Süni İntellekt insan beynini əvəz edə bilməz: Mütəxxəsislər açıqladı
Son illər süni intellekt (AI) insanların gündəlik həyatında əvəzolunmaz köməkçi roluna çevrilib. O, çətin qərarların verilməsində, məlumatın sürətli emalında və gündəlik işlərin asanlaşdırılmasında “əsas əl uzadacaq vasitə” kimi görünür. Lakin bu rahatlığın arxasında bir narahatlıq da var: insanlar artıq öz beyinlərini tam işlətmədən süni intellektin dəstəyinə arxalanmağa başlayırlar. Nəticədə düşüncə qabiliyyəti zəifləyir, fərdi problem həll etmə bacarığı azalır.
Buna görə də son zamanlar cəmiyyətdə bir fikir dolaşır ki, ChatGPT və digər süni intellekt sistemləri gələcəkdə insan beyninə birbaşa inteqrasiya oluna bilər. Mütəxəssislər isə bu iddiaları həm elmi, həm də texnoloji baxımdan hələ ki reallıqdan uzaq sayırlar.
Bununla bağlı mütəxəssislər Crossmedia.az-a açıqlama verib.
Süni İntellekt üzrə mütəxxəssis Ümid Salayın sözlərinə görə, hazırda süni intellekt modellərinin, o cümlədən ChatGPT kimi sistemlərin insan beyni ilə birbaşa inteqrasiyası real tətbiq mərhələsində deyil:

" Bu istiqamətdə aparılan işlər əsasən neyrotexnologiya və beyin–kompüter interfeysləri (BCI) sahəsindədir. Bu texnologiyalar beynin elektrik siqnallarını oxumaq və onları kompüter əmrlərinə çevirmək üzərində fokuslanır. Yəni mövcud mərhələdə AI birbaşa “beynin içinə qoşulan” sistem deyil, daha çox beyindən gələn məhdud siqnalları şərh edən vasitədir. Genişmiqyaslı, təhlükəsiz və gündəlik istifadə edilə bilən real tətbiqlərin ortaya çıxması üçün hələ illər, bəlkə də onilliklər lazımdır.
İkinci vacib məsələ AI-nin insan düşüncələrini idarə edib-etməməsidir".
Mütəxəssis bildirib ki, mövcud və yaxın perspektivdə bu texnologiyanın insanın düşüncələrini idarə etməsi də real görünmür:
"Daha doğru yanaşma budur ki, AI bu cür inteqrasiyada dəstəkçi və gücləndirici rol oynaya bilər.
Yəni məlumatın daha sürətli emalı, yaddaşın dəstəklənməsi, diqqətin yönləndirilməsi və qərarvermə prosesində alternativlərin göstərilməsi kimi funksiyalar mümkündür. Düşüncənin özü, iradə və qərar yenə də insana məxsus qalır. AI burada beynin yerinə düşünən yox, düşünən beyinə kömək edən sistem kimi çıxış edir.
Gələcək istifadə sahələrinə baxsaq, ən real və faydalı tətbiqlər tibb sahəsində gözlənilir.
Məsələn, iflic keçirmiş insanların yenidən ünsiyyət qurması, protezlərin beyin siqnalları ilə idarə olunması, yaddaş və ya diqqət pozuntularının kompensasiya edilməsi kimi sahələrdə beyin–kompüter interfeysləri AI ilə birlikdə ciddi irəliləyiş yarada bilər.
Təhsil sahəsində bu texnologiyalar bilik əldə etmə prosesini sürətləndirə bilər, amma bu, daha çox fərdiləşdirilmiş öyrənmə və diqqət dəstəyi səviyyəsində olacaq. Yəni birbaşa “beyinə bilik yükləmək” kimi ssenarilər hələlik elmi-fantastika səviyyəsindədir".
Ü.Salay , həmçinin, gündəlik həyatda yaxın gələcəkdə daha çox dolayı inteqrasiyaların görüləcəyini vurğulayıb:
"Beyin siqnallarına reaksiya verən cihazlar, diqqət və stress səviyyəsini ölçən ağıllı sistemlər,
sağlamlıq monitorinqi kimi tətbiqlər. Bunlar insanın düşüncəsini idarə etmək üçün yox, onun fiziki və zehni vəziyyətini daha yaxşı anlamaq üçün istifadə olunacaq.
Nəticə olaraq demək olar ki, insan beyni ilə süni intellektin birbaşa inteqrasiyası ideyası mövcuddur, amma hazırda bu daha çox elmi araşdırma və eksperimental mərhələdir.
Yaxın perspektivdə AI-nin rolu insanı əvəz etmək və ya idarə etmək deyil, onun imkanlarını genişləndirmək və müəyyən sahələrdə həyat keyfiyyətini artırmaq olacaq. Bu texnologiyanın real təsiri isə yalnız texniki inkişafdan yox, eyni zamanda etik, tibbi və sosial yanaşmalardan asılı olacaq".
Nevroloq Qalib Əsədov isə hesab edir ki, süni intellektin gələcəkdə insan beynini tam əvəz edə bilməsi inandırıcı deyil:

“İnsan beyni 1 saniyədə 38 min trilyon əməliyyatı yerinə yetirir. Dünyanın ən sürətli superkomputeri BlueGene isə bunun yalnız 0,002 %-ni bacarır. Yəni, hələ ki, belə bir süni intellekt yaratmaq qeyri-mümkündür. Konkret sahələrdə, məsələn sürücülük və ya həkimlikdə süni intellektlər bizə əlbəttə ki, kömək edə bilər və əməyimizi yüngülləşdirə bilər.Amma insan beyni çox mürəkkəb sistemdir. O, eyni anda bir neçə funksiyanı idarə edir: ürək döyüntümüzə nəzarət edir, qandakı oksigenin səviyyəsini izləyir və buna uyğun tənəffüsümüzü tənzimləyir. Həmçinin qandakı duzların miqdarını yoxlayır və böyrəklərin fəaliyyətini buna uyğun idarə edir. Mədə-bağırsaq sistemimizi də idarə edən beyin, eyni zamanda beş duyğu orqanı vasitəsilə ətrafdan gələn bütün məlumatları qəbul edib təhlil edir”.
Nəticə olaraq, Qalib Əsədov yaxın gələcəkdə insan beyninin funksiyalarını süni intellektlə tam əvəz etməyin mümkün olmayacağını vurğulayıb.
Fatimə Məmmədova
13:05 18.01.2026
Oxunuş sayı: 1706