Daşınmaz əmlak bazarında qiymətlər enir: Bu o deməkdir ki...
Bank sektorunda depozit portfeli maliyyə sabitliyinin və iqtisadiyyatda pul vəsaitlərinin hərəkətinin əsas indikatorlarından biri hesab olunur. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin yanvarın 1-nə ölkə banklarının depozit portfeli 41,7 milyard manatı ötüb. Aylıq azalma qeydə alınsa da, illik müqayisədə artım bank sektoruna olan ümumi etimadın qorunduğunu göstərir. Depozitlərin strukturunda qeyri-maliyyə təşkilatları, ev təsərrüfatları və maliyyə institutlarının payı, eləcə də qısa- və uzunmüddətli əmanətlərin dinamikası bazarda baş verən prosesləri təhlil etməyə imkan verir.
Bu barədə Crossmedia.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, əmanətlərin artması bir neçə mühüm amillə bağlıdır:
“Əmanətlərin artmasının bir neçə səbəbi var. Birincisi, bu depozitlərin hamısı Azərbaycan vətəndaşlarına məxsus deyil. Xarici vətəndaşlar da var ki, faktiki olaraq Azərbaycanda valyuta oyunu oynayırlar. Onlar xaricdən dollarla ucuz — 1–2 faizlə kredit götürür, burada manata çevirərək yüksək faizlə banklara yerləşdirirlər”.
Ekspertin sözlərinə görə, bu proses müəyyən risklər daşısa da, mövcud şəraitdə həmin risklər aşağı qiymətləndirilir:
“Əlbəttə, devalvasiya riski var. Amma yaxın dövrdə devalvasiya ehtimalı yüksək deyil. Bu səbəbdən həmin şəxslər burada qazanc əldə edirlər. Ona görə də depozit artımını birbaşa əhalinin rifahı ilə əlaqələndirmək düzgün olmaz. Çünki bu vəsaitlərin hamısı Azərbaycan vətəndaşlarına məxsus deyil”.

Ə.Həsənov əlavə edib ki, Azərbaycan vətəndaşlarının banklara pul yatırmasının əsas səbəbi alternativ investisiya imkanlarının məhdudluğudur:
“Azərbaycanda pul yerləşdirmək üçün ciddi alternativ yoxdur. Biznes və sahibkarlıq mühiti zəifdir. Daşınmaz əmlaka yatırım edənlər var, amma bir çoxu bundan çəkinir. Çünki daşınmaz əmlak bazarında qiymətlərin enməsi artıq müşahidə olunur, sadəcə hazırda bu proses süni yollarla saxlanılır”.
Ekspert qeyd edib ki, bu şəraitdə vətəndaşlar əllərində olan vəsaiti bank depozitlərinə yönəltməyə üstünlük verirlər: “Kimin bir qədər artıq pulu var, düşünür ki, niyə evdə qalsın? Qoy bankda yerləşdirim, heç olmasa müəyyən gəlir gətirsin”.
Mehriban Yariyeva
10:12 03.02.2026
Oxunuş sayı: 685