KİV: Tramp İrana zərbə üçün “yaşıl işıq” variantını nəzərdən keçirir
ABŞ və İran rəsmilərinin açıqlamaları danışıqlar imkanının hələ də gündəmdə olduğunu göstərsə də, ABŞ Prezidenti Donald Trampın hərbi hazırlıqları artırması Vaşinqtonun alternativ ssenariləri də ciddi şəkildə dəyərləndirdiyini göstərir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.
Tramp “nəhəng donanma” və ya “armada” adlandırdığı hərbi qüvvələri mərhələli şəkildə İrana yaxınlaşdırır.
Məqalədə qeyd olunur ki, İran yaxınlığında yerləşdirilən iri hərbi gəmilər və qırıcı təyyarələr ABŞ-nin son dövrlərdə Karib dənizində artırdığı hərbi mövcudluğu xatırladır və Tramp administrasiyasının İslam Respublikasına qarşı hərbi zərbə üçün “yaşıl işıq” yandırma ehtimalını gücləndirir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin və ona bağlı xüsusi təyinatlı qüvvələrin daxil olması bölgədəki hərbi mövcudluğu əhəmiyyətli dərəcədə artırıb. Daha çox esminesin İran istiqamətində irəliləməsi isə Trampın həm hücum, həm də müdafiə variantlarını genişləndirib.
ABŞ prezidenti Tehranı uranın zənginləşdirilməsini dayandırmağa, ballistik raket proqramına məhdudiyyətlər qoymağa və terrorçu qruplarla əlaqələri kəsməyə çağırıb. Bununla belə, analitiklər İran ətrafındakı vəziyyətin Venesuela ilə müqayisədə köklü şəkildə fərqləndiyini vurğulayırlar.
Vaşinqtonun Yaxın Şərqdə daha geniş hərbi infrastruktura malik olduğu, Suriya, İraq, Küveyt, Bəhreyn, Qətər, İordaniya və İsrail də daxil olmaqla bir sıra ölkələrdə qüvvələr yerləşdirdiyi xatırladılır.
Eyni zamanda, İranın bölgədəki təsir imkanları da fərqlidir. Tehranın Hizbullah (Livan), Husi üsyançıları (Yəmən) və İraqdakı şiə proksi qüvvələrlə sıx əlaqələri ABŞ-nin mümkün hərbi əməliyyatlarını daha mürəkkəb edə bilər.
ABŞ-nin keçmiş xüsusi əməliyyatlar üzrə rəsmisi və Pentaqon analitiki Set Cons bildirib ki, Vaşinqtonun bölgədə çoxsaylı hərbi aktivlərə malik olması İslam Respublikasına qarşı daha geniş hədəflərə zərbə endirmək imkanını yaradır.
10:05 03.02.2026
Oxunuş sayı: 503