Qrenlandiya təşəbbüsü ABŞ cəmiyyətində fikir ayrılığı yaradıb
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı əldə etməklə bağlı səsləndirdiyi təşəbbüs həm ABŞ daxilində, həm də beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub. Bu məsələ Amerika cəmiyyətində ciddi fikir ayrılıqları yaradıb, xüsusilə də siyasi baxışlara görə fərqli mövqelərin formalaşdığını üzə çıxarıb. “Reuters” və “Ipsos”un keçirdiyi sorğunun nəticələri göstərir ki, amerikalıların böyük əksəriyyəti Qrenlandiyanın alınmasına və xüsusən də bu məqsədlə hərbi gücdən istifadəyə mənfi yanaşır. Sözügedən sorğu ABŞ-da ictimai rəyin bu mövzuya münasibətini və siyasi partiyalar arasında mövcud fərqləri aydın şəkildə əks etdirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında "Ədalət" partiyasının sədri Mütəllim Rəhimli bildirib ki, güclü dövlətlərin digər ölkələrin ərazilərini işğal etmək cəhdləri təqdir olunacaq bir hadisə deyil:
“Bu, dünyada çox böyük fəlakətlərə gətirib çıxara bilər. ABŞ-nin Venesuelaya hücum etməsi və prezident Nikolas Maduronu həbs edərək Amerikaya aparması olduqca pis bir presedent yaradıb. Bundan sonra digər ölkələr də bundan ruhlanaraq başqalarına hücum edə bilərlər”.

Mütəllim Rəhimli qeyd edib ki, indiki halda Donald Trampın Qrenlandiyanı ələ keçirmək cəhdləri dünya düzənində çox böyük dəyişikliklərə gətirib çıxara bilər:
“Artıq Danimarka ilə ABŞ arasında gərginlik də yaranıb. İki ölkə arasında informasiya müharibəsi artıq başlayıb. Amerikalıların bu məsələyə münasibəti dəyişkəndir. Əhalinin 17 faizinin Trampın Qrenlandiyanı işğal etmək istəyini dəstəkləməsi o demək deyil ki, bu rəy stabil qalacaq”.
Onun sözlərinə görə, amerikalılar uzun illərdir dünyada hegemon bir dövlət olduqlarını düşünərək yaşayırlar:
“Onlar özlərini dünyanın ağası hesab edirlər. Buna görə də Amerikanın milli maraqları tələb edərsə, amerikalılar buna razılaşacaqlar və çox güman ki, Trampın komandası gələcəkdə bu işğal zərurətini xalqa izah edə biləcək”.
O bildirib ki, dünyada bu cür təcrübələr çoxdur: “Hətta biz faşist Almaniyasında Hitlerin ideyalarının əhalinin böyük bir hissəsi tərəfindən dəstəkləndiyini də görmüşük. Analoji müqayisə aparanda Trampın Qrenlandiyanı ələ keçirmək ideyasının gələcəkdə amerikalılar tərəfindən dəstəklənəcəyini demək olar. Buna nail olmaq o qədər də çətin deyil. Müasir informasiya texnologiyalarından bəhrələnməklə bunu asanlıqla təmin etmək mümkündür”.
M. Rəhimli əlavə edib ki, amerikalılar rahat yaşayışı daha üstün tuturlar:
“Onlar sosial-iqtisadi vəziyyətin ağırlığından əziyyət çəkmək və ya müharibədə ölmək istəmirlər. Əgər onlar dərk etsələr ki, Qrenlandiyanın ələ keçirilməsi onlara fəlakətlər gətirə bilər, bu zaman Trampı müdafiə etməyəcəklər. Əgər Qrenlandiyanın ələ keçirilməsi amerikalılara daha yaxşı həyat vəd ediləcəksə, onlar bu işğalı dəstəkləyə bilərlər".
Mehriban Yariyeva
15:00 17.01.2026
Oxunuş sayı: 1557