Peşəkar yolum və milli kimliyim arasında balansı belə tənzimlədim… - Müsahibə
Xaricdə yaşayan azərbaycanlılar üçün vətən yalnız xatirələrdən ibarət deyil. Onlar yeni ölkələrdə peşəkar həyatlarını qurarkən, eyni zamanda milli kimliklərini qorumağa, adət-ənənələrimizi gələcək nəsillərə ötürməyə çalışırlar. Hər bir fərdin hekayəsi özünəməxsus çətinliklər və uğurlarla doludur - dil baryerləri, fərqli təhsil və iş sistemi, yeni mədəniyyətlərlə qarşılaşmaq kimi sınaqlardan keçirlər. Lakin bütün bu çətinliklər onları yalnız möhkəmləndirir, səbirli və dözümlü olmağı öyrədir. Bu insanların təcrübələri göstərir ki, yaşadığın yer harada olursa olsun, köklərinə sadiq qalmaq, həm özünü inkişaf etdirmək, həm də vətənlə mənəvi bağlarını qorumaq mümkündür. Hər bir hekayə, diaspora həyatının həm fərdi, həm də kollektiv müvəffəqiyyətlərindən xəbər verir və gənclərə ilham mənbəyi olur.
Crossmedia.az bildirir ki, həmin şəxslərdən biri də Kəmalə İbrahimovadır. Kəmalə İbrahimova Azərbaycan Tibb Universitetində pediatriya ixtisası üzrə təhsil almış və sonradan Böyük Britaniyada stomatologiya sahəsində karyerasını davam etdirən uğurlu həkim-stomatoloqdur. O, həm NHS sistemində, həm də özəl sektorda fəaliyyət göstərir və xüsusilə estetik stomatologiya sahəsində insanların həyat fəaliyyətini yaxşılaşdırmaq üçün çalışır. Kəmalə xanım həm də diasporamızın fəal üzvüdür. O, Britaniya Azərbaycanlıları Cəmiyyəti təşkilatının tədbirlərində iştirak edərək Azərbaycanla mənəvi bağlarını qoruyur və övladını Azərbaycan dili, mədəniyyəti və adət-ənənələri ilə böyütür. Britaniya Azərbaycanlıları Cəmiyyətinin nəzdində Qarabağ Məktəbi fəaliyyət göstərir. diaspora gənclərinə Azərbaycan dili, mədəniyyəti və tarixi ilə bağlı təhsil imkanları təqdim edir. Məktəb gənclərin milli kimliklərini gücləndirməyə və vətənlə mənəvi bağlarını qorumağa xidmət edir. Kəmalə xanımın qızı da elə məhz bu məktəbdə təhsil alır. Qarabağ Məktəbi vasitəsilə, Kəmalə xanım və ailəsi diaspora gənclərinin kökləri ilə bağlı təcrübələrini zənginləşdirir. Bu mövzu ilə bağlı Kəmalə xanıma suallar ünvanladıq. Həmin suallar nəticəsində hazırladığımız müsahibəni sizlərə təqdim edirik.
-Yeni ölkə, yeni dil, yeni sistem… Peşəkar baxımdan ən çətin mərhələ hansı oldu və o mərhələ sizi nə ilə gücləndirdi?
-Ən çətin mərhələ, şübhəsiz ki, hər şeyə sıfırdan başlamaq oldu. Azərbaycanda artıq ali təhsil almış, həkim diplomu olan bir insan kimi yenidən tələbə partasına oturmaq psixoloji olaraq asan deyildi. Üstəlik, başqa dildə oxumaq, başqa təhsil sisteminə uyğunlaşmaq, özünə inamı bəzən itirmək… Bunlar hamısı böyük sınaq idi. Amma məhz o illər məni daha səbirli, daha dözümlü və daha güclü etdi. Öyrəndim ki, insan istəsə, yaşından və vəziyyətindən asılı olmayaraq, həyatını yenidən qura bilər.
-Təxminən 15 illik həkimlik yolunda sizi “mən doğru yoldayam” dedirən bir an olubmu?
-Belə anlar çox olub, amma ən çox xəstələrimin gözlərindəki dəyişimi görəndə bunu hiss edirəm. İnsan uzun illər gülümsəməkdən çəkinibsə və müalicədən sonra güzgüyə baxıb özünə inamla gülümsəyirsə - bu, sözlə ifadə olunmaz hissdir. Bəzən xəstələrim deyir ki, “siz təkcə dişlərimi yox, həyatımı dəyişdirdiniz”. Bax, o anlarda başa düşürəm ki, mən doğrudan da doğru yoldayam.
-Uzun illərdir Britaniyada yaşamağınıza baxmayaraq, milli kimliyinizi qorumağınız diqqət çəkir. Bu balansı necə qoruyursunuz?
-Məncə, insan harada yaşamasından asılı olmayaraq, kökünü unutmamalıdır. Biz ailədə həmişə Azərbaycan dilində danışmışıq, adət-ənənələrimizi qorumuşuq, bayramlarımızı qeyd etmişik. Övladımı da bu ruhda böyütməyə çalışmışam. Eyni zamanda, yaşadığım ölkənin mədəniyyətinə də hörmətlə yanaşıram. Məncə, bu iki şeyi bir arada daşımaq mümkündür: həm yaxşı inteqrasiya olunmaq, həm də kimliyini itirməmək.
-Naxçıvanda keçirilən “Xaricdə yaşayan azərbaycanlı gənclər” yay düşərgəsi övladınız və ailəniz üçün nə ifadə etdi?
-Bu düşərgə bizim ailəmiz üçün çox xüsusi və yaddaqalan bir təcrübə oldu. Açığını desəm, Böyük Britaniyada Azərbaycan diasporunun fəaliyyəti ilə daha yaxından tanış olmağımız və bu cür gözəl təşəbbüslərdən xəbərdar olmağımızda British Azerbaijanis Society təşkilatının sədri, hörmətli Fəridə Panahovanın çox böyük rolu olub. Məhz onun sayəsində biz diaspora tədbirlərinə qoşulduq və qızım üçün Naxçıvanda keçirilən “Xaricdə yaşayan azərbaycanlı gənclər” yay düşərgəsi kimi dəyərli bir layihədə iştirak imkanı yarandı.
Qızım üçün bu düşərgə Azərbaycanı təkcə valideynlərinin danışdığı bir ölkə kimi yox, canlı, gənclərlə dolu, enerjili bir vətən kimi tanımaq imkanı oldu. Onun yaşıdları ilə tanış olması, mədəniyyətimizi, tariximizi daha yaxından hiss etməsi mənim üçün çox böyük sevinc idi. Bu cür layihələr diaspora gəncləri üçün kimlik hissinin formalaşmasında və vətənlə mənəvi bağların güclənməsində çox böyük rol oynayır və buna görə də bu işi görən hər kəsə, xüsusilə də Fəridə xanıma ürəkdən minnətdaram.
-Bu gün eyni yolu getmək istəyən gənclərə tövsiyə versəniz, bu nə olardı?
-Heç vaxt qorxmasınlar və “mən bacarmaram” deməsinlər. Həyatda bəzən hər şey sıfırdan başlayır və bu, insanı qorxudur. Amma əgər məqsədin varsa və zəhmət çəkməyə hazırsansa, gec-tez nəticə gəlir. Səbirli olsunlar, özlərinə inansınlar və unutmasınlar ki, heç bir zəhmət hədər getmir.
Sevinc Yarməmmədova
11:34 15.01.2026
Oxunuş sayı: 7315