WUF-13 - şəhərin nəqliyyat infrastrukturu tədbirə nə dərəcədə hazırdır?
Müasir dövrdə iri şəhərlərin inkişaf dinamikası yalnız iqtisadi göstəricilərlə deyil, həm də onların beynəlxalq tədbirlərə ev sahibliyi etmək qabiliyyəti ilə ölçülür.
Bu cür tədbirlər şəhərin qlobal imicini formalaşdırmaqla yanaşı, infrastrukturun təkmilləşdirilməsi, turizmin inkişafı və ölkənin tanıtımı baxımından mühüm rol oynayır.
Lakin belə tədbirlərin təşkili müəyyən müvəqqəti çətinliklər, xüsusilə nəqliyyat və gündəlik həyat ritmində dəyişikliklərlə müşayiət olunur.
Digər tərəfdən, cəmiyyətin bu proseslərə yanaşması da xüsusi əhəmiyyət kəsb edir. Vətəndaşların anlayışlı və məsuliyyətli mövqe sərgiləməsi, mövcud şəraitə uyğunlaşması və alternativ həll yollarından istifadə etməsi ümumi rahatlığın təmin olunmasına töhfə verir.
Bu baxımdan, həm təşkilati tədbirlər, həm də ictimai davranış modeli paralel şəkildə inkişaf etməlidir ki, belə mühüm hadisələr maksimum səmərə ilə həyata keçirilə bilsin.
Qeyd edək ki, qarşıdan ölkəmizdə keçiriləcək WUF-13 tədbiri ilə bağlı görülən işlərlə bağlı məqamıda qeyd edə bilərik ki, görülən işlər insanların rahatlığı və tədbirin operativ problemsiz olmağına hesablanıb.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Aslan Əsədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Hazırda bu məsələ ilə bağlı çox ciddi müzakirələr aparılır. Kütləvi informasiya vasitələrinin bütün platformalarında — televiziya, radio, saytlar, qəzet və jurnallarda WUF-13 adlı tədbir və şəhərdə həyata keçirilən urbanizasiya tədbirləri ilə bağlı geniş məlumatlar yayımlanır.
Qeyd etmək lazımdır ki, bu, Bakı üçün ilk belə tədbir deyil. Şəhərimiz artıq 2005-ci ildən etibarən bir çox iri və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib.
Bunlara Avroviziya 2012, İslam Həmrəylik Oyunları 2017, COP29 və Formula 1 Azerbaijan Grand Prisi kimi nüfuzlu tədbirlər daxildir. Bu tədbirlər zamanı yolların bağlanması, nəqliyyatın hərəkətində məhdudiyyətlərin tətbiqi və ictimaiyyətə müvafiq məlumatların verilməsi artıq formalaşmış təcrübədir.
Əgər bu ilk təcrübə olsaydı, müəyyən çətinlikləri öyrənmə prosesi kimi qiymətləndirmək mümkün olardı. Lakin uzun illərdir eyni küçələr, eyni yollar və oxşar marşrutlar üzrə təşkil olunan tədbirlər fonunda ciddi dəyişikliklərin olmaması diqqət çəkir. Yeni alternativ küçə və ya prospektlərin əlavə olunmaması məsələnin aktuallığını artırır.
Bununla yanaşı, hər dəfə ictimai nəqliyyatdan istifadənin vacibliyi xüsusi vurğulanır. Bəzi hallarda tədbir iştirakçılarının rahat hərəkəti üçün ödənişsiz avtobus marşrutları da təşkil edilir.
Bu baxımdan, vətəndaşlar olaraq biz də şəhərin inkişafı, beynəlxalq imicinin gücləndirilməsi naminə müəyyən narahatlıqları anlayışla qarşılamalıyıq.
Cəmiyyət olaraq həm beynəlxalq tədbirlərə ev sahibliyi etmək, tanınmaq və inkişaf etmək istəyirik, həm də gündəlik nəqliyyat problemlərinin minimum səviyyədə olmasını arzulayırıq. Bu iki məqsəd arasında balans tapmaq vacibdir. Bu isə səbirli, təmkinli və dözümlü yanaşma tələb edir.
Mövcud şəraitdə alternativ yolların düzgün seçilməsi, ictimai nəqliyyatdan — xüsusilə metro və avtobus marşrutlarından — daha geniş istifadə edilməsi məqsədəuyğundur.
Hətta bəzi hallarda iş qrafikinin uyğunlaşdırılması və ya qısa müddətli məzuniyyət götürmək də çıxış yollarından biri kimi dəyərləndirilə bilər.
Məsələnin həlli yalnız yeni yolların çəkilməsi ilə məhdudlaşmır. Dünyanın müxtəlif ölkələrində də oxşar vəziyyətlərdə alternativ həllər tətbiq olunur. Lakin bu alternativlərin effektivliyi və praktik nəticələri hər zaman eyni olmur.
Əgər alternativ marşrutlar da tıxac yaradırsa, bu zaman ictimai etimad azalır. Buna görə də, ən real və effektiv çıxış yolu kimi ictimai nəqliyyatdan istifadə ön plana çıxır.
Nəticə etibarilə, yaranan çətinliklər müvəqqəti xarakter daşıyır və zamanla aradan qalxacaq. Bu müddətdə isə vətəndaşlardan anlayış, səbir və əməkdaşlıq tələb olunur".
Elmir Heydərli
13:20 04.05.2026
Oxunuş sayı: 78