və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə ortaq layihə olan “Cyber Polygon” platformasının funksional və texniki imkanları təlim iştirakçılarına təqdim olunmuşdur.
Qeyd edək ki, Kiberpoliqon platforması enerji sektorunun sahə üzrə mütəxəssisləri üçün XRİTDX tərəfindən Bakı Ali Neft Məktəbində qurulmuş “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında istifadəyə verilmişdir.
Bu cür təlimlər enerji sektorunda fəaliyyət göstərən qurumların kiberinsidentlərə hazırlıq səviyyəsinin artırılmasına, real təhdid ssenariləri üzrə qərarvermə və koordinasiya bacarıqlarının inkişafına, eləcə də sahib olduqları kritik infrastrukturların təhlükəsizlik səviyyəsinin virtual mühitdə yoxlanılması ilə boşluqların aşkarlanmasına və nəticə etibarı ilə ölkə əhəmiyyətli enerji sektorunun informasiya təhlükəsizliyi dayanıqlılığının gücləndirilməsinə xidmət edir.
10:08 05.02.2026
Oxunuş sayı: 456