Qiyamət Saatı insanlığı tarixdə ən təhlükəli nöqtəyə yaxınlaşdırdı
Uzun illərdir bəşəriyyətin sonunu simvolizə edən ən qorxulu görüntülərdən biri nüvə apokalipsisi hesab olunur. İndi isə Atom Alimləri Bülleteni (Bulletin of the Atomic Scientists) xəbərdarlıq edir ki, insanlığı məhvə yaxınlaşdıran təhlükələrin sayı artıb və bu risklər daha da ciddiləşib. Nəticədə təşkilatın məşhur “Qiyamət Saatı” tarixində heç vaxt olmadığı qədər gecəyə - yəni fəlakət anına - yaxınlaşdırılıb.
Crossmedia.az bu barədə TRT World-a istinadən xəbər verir.
Bülletenin Elm və Təhlükəsizlik Şurasının qənaətinə görə, bəşəriyyət hamını təhdid edən ekzistensial risklərin azaldılması istiqamətində yetərli irəliləyiş əldə etməyib. Bu səbəbdən saat bir qədər də irəli çəkilib.
1947-ci ildə Çikaqoda yerləşən bu qeyri-kommersiya təşkilatı tərəfindən, Soyuq Müharibə dövründə yaradılan Qiyamət Saatı, insanlığın özünü məhv etməyə nə qədər yaxın olduğunu simvolik şəkildə göstərmək məqsədi daşıyırdı. Soyuq Müharibənin sonuna doğru saat gecəyarısına 17 dəqiqə qalmışdı. Lakin illər keçdikcə geri sayım dəqiqələrdən saniyələrə keçdi.
Hazırda Qiyamət Saatı gecəyarısına cəmi 85 saniyə qalıb ki, bu da onun tarixində qeydə alınan ən təhlükəli göstəricidir.
Alimlər ötən il dünyanın fəlakətə son dərəcə yaxın olduğunu və ölkələrin beynəlxalq əməkdaşlıq yolunu seçməli olduqlarını vurğulamışdı. Ancaq onların sözlərinə görə, əks proses baş verib: aparıcı dövlətlər daha aqressiv, qarşıdurmaya meyilli və millətçi mövqe sərgiləməyə başlayıblar.
Son dörd ildə üçüncü dəfədir ki, alimlər saatı gecəyarısına yaxınlaşdırırlar. Bir il əvvəl bu göstərici 89 saniyə idi. Rusiya, Çin və ABŞ kimi nüvə güclərinin aqressiv davranışları, Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələr vəziyyəti daha da gərginləşdirir. Bu tendensiyanın 2026-cı il boyunca da davam edəcəyi bildirilir. İsrailin Qəzzaya hücumları və Rusiyanın hərbi əməliyyatları əsas risk faktorları sırasındadır.
Alimlər həmçinin ABŞ prezidenti Donald Trampın Venesuela ilə bağlı addımlarını, İrana və Avropaya, xüsusilə Qrenlandiya ilə bağlı səsləndirdiyi təhdidləri də təhlükəni artıran amillər kimi qiymətləndirirlər. 2025-ci ildə nüvə silahına malik dövlətlərin iştirak etdiyi bir sıra hərbi əməliyyatlar həyata keçirilib. ABŞ və Rusiya arasında nüvə silahları ehtiyatlarını məhdudlaşdıran son müqavilə isə gələn həftə qüvvədən düşür.
Bu, yarım əsrdən artıq müddətdən sonra ilk dəfə olaraq nüvə silahlanma yarışının qarşısını alan heç bir mexanizmin qalmaması deməkdir. Bundan əlavə, alimlər süni intellekt və biotexnologiyaların nəzarətsiz inkişafından, eləcə də iqlim dəyişikliyinin getdikcə ağırlaşmasından ciddi narahatlıq ifadə edirlər.
Bütün bu qaranlıq mənzərəyə baxmayaraq, alimlər ümidlərini itirmədiklərini bildirirlər. Onların sözlərinə görə, mövcud problemlər insanlıq tərəfindən yaradılıb və buna görə də həll yolu da insanların əlindədir. Bu problemlərin birdən-birə yox, mərhələli şəkildə həll edilə biləcəyi vurğulanır.
“Bu problemlərin heç biri həllolunmaz deyil,” – deyə alimlər qeyd edir. Onlar hesab edirlər ki, beynəlxalq birlik və ortaq iradə sayəsində vaxtı geri çevirmək hələ də mümkündür.
Sevinc Yarməmmədova
04:30 29.01.2026
Oxunuş sayı: 728