Sosial şəbəkələr uşaqların psixologiyasını necə sarsıdır?
Rəqəmsallaşmanın sürətləndiyi müasir dövrdə sosial şəbəkələr artıq təkcə ünsiyyət vasitəsi deyil, uşaqların dünyanı qavrama, özünüifadə və sosiallaşma mühitinə çevrilib. Lakin bu prosesin nəzarətsiz və erkən yaşlarda baş verməsi uşaqların psixoloji tarazlığı, emosional inkişafı və sosial davranışları ilə bağlı ciddi narahatlıqlar doğurur. Son illər aparılan araşdırmalar sosial şəbəkələrin azyaşlılar üzərində yaratdığı psixoloji asılılıq, diqqət dağınıqlığı və sosial izolyasiya risklərini daha qabarıq şəkildə üzə çıxarır.
Bu fonda Fransada 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadənin qadağan olunması təşəbbüsü təkcə milli səviyyədə deyil, ümumilikdə Avropa məkanında rəqəmsal təhlükəsizlik və uşaq hüquqları müzakirələrini yenidən gündəmə gətirib. Sözügedən təşəbbüs dövlətin uşaqların psixoloji sağlamlığını qorumaq məqsədilə rəqəmsal platformalara müdaxilə etməsinin bariz nümunəsi kimi qiymətləndirilir.
Bu cür məhdudiyyətlərin tətbiqi uşaqların sosial inkişaf modelinə, ailədaxili ünsiyyətə, təhsil prosesinə və cəmiyyətin gələcək nəsillərlə bağlı dəyərlər sisteminə birbaşa təsir göstərən amillərdən biri hesab olunur. Sosial şəbəkələrdən uzaqlaşma bir tərəfdən uşaqları virtual risklərdən qorumağı hədəfləsə də, digər tərəfdən gənc nəslin rəqəmsal bacarıqlarının formalaşması, informasiya mühitinə adaptasiyası və sosial inteqrasiyası baxımından yeni çağırışlar yarada bilər.
Avropada bu istiqamətdə atılan addımlar artıq regional təcrübə çərçivəsini aşaraq, digər ölkələr üçün də sosial və hüquqi nümunə rolunu oynamağa başlayıb. Xüsusilə gənc əhalinin payı yüksək olan ölkələrdə, o cümlədən Azərbaycanda bu cür təşəbbüslər rəqəmsal təhlükəsizlik, valideyn məsuliyyəti və dövlət nəzarəti arasında balansın necə qurulmalı olduğu məsələsini aktuallaşdırır.
Sosioloq Naib Niftəliyev bu addımın Fransa ictimaiyyətinə yönəlmiş müsbət addımlardan biri olduğunu qeyd edib: "Düşünürəm ki, bu təcrübə kiçik də olsa, öyrənməyə dəyər. Məhdudiyyətdən daha çox qadağalar qoyulmalıdır, yəni məhdudiyyətlərlə yanaşı, müəyyən qadağalar da mövcud olmalıdır. Mütləq şəkildə hər şeyi tam qadağan etmək doğru deyil, amma müəyyən seleksiya, filtrasiya, yəni bir süzgəcdən keçirmə mütləq vacibdir. Praktiki olaraq, 15 yaşına qədər uşaqlar hər hansı yeni imkanlara malik olsalar belə, sosial şəbəkələrin incəliklərini və təhsil mexanizmlərini çox da dərindən bilmirlər və daha tez təsir altına düşə bilirlər. Azərbaycanda bu tip təsirlərin altında hətta intihar faktları da baş verir.

Buna görə də belə proseslərin qarşısını almaq üçün önləyici tədbirlər, eləcə də müəyyən yaş həddinə qədər qoyulan qadağalar vacibdir. Hətta mən düşünürəm ki, 15–18, bəzən isə 15–20 yaş arasında da bəzi məhdudlaşdırıcı qadağalar tətbiq olunmalıdır. Necə ki, bəzi filmlərin, serialların və yaxud müəyyən kritik səhnələri olan verilişlərin izlənməsində yaş məhdudiyyətləri qoyulur.
Buna görə də yaş məhdudiyyətləri, müəyyən davranışların yaş balansına uyğun tənzimlənməsi olduqca vacibdir. Azərbaycan üçün də müxtəlif sosial nümunələr mövcuddur. Belə nümunələrin sayı yüzlərlə, minlərlədir. Bu təsirlər təkcə uşaqlarda deyil, hətta yetkinlik yaşına çatmış, 18 yaşdan yuxarı, şəxslərdə belə müşahidə oluna bilir. Onlar sosial şəbəkələrdə gedən reklamlardan təsirlənirlər. Məsələn, kimsə şübhəli mənbələrdən pul götürür, sonra böyük bir asılılıq vəziyyətinə düşür və depressiya yaşaya bilir. Bunların da öhdəlikləri, çətinlikləri, olur, nəticədə həmin borcları valideynlər ödəməli olurlar. Yəni bu səbəbdən problem kifayət qədər ciddi və böyükdür və həm sosial maarifləndirməyə, həm də sosial müdaxiləyə ehtiyac var. Rəsmi statistika üçün xüsusi araşdırmalar aparılmalıdır, amma bəzi faktlar statistik araşdırma aparılmadan belə konkret tədbir formalarının işlənib hazırlanmasını zəruri edir.
Bu baxımdan, gənc nəsil üzərində məsələ daha həssasdır. Təbii ki, gənclər müəyyən qədər özünənəzarət edə bilirlər və onların hamısının xüsusi nəzarətə ehtiyacı yoxdur. Amma xüsusilə erkən gənclik dövrünü yaşayan, yeniyetməlikdən gəncliyə keçid mərhələsində olan şəxslərin yanılmaları kifayət qədər çox və ciddi olur. Bəzən bu, psixoloji natamamlıq və sosial inkişafın ləngiməsi fonunda özünü göstərir".
Sosioloq hesab edir ki, çox vaxt uşaqların və gənclərin bir qisminin psixoloji və sosial yaş göstəriciləri zəruri adekvat səviyyədə olmur və müəyyən dərəcədə geri qalır: "Natamamlıq kompleksi, qarışıqlıq və daxili gərginlik həm təbii, həm də kənar təsirlər fonunda formalaşır. Sosial şəbəkələr təəssüf ki, bu mürəkkəbliyi daha da dərinləşdirir. Buna görə də düşünürəm ki, sosial şəbəkələrlə bağlı müəyyən qadağalar və məhdudiyyətlər təkcə uşaqlara yox, böyüklərə də aid olunmalıdır. Məsələn, təsir edən, zərərli davranışlarla bağlı müəyyən çərçivələrin tətbiqi vacibdir. Belə davranışlara yol verən şəxslərin sanksiyalaşdırılması, inzibati və hüquqi məsuliyyətə cəlb olunması mütləqdir. Əgər bu ictimai təhlükəli əməl səviyyəsinə çatırsa, həbs kimi tədbirlər də istisna olunmamalıdır. Əməlin dərəcəsindən asılı olaraq, real cəmiyyətdə tətbiq olunan sanksiyalar sosial şəbəkələrdə də eyni təsir gücünə malik olmalıdır. Burada xüsusilə yeniyetmələrə münasibətdə qadağalarla yanaşı, düzgün tənzimləmə, məsuliyyət tədbirləri və maarifləndirici addımlar, həmçinin çəkindirici vasitələr də nəzərdə tutulmalıdır.
Bu təşəbbüs kifayət qədər ciddi və realdır. Azərbaycanda da buna bənzər nümunələr mövcuddur və müəyyən addımlar atılır. Cərimələrin tətbiqi əsasən böyüklərə aiddir və bu düzgündür. Amma yeniyetmələrə münasibətdə düşünürəm ki, cərimə ilə yanaşı başqa preventiv tədbirlər də görülə bilər. Bu istiqamətdə işlər aparılır və nə qədər biz qabaqlayıcı, önləyici tədbirləri gücləndirsək, nəticə bir o qədər effektiv olar".
İnformasiya texnologiyaları mütəxəssisi Elvin Abbasov Fransada 15 yaş limitli qadağa təşəbbüsünün uşaqların sosial media alqoritmlərinin yaratdığı asılılıqdan və kiber-bullinqdən qorumaq üçün rəqəmsal sərhəd çəkmək məqsədi daşıdığını vurğulayıb: "Texnoloji baxımdan bu addım, rəqəmsal şəxsiyyət vəsiqələri və ya biometrik üz tanıma sistemləri kimi ciddi yaş yoxlama mexanizmlərinin tətbiqinə imkan yaratsa da, eyni zamanda fərdi məlumatların gizliyi və VPN vasitəsilə qadağaların asanlıqla aşılması kimi ciddi çətinlikləri də gündəmə gətirir. Alqoritmlərin uşaq psixologiyasına mənfi təsirini azaltmaq üçün dövlətlərin bu cür sərt nəzarət alətlərinə ehtiyacı olsa da, texnologiya şirkətlərinin bu süzgəcləri tam şəffaf və yan keçilməz etməsi hələ də böyük sual altındadır. Azərbaycanda belə bir addımın atılması, gənclərin xaricdən idarə olunan zərərli informasiya axınından və mənəvi aşınmadan qorunması baxımından müsbət nəticələr verə bilər, lakin bu, eyni zamanda uşaqların müasir rəqəmsal dünyadan təcrid olunması və qeyri-qanuni proqramlara marağının artması riskini də daşıyır. Müsbət tərəfi kiber-təhlükəsizlik mühitinin ailə daxilində güclənməsi və psixoloji sağlamlığın qorunması olsa da, mənfi tərəfi texnoloji biliklərin öyrənilməsində yarana biləcək süni maneələrdir".
![]()
Mütəxxəsisin fikrincə, belə bir sistemin ölkəmizdə uğurlu olması üçün sadəcə qadağalara deyil, həm də uşaqlara erkən yaşdan etik kiber-gigiyena vərdişlərinin aşılanması və valideyn nəzarəti üçün texnoloji dəstək proqramlarının genişləndirilməsinə ehtiyac var.
Uşaq və yeniyetmə psixoloqu Aysu Həsənova deyib ki, 15 yaşa qədər uşaq və yeniyetmələrin beyni hələ formalaşma mərhələsindədir. Xüsusilə prefrontal cortex – qərarvermə, impuls nəzarəti və diqqəti tənzimləyən hissəsindədir: "Sosial şəbəkələr isə məhz bu hələ “tam yetişməmiş” sistemə birbaşa toxunur.Əksəriyyət “telefon vaxt aparır” deyir. Amma məsələ vaxt deyil. Məsələ beynin öyrəndiyi davranış modelidir. Sosial şəbəkələr uşağa belə bir psixoloji mesaj verir:

“Diqqətini ver - dərhal reaksiya al - özünü dəyərli hiss et”. Bu mexanizm dopamin əsaslı öyrənmə yaradır. Uşaq real həyatda səbr, proses, gözləmə tələb edən fəaliyyətlərə qarşı dözümsüzləşir. Nəticədə diqqət pozuntusu (attention dysregulation) yaranır :dərsə, oxumağa, bir işə fokuslanmaq çətinləşir.Hamının bilmədiyi əsas nöqtə buradır. Uşaqlarda sosial media narahatlıq yaratmır, narahatlığı normallaşdırır. Müqayisə (kim daha gözəldir, kim daha məşhurdur, kim daha xoşbəxt görünür) uşağın hələ tam formalaşmamış özünüdərkini zədələyir. Uşaq öz dəyərini daxildən yox, kənar təsdiqdən öyrənməyə başlayır. Bu isə səssiz şəkildə özünə inamsızlıq, performans narahatlığı və yetərli deyiləm düşüncəsi yaradır. Asılılıq məsələsinə gəlincə, bu da yanlış başa düşülür. Uşaq telefona yox, orada hiss etdiyi emosional təhlükəsizliyə bağlanır. Sosial şəbəkə onun üçün qaçış yerinə çevrilir. Canı sıxılanda, narahat olanda, tək hiss edəndə beyin artıq avtomatik olaraq ekrana yönəlir.Daha incə bir təsir də var ki, çox az danışılır".
Psixoloqun sözlərinə görə, sosial şəbəkələr uşaqlarda emosional səthilik yaradır: "Duyğular sürətli gəlir və sürətli gedir. Dərin düşünmək, hissi yaşamaq, səbr etmək bacarığı zəifləyir. Bu da gələcəkdə münasibətlərdə yaxınlıq qorxusu və emosional qarışıqlıq kimi ortaya çıxa bilər.Burada əsas məsələ “qadağa” deyil. Qadağa uşağı gizli istifadəyə aparır. Əsas məsələ psixoloji sərhəd və müşayiətdir. Uşaq tək başına bu sistemi tənzimləyə biləcək yaşda deyil.Çünki sosial şəbəkələr uşaqlar üçün hazırlanmayıb.Onlar yetkin beynin zəif nöqtələrinə görə dizayn olunub. Və bəli ,düzgün yönləndirilmədikdə bu platformalar narahatlıq, diqqət pozuntusu, asılılıq və özünə dəyər problemlərinə real zəmin yarada bilər. Amma düzgün müşayiətlə, izahla və balansla yəni zərər yox, şüurlu istifadə öyrədilə bilər. Əsl qorxu telefon deyil.Əsl risk uşağın öz dəyərini ekrandan öyrənməsidir".
Fatimə Məmmədova
13:00 30.01.2026
Oxunuş sayı: 658