Azərbaycan hökumətinin iqtisadi və sosial siyasətinin əsas istiqamətlərini müəyyənləşdirəcək amil açıqlandı
Azərbaycan nefti dünya enerji bazarında strateji əhəmiyyətini qorumaqda davam edir. Xüsusilə “Azeri Light” markalı neft ölkənin ixracında əsas paya malik olmaqla yanaşı, qiymət dəyişiklikləri dövlət büdcəsi və ümumi iqtisadi proseslərə birbaşa təsir göstərir. “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasil olunan bu neft növündə SOCAR-ın payı 31,65 faiz təşkil edir. Son məlumatlara əsasən, “Azeri Light” neftinin bir barelinin qiyməti 68,51 ABŞ dollarına yüksəlib ki, bu da büdcədə nəzərdə tutulan orta qiymətdən yuxarıdır. Tarixi göstəricilərə baxdıqda isə 2008-ci ildə maksimum 149,66 ABŞ dolları, 2020-ci ildə isə minimum 15,81 ABŞ dolları səviyyəsi qeydə alınıb.
Mövzu barədə Crossmedia.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, neftin qiymətinin son günlərdə təxminən 4 faiz bahalaşması əsasında geniş perspektivlərdən danışmaq doğru deyil: “Gün ərzində belə dinamikanı bazarda tez-tez müşahidə edirik. Neft bazarı kifayət qədər volatildir və qiymətlər siyasi, iqtisadi faktorların, müxtəlif xəbərlərin fonunda kəskin dəyişə bilir. Orta və uzunmüddətli dövrdə neft bazarı üzrə proqnozlar daha çox azalan istiqamətlidir. Xüsusilə Venesuelada həyata keçirilən proseslər fonunda bu ölkənin neft sənayesinin yenidən inkişaf etdirilməsi perspektivləri, paralel olaraq İranda baş verən proseslərin mümkün müsbət nəticələnməsi, eləcə də Rusiya–Ukrayna münaqişəsinin hər hansı formatda başa çatması bazara əlavə təklif çıxaracaq. Bu isə qiymətlərin aşağı düşməsini şərtləndirən əsas amillərdir”.

R.Həsənov qeyd edib ki, qlobal iqtisadi artım dinamikası da nikbin deyil: “BMT-nin 2026-cı il üzrə proqnozlarına əsasən, qlobal iqtisadi artım cəmi 2,7 faiz təşkil edəcək. Bu da uzunmüddətli dövrdə neft qiymətlərində azalan meyilləri dəstəkləyən faktorlardandır. Hazırkı 4 faizlik artım yalnız qısamüddətli fayda kimi dəyərləndirilə bilər. Azərbaycan gündəlik olaraq dünya bazarına təxminən 400–450 min barel neft ixrac edir. Bu həcmdə ixrac fonunda 4 faizlik bahalaşma gün ərzində ölkəyə təxminən 800 min ABŞ dolları əlavə vəsait axınını təmin edə bilər. Amma bu, uzunmüddətli dövrdə neft gəlirlərində yarana biləcək itkilərin kompensasiyası demək deyil”.
Ekspert vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı, fiskal siyasət və əhalinin rifahı birbaşa neft qiymətləri ilə bağlıdır: “Neftin qiymətinin artması pozitiv, azalması isə neqativ meyilləri gücləndirir. Gələcəkdə neft qiymətlərinin dinamikası Azərbaycan hökumətinin iqtisadi və sosial siyasətinin əsas istiqamətlərini müəyyən edəcək”.
Mehriban Yariyeva
15:42 13.01.2026
Oxunuş sayı: 1590