ABŞ Kubada da Venesuela ssenarisini təkrarlayacaq? - Politoloq
Son illərdə ABŞ-Kuba münasibətləri, xüsusilə geosiyasi gərginlik və qarşılıqlı təzyiqlər baxımından diqqət mərkəzindədir. Kuba Prezidenti Miguel Dias-Kanel ABŞ-nin uzun illər davam edən təzyiqlərinə qarşı ölkəsinin suverenliyini qorumağa daim hazır olduğunu bildirib. O qeyd edib ki, Kuba heç kimə hücum etməsə də, vətənini son damla qanına qədər müdafiə etməyə sadiqdir. Eyni zamanda ABŞ Prezidenti Donald Tramp Kubaya Vaşinqtonla əməkdaşlıq etməyi tövsiyə etmiş və ölkəyə neft və maliyyə dəstəyi verilməyəcəyini açıqlamışdır.
Crossmedia.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Kubada Venesuela ssenarisinin təkrarlanması üçün müəyyən əsaslı səbəblər olmalıdır: "İlk növbədə onu qeyd etmək lazımdır ki, Venesueladakı vəziyyət Kubaya birbaşa tətbiq oluna bilməz. Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırarkən ABŞ artıq indiki Venesuela siyasi elitası ilə razılaşmışdı. Çünki Maduronun etimad limiti demək olar ki, faktiki olaraq bitmişdi. Hətta parlament seçkilərində də tərəfdarları qalib gələ bilmədi və ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşdü. Bu isə indiki iqtidarın hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxardı. Lakin hələ də iqtidar komandası funksiyasını davam etdirir".
Politoloq əlavə edib ki, Kubada belə bir ssenarinin reallaşması çox da inandırıcı görünmür: "Kubada sosialist rejim uzun illərdir hakimiyyətdədir. 1959-cu ildən Fidel Castro çevrilişindən sonra bu rejim müəyyən islahatlar həyata keçirib. Düzdür, yoxsulluq səviyyəsi hələ də yüksəkdir, amma indiki hakim komanda ölkədəki vəziyyətini hələ itirməyib. ABŞ sanksiyaları və hətta hərbi təzyiqlər artarsa, rejim müəyyən çətinliklərlə üzləşə bilər, lakin Venesuela ssenarisinin Kubada təkrarlanması, xüsusi təyinatlıların Havana'ya inərək rəhbərliyi həbs etməsi ehtimalı çox azdır".
Mehriban Yariyeva
14:59 13.01.2026
Oxunuş sayı: 1322