Panik atakdan ürək tutmasına: Stressin görünməyən təsirləri
Stress insanın sakit düşmənidir. O, bəzən gözə görünmədən insan həyatına təsir edir, bədənin və psixikanın işini pozur, sağlamlıq problemlərinə yol açır. Stress həm psixoloji, həm də fizioloji dəyişikliklər yaradır, ürək-damar sisteminə mənfi təsir göstərir və hətta ölümlə nəticələnə bilər.
Uzun müddət yığılan və davamlı stress ürəkdə problem yaradaraq insan sağlamlığını təhlükəyə atır. Bu, yalnız bir fərdi məsələ deyil – müasir həyatın sürətli tempi, iş yükü, sosial və şəxsi gərginliklər insanın üzərində davamlı təzyiq yaradır. İnsanlar çox vaxt stressi gözardı edir, amma bədən buna fərqində olmadan reaksiya verir: qan təzyiqi yüksəlir, ürək döyüntüsü sürətlənir, nəfəs alma ritmi pozulur və əzələlər gərginləşir.
Ötən gün metroda qəfil ürək tutmasından dünyasını dəyişən bir kişi də bunun acı nümunəsidir. Belə hadisələr göstərir ki, stress yalnız psixoloji gərginlik deyil, həm də real həyat təhlükəsidir. Uzun müddət davam edən və yığılan stress insan orqanizmini yorur, immun sistemini zəiflədir və ürək xəstəliklərinin ortaya çıxma riskini artırır.
Bu baxımdan stress, bəzən səssiz və görünməyən bir düşmən kimi hər an həyatımıza təsir edə bilir və onu yüngül görmək mümkün deyil.
Bu barədə Crossmedia.az-a danışan ADAU-nun müəllimi, psixoloq Turanə Əsədova qeyd edib ki, stress bədənin fizioloji və psixoloji hazırlıq mexanizmidir:

“Yəni bədən və beyin psixi və fiziki olaraq keçirdiyi travmaları ilk növbədə SOS siqnalı kimi ötürür ki, orqanizm təhlükəyə hazır olsun. Qəfil yaşanan stress və həyəcan şok vəziyyətinə keçərsə, bu, insan üçün təhlükə mənbəyinə çevrilə bilər. Çünki ani stress zamanı həyati risk daha yüksək olur. Burada stressin dərəcəsi əsas rol oynayır və ümumi qiymətləndirmə buna uyğun aparılır.
Psixoloji müdafiə mexanizmi formalaşdıqda isə stress zamanı beyində qoruyucu baryer yaranır və insanı müəyyən mənada müdafiə edir. Orqanizm “döyüş və ya qaç” reaksiyasına keçir. Necə ki, ilan və ya iti gördükdə ani qorxu hiss edib uzaqlaşmağa çalışırıq, stress zamanı da bədən eyni şəkildə özünü müdafiəyə hazırlayır.Bu zaman kortizol hormonu kəskin artır, ürək döyüntüsü sürətlənir, nəfəsalma intensivləşir, qan təzyiqi yüksəlir. Əzələlər gərginləşir və insan özünü sıxılmış hiss edir. Bunların hamısı ani stress vəziyyətinin nəticəsidir".
Psixoloq, həmçinin bildirib ki, son zamanlarda panik atak halları daha çox müşahidə olunur. Belə ki, insan durduğu yerdə özündən gedir, bayılmalar baş verir:
" Bu hallar keçmişdə yaşanmış stress, gərginlik və şokların insan həyatında buraxdığı izlərin nəticəsidir. İnsanlar bəzən yaşadıqları travmaları tam qəbul etmədikləri və yerini başqa duyğularla doldurduqları üçün stressi ötürdüklərini düşünürlər. Halbuki bu, sadəcə duyğusal əvəzləmədir və nəticədə anksiyete, panik atak, bayılmalar ortaya çıxır.
Bəzən metroda, avtobusda və ya digər ictimai nəqliyyatda olarkən qəfil ürək döyüntüsü, nəfəs darlığı yaranır. Bunlar təhlükənin ilkin əlamətləridir. Daha ağır hallarda isə bu vəziyyətlər ciddi xəstəliklərə qədər inkişaf edə bilər. Stress xüsusilə sinir sistemi zəif olan, narahatlıq yaşayan insanlarda daha kəskin şəkildə özünü göstərir. Belə hallarda insanlar tez-tez necə rahatlaşa biləcəklərini düşünürlər. Əgər insan özünü olduğu mühitdə təhlükəsiz və rahat hiss etmirsə, dərhal ətrafına diqqət yetirməlidir. Məsələn, eyni hərflə başlayan əşyaları tapmaq diqqətin yayındırılmasına kömək edir.
Bundan əlavə, 4–6 saniyəlik dərin nəfəs texnikası xüsusilə effektivdir. Dərindən nəfəs almaq insanı qısa müddətdə sakitləşdirir. Gözlər açıq və ya bağlı ola bilər. Qadın və kişi fərqi olmadan hər kəs alkoqoldan uzaq durmalıdır. Çünki bu cür hallar ən ağır formada insultlara, yüksək qan təzyiqinə və digər ciddi fəsadlara səbəb ola bilər. Sağlam insanlarda ani stress ölüm riski baxımından yüksək olmasa da, bu risk sıfır deyil. Sinir sistemi pozulmuş insanlarda isə bu hallar huşun itməsi, nəfəs darlığı və nitq pozuntusuna qədər gedib çıxa bilər”.
Fatimə Məmmədova
11:00 23.01.2026
Oxunuş sayı: 1576