AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) üzvləri, bölmənin elmi müəssisələrinin direktorları, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, elmi şöbə və laboratoriyaların rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə Bölmənin əhatə etdiyi elmi müəssisələrdə süni intellektin tətbiqi əsasında həyata keçirilən innovativ layihələri, 2025-ci il üzrə əldə edilən nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.
İclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. O, 2025-ci il üzrə əldə olunan nailiyyətləri əks etdirən sərginin FRTEB-in həyata keçirdiyi əhəmiyyətli layihələr, elmi tədqiqat işləri və əldə olunan mühüm elmi nəticələr barədə dolğun və aydın təsəvvür yaratdığını, Bölmədə fəaliyyət göstərən alim və mütəxəssislərin ölkə elminin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.
AMEA rəhbəri Bölmənin ötən il üzrə fəaliyyəti ilə bağlı mühüm məqamlardan birinin Springer və digər nüfuzlu beynəlxalq bazalarda nəşr olunan kitab və məqalələrin sayının artması olduğunu söyləyib, bu istiqamətdə əldə olunan uğurların beynəlxalq elmi mühitə inteqrasiya baxımından böyük önəm daşıdığını qeyd edib. O, həmçinin Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Azərbaycan Astronomiya Jurnalı”nın Scopus elmmetrik bazasına daxil olmasını bütövlükdə Bölmənin mühüm nailiyyəti kimi qiymətləndirib.
“2025-ci ildə fundamental və tətbiq xarakterli tədqiqatların əksəriyyəti Qarabağ bölgəsində aparılan bərpa və inkişaf prosesləri ilə bağlıdır”, – deyən akademik İsa Həbibbəyli bu istiqamətdə həyata keçirilmiş işlərin və innovativ layihələrin regionun dayanıqlı inkişafına, infrastrukturun bərpasına və sosial-iqtisadi proseslərin elmi əsaslarla qurulmasına xidmət etdiyini vurğulayıb.
Bölmə üzrə gənc tədqiqatçıların fəaliyyətini xüsusi qeyd edən akademik İsa Həbibbəyli gənc alimlərin elmi prosesə fəal cəlb olunmasını müsbət hal kimi dəyərləndirib. Bölmədə həyata keçirilən gənclər siyasətinin məqsədyönlü və sistemli xarakter daşıdığını, yüksəkixtisaslı peşəkar kadrların yetişdirilməsi və onların dünya elminə inteqrasiyası istiqamətində mühüm nəticələrin əldə edildiyini vurğulayıb.
Daha sonra AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev FRTEB-in 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsini təqdim edib. O, AMEA-nın 80 illik yubiley tədbirində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqində Akademiyanın qarşısında mühüm strateji vəzifələr müəyyənləşdirdiyini xatırladaraq, Rəyasət Heyətinin iclasında həmin çıxışdan irəli gələn tapşırıqlar, eləcə də 2026-cı il üçün Bölmə üzrə müəyyənləşdirilən elmi prioritetlər ətrafında müzakirələrin aparılacağını diqqətə çatdırıb.
Müasir reallıqlar kontekstində Azərbaycan elmində həyata keçirilən islahatlardan söz açan akademik Rasim Əliquliyev qeyd edib ki, bu proses ölkə üzrə elmi fəaliyyətin daha səmərəli təşkili, optimallaşdırılması, stimullaşdırma mexanizmlərinin genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin ölkəyə transferi məsələlərini əhatə edir.
Onun sözlərinə görə, hesabat ilində FRTEB-in elmi istiqamətləri üzrə tədqiqatlar bir tərəfdən ölkənin milli maraqlarından irəli gələn, digər tərəfdən isə müasir dünyanın tələb və çağırışlarına müvafiq olan məsələləri əhatə edib. Bölmənin əhatə etdiyi müəssisələrin elmi tədqiqat planlarında həm fundamental, həm də tətbiqi tədqiqatlar yer alıb və bir sıra mühüm elmi nəticələr əldə olunub.
Akademik Rasim Əliquliyev bildirib ki, 2025-ci ildə FRTEB-in ölkə üzrə əhatə etdiyi elmi müəssisələrdə 7 elmi istiqamət üzrə 33 problemə aid 101 mövzuya dair 259 tədqiqat işi, 89 mərhələ aparılmış, 34 mövzu, 173 iş, 89 mərhələ tamamlanıb. Bu tədqiqatların nəticələrinin 104-ü Bölmə tərəfindən müzakirə edilərək mühüm nəticə kimi dəyərləndirilib.
Vitse-prezident FRTEB-in elmi-təşkilati fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının, AMEA-nın 20 fevral 2025-ci il tarixli Ümumi yığıncağının, AMEA Rəyasət Heyətinin qərarlarının, AMEA prezidentinin sərəncamlarının, FRTEB qarşısında duran vəzifə və tapşırıqların icrasına xüsusi diqqət yetirildiyini, bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirildiyini söyləyib.
O, ötən il ərzində qəbul edilmiş mühüm qərarlar və görülmüş işləri diqqətə çatdıraraq vurğulayıb ki, 2025-ci ildə akademik Fəraməz Maqsudovun 95, akademik İsmayıl İbrahimovun 110, akademik Firudin Haşımzadənin 90, akademik Telman Əliyevin 90, akademik Yusif Məmmədovun 75, AMEA-nın müxbir üzvü Kamil Ayda-Zadənin 75, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun 70, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin 75, AMEA-nın müxbir üzvü Rauf Hüseynovun 85, AMEA-nın müxbir üzvü Rüfət Mir-Qasımovun 85 illik yubileylərinin keçirilməsi haqqında AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərarlar qəbul edilib. Hesabat ilində AMEA-nın 80 illik yubileyinə hazırlıq tədbirləri çərçivəsində FRTEB-nin elmi istiqamətlərinə, xüsusilə də, rəqəmsal transformasiyalar, süni intellektin tətbiqi ilə bağlı tövsiyələr hazırlanaq AMEA Rəyasət Heyətinə təqdim edilib, AMEA-80 kitabları seriyasından “Akademik Mahmud Kərimov elmi yaddaşda və xatərələrdə” kitabı hazırlanaraq nəşr olunub. Bundan başqa, hesabat ilində FRTEB-in Elmi şurasında SOCAR-ın Elm Fondunun qrant müsabiqəsində qalib olmuş fizika, riyaziyyat və texnika elmləri üzrə layihələrin 2025-ci il üzrə icrasına dair hesabatları dinlənilib, aparılan tədqiqatların nəticələri təhlil olunub. Dövlət qurumlarının sorğuları əsasında elmi ekspertiza xidmətləri göstərilib, İKT sahəsinə aid olan müxtəlif strategiya, proqram, saziş, müqavilə və s. rəsmi sənəd layihələrinə ekspert rəyləri verilib.
Akademik Rasim Əliquliyev əlavə edib ki, hesabat ilində E-Azərbaycanın bir seqmenti olan e-elmin formalaşdırılması və inkişafı istiqamətində işlər davam etdirilib, İndustry 4.0-ın platformasında kritik infrastrukturların kiber dayanıqlığının təmin olunması üçün intellektual texnologiyaların işlənməsi istiqamətində araşdırmalar aparılıb, science 4.0 platformasında süni intellektin tətbiqi məsələləri tədqiq olunub və perspektiv təkliflərin reallaşdırılması üçün tövsiyələr verilib. Eyni zamanda, IV Sənaye İnqilabının çağırışlarının həyata keçirilməsi, Süni intellekt, Big Data texnologiyalarının və kiberfiziki sistemlərin elmi-nəzəri problemlərinin araşdırılması və geniş tətbiqinə xüsusi diqqət yetirilib.
O, Bölmənin elmi istiqamətləri üzrə dövri elmi jurnalların nəşrinin diqqət mərkəzində olduğunu söyləyib. Qeyd edib ki, elmi jurnalların nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunub və bu istiqamətdə fəaliyyət davam etdirilməkdədir. Eyni zamanda, 2025-ci il ərzində FRTEB-in əhatə etdiyi elmi müəssisələrdə nəşr olunan elmi jurnallarda ümumilikdə 551 məqaləyə DOİ verilib.
Vitse-prezident Bölmənin əhatə etdiyi elmi müəssisələrin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Dövlət Proqramları, strategiya, yol xəritələri, fəaliyyət planları və s.-nin həyata keçirilməsində fəal iştirak etdiyini bildirib. Həmçinin hesabat ili ərzində FRTEB-in əhatə etdiyi elmi müəssisələr tərəfindən işğaldan azad olunmuş ərazilərə dair bir sıra istiqamətlərdə tədqiqatların davam etdirildiyini və mühüm nəticələrin əldə olunduğunu vurğulayıb.
Elm və təhsilin inteqrasiyasından da bəhs edən akademik Rasim Əliquliyev FRTEB müəssisələrinin 200-dən çox aliminin müxtəlif ali təhsil ocaqlarında ixtisas fənlərindən mühazirələr apardığını, magistr dissertasiyası işlərinə rəhbərlik etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, həmçinin Bölmə institutlarında çalışan alimlər bir sıra universitetlərdə Dövlət imtahan komissiyalarına sədrlik ediblər. Bir sıra əməkdaşlar Dövlət İmtahan Mərkəzinin eksperti qismində testlərin hazırlanmasında, qəbul imtahanlarında, müxtəlif tədbirlərdə yaxından iştirak ediblər. Bundan başqa, Bölmənin elmi istiqamətləri üzrə çalışan alim və mütəxəssisləri tərəfindən magistrlər, doktorant və dissertantlar, elmi işçilər və mühəndislər üçün nəzərdə tutulmuş dərsliklər və dərs vəsaitləri çap olunub.
Akademik Rasim Əliquliyev elm və istehsalat arasında əlaqələrin gücləndirilməsi, patent fəaliyyəti, elmi tədqiqatların nəticələrinin tətbiqi məsələsinə də toxunaraq bildirib ki, 2025-ci ildə 23 elmi tədqiqat işinin nəticəsinin tətbiqi üzrə plana müvafiq tədbirlər icra olunub. Bölmənin əhatə etdiyi elmi müəssisələr patent almaq üçün 19 iddia sənədi verib, 7-si respublikada, 4-ü xarici ölkələrdə olmaqla 12 patent alıblar.
O, elmi müəssisələrin aktivliyini və məhsuldarlığını qiymətləndirmək üçün elmi müəssisələrdə əldə olunmuş nəticələrin reytinqini elmmetrik göstəricilər əsasında təqdim edib. 2025-ci ildə FRTEB üzrə elmi müəssisələrin elmi kadr potensialının Scopus və WoS bazalarında dərc olunmuş məqalələrinin sayı və orta məhsuldarlıq göstəricilərini diqqətə çatdırıb.
Vitse-prezident Bölmənin alim və mütəxəssislərinin mühüm elmi nailiyyətlərinin beynəlxalq aləmdə də yüksək qiymətləndirildiyini deyərək, FRTEB elmi müəssisələrinin 6 aliminin adının ABŞ-ın Stenford Universitetinin ən nüfuzlu reytinq siyahısına daxil edildiyini vurğulayıb. Qeyd edib ki, bu reytinq siyahısı iki mühüm göstərici – məqalə və istinadların sayı əsasında hazırlanır. İlkin mərhələdə ən azı 5 məqaləsi Elsevier nəşriyyatının Scopus bazasında indeksləşən alimlər seçilir.
Alim, həmçinin respublikanın elm və ali təhsil müəssisələrində FRTEB-in elmi istiqamətləri üzrə 2025-ci ildə aparılmış tədqiqatların mühüm nəticələrini qeyd edib. O, Bölmə əməkdaşlarının GOOGLE SCHOLAR elmmetrik bazasında fəaliyyətinin statistik göstəriciləri, kadr potensialı, nəşr olunmuş mühüm elmi nəticələr, qrant layihələri, elmin populyarlaşdırılması istiqamətində görülən işlər və s. barədə məlumat verib.
Çıxışının sonunda akademik Rasim Əliquliyev FRTEB-in fəaliyyətinin daha səmərəli təşkilinə dair bir sıra təklif irəli sürüb.
Daha sonra hesabat üzrə müzakirələr aparılıb. Akademiklər Arif Həşimov, Əli Abbasov, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Namiq Cəlilov, İslam Mustafayev və texnika elmləri doktoru Elxan Səbziyev çıxış edərək fikirlərini bildirib, hesabatları qənaətbəxş qiymətləndiriblər.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.
FRTEB-in iclasında ilk dəfə olaraq qərar layihəsi süni intellekt vasitəsilə səsləndirilib.
Sonda çıxış edən akademik İsa Həbibbəyli ötən ilin noyabr ayında AMEA-nın 80 illik yubiley tədbirində Prezident İlham Əliyevin Azərbaycan elminin qarşısına qoyduğu yeni hədəf və prioritetlərə toxunub, dövlət başçısının səsləndirdiyi çağırışlar və irəli sürdüyü ideyaların Azərbaycan elminin yeni mərhələdə inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyev həm AMEA-nın yubiley tədbirindəki proqram xarakterli çıxışında, həm də yerli televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycan dilinin inkişafı, kibertəhlükəsizlik, rəqəmsallaşma və süni intellekt kimi strateji istiqamətlər üzrə tədqiqatların genişləndirilməsinin vacibliyini xüsusi olaraq diqqətə çatdırıb. AMEA rəhbəri bu çağırışların elmi ictimaiyyət qarşısında məsuliyyəti daha da artırdığını deyərək, alimləri birgə fəaliyyət göstərməyə, ölkə elminin tərəqqisi naminə səylərini birləşdirməyə çağırıb.
O, alim və mütəxəssisləri, elmi təşkilat rəhbərlərini Azərbaycan elminin gələcəyi olan gənc alimlərə, doktorant və dissertantlara hərtərəfli dəstək verməyə, onların elmi inkişafına diqqət və qayğı ilə yanaşmağa səsləyib.
FRTEB üzrə əldə olunan elmi nailiyyətlərin Azərbaycan elminin gələcək inkişafı üçün möhkəm zəmin yaratdığını söyləyən akademik İsa Həbibbəyli, bu istiqamətdə müsbət dinamikanın sonrakı illərdə də davam edəcəyinə əminliyini ifadə edib.
AMEA rəhbəri bildirib ki, ümumilikdə Bölmənin fəaliyyəti 2024-cü illə müqayisədə daha da inkişaf etmiş, impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayında artım müşahidə edilmişdir. Bu tendensiya isə, müasir dövrdə dünya elminə inteqrasiyanın əsas göstəricilərindən biridir.
10:40 27.01.2026
Oxunuş sayı: 369