Qalibaf: Müharibə dayandırılmalıdır
İran parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf Livan parlamentinin spikeri Nəbih Berri ilə telefon danışığında regionda hərbi əməliyyatların tamamilə dayandırılmasının vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Qalibaf bildirib ki, müharibə Livan da daxil olmaqla bütün cəbhələrdə başa çatmalıdır. O, həmçinin İsrail qoşunlarının Livanın cənub bölgələrindən tamamilə çıxmasının vacib olduğunu qeyd edib.
Bəyanat İsrailin Baş naziri Benyamin Netanyahunun ölkənin cənubunda hərbi mövcudluğunu qoruyub saxlamaq niyyəti ilə bağlı son açıqlamalarından sonra səsləndirilib.
Telefon danışığı zamanı Nəbih Berri sülh danışıqlarının irəlilədilməsi, Livanda atəşkəsin əldə olunması və münaqişənin başa çatdırılması istiqamətində göstərdiyi səylərə görə Qalibafa təşəkkür edib.
06:15 17.06.2026
Oxunuş sayı: 47