ABŞ–Venesuela münasibətlərində enerji amili ön plana çıxır- Politoloq
ABŞ–Venesuela münasibətlərində enerji faktorunun rolu getdikcə artır. Vaşinqton Venesuelanın neft sənayesinə nəzarəti gücləndirmək niyyətindədir ki, bu da həm beynəlxalq enerji bazarlarına, həm də qlobal siyasətə ciddi təsir göstərə bilər. ABŞ -nin energetika naziri Kris Raytın açıqlamalarına görə, Donald Tramp administrasiyası Venesuela neftinin hasilatı və satışından əldə olunan gəlirləri strateji maraqlar çərçivəsində idarə etməyə çalışır. Bununla yanaşı, sanksiyaların qismən yumşaldılması və Amerika neft şirkətlərinin Venesuela bazarına yenidən cəlb olunması ehtimalı enerji sektorunda yeni mərhələnin başlaya biləcəyindən xəbər verir. Bu proses həm Venesuelanın iqtisadi gələcəyi, həm də beynəlxalq enerji balansı baxımından mühüm əhəmiyyət daşıyır.

Crossmedia.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ–Venesuela münasibətlərinin normallaşması əsasən Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun hakimiyyətdən devrilməsi ilə bağlıdır: '1999-cu ildən etibarən iki ölkə arasındakı münasibətlər gərgin olaraq qalıb. Məhz həmin ildə sosialist lideri və anti-amerikan mövqeli Uqo Çaves ölkə prezidenti seçildikdən sonra ABŞ–Venesuela əlaqələrində ciddi gərginlik yaranıb. Çaves anti-amerikan blokunun lideri olan Kuba lideri Fidel Kastro öldükdən sonra Latın Amerikasındakı bu bloka liderlik edirdi. 2013-cü ildə Çaves xərçəng xəstəliyindən vəfat etdikdən sonra onun yerinə keçən vitse-prezident Nikolas Maduro da eyni siyasi xətti davam etdirib. Hazırda isə Maduronun vəzifədən uzaqlaşdırılması, aydın şəkildə Venesuelada yeni siyasi mərhələnin başlanğıcını göstərir. Onun aradan götürülməsindən sonra Venesuelanın vitse-prezidenti prezident səlahiyyətlərini icra etməyə başlayıb və artıq ABŞ ilə münasibətlərin normallaşması istiqamətində addımlar atılır".
Politoloq vurğulayıb ki, ABŞ-nin əsas maraq dairəsi Venesuelanın neftidir: "ABŞ üçün cəlbedici olan əsas amil bu ölkənin zəngin neft ehtiyatlarıdır. 1999-cu ildə Çaves prezident seçildikdən sonra ABŞ şirkətlərinin Venesuela neft bazarına çıxışı tamamilə məhdudlaşdırılmışdı. Bu dövrdə ən güclü qarşıdurma Çaveslə kiçik Corc Buş administrasiyası arasında baş verib və əsas tələblərdən biri ABŞ şirkətlərinin Venesuela neft sektorunda iştirakına icazə verilməsi olub. Tramp isə bu siyasəti daha sərt şəkildə tətbiq edib. Maduro faktiki olaraq ölkədə legitimliyini itirmişdi və səhv iqtisadi siyasət nəticəsində narazı kütlələrin sayı artmışdı. Buna görə də artıq ABŞ ilə Venesuela arasında münasibətlərin normallaşması mümkündür. Sanksiyaların mərhələli şəkildə ləğvi və Venesuelanın yeni hakimiyyətinin ABŞ-ni bu prosesə cəlb etməsi gözlənilir. İlkin iqtidar komandası sadəcə öz rəhbərlərini qurban verərək Vaşinqtonl razılaşmanı həyata keçirməyə çalışır".
Mehriban Yariyeva
09:48 09.01.2026
Oxunuş sayı: 1520