Trampın prezidentliyi dövründə təhdid etdiyi ölkələr
ABŞ lideri Donald Trampın ikinci prezidentliyi dövründə müxtəlif məqamlarda bir sıra ölkələrə qarşı təhdidlər irəli sürüb.
Crossmedia.az xəbər verir ki, "Axios" Trampın prezidentliyi dövründə təhdid etdiyi ölkələrə nəzər saldı və səbəbini izah etdi.
Venesuela
Tramp Venesuelada prezident Nikolas Maduronun tutulmasından sonra ABŞ-nin regionda təsirinin artacağını bəyan edib. "Axios" yazır ki, Tramp administrasiyası Venesuela neft satışları və gəlirləri üzərində birbaşa nəzarət imkanlarını nəzərdən keçirir. Tramp ABŞ-ın sanksiya altında olan Venesuela neftini alacağını açıqlayıb. Qeyd olunur ki, Venesuela artıq 20 ildən çoxdur ABŞ-la düşmən münasibətlərindədir.
Qrenlandiya
Tramp Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını bildirərək, adaya nəzarətin müdafiə baxımından vacib olduğunu deyib. Onun bu açıqlamaları Danimarka və digər NATO ölkələrinin kəskin etirazına səbəb olub. Qrenlandiya Danimarka Krallığının tərkib hissəsi olduğu üçün məsələ Alyans daxilində də narahatlıq yaradıb. ABŞ dövlət katibi Marko Rubio bu mövzunu danimarkalı həmkarı ilə müzakirə edəcəyini bildirib.
Kuba
Tramp Kubanın “öz-özünə çökə biləcəyini” deyərək birbaşa müdaxilə ehtimalını istisna etməyib. O, Havanada mövcud hakimiyyətin zəiflədiyini iddia edib. ABŞ dövlət katibi Marko Rubio isə Kubaya qarşı daha sərt mövqedən çıxış edərək, mümkün təhlükələrə diqqət çəkib.
Kolumbiya
Tramp Kolumbiyanı narkotik istehsalı və kokain ticarəti ilə əlaqələndirərək hərbi əməliyyatlarla hədələyib. O, ölkə prezidenti Qustavo Petronu sərt ifadələrlə tənqid edib. Trampın bu açıqlamaları regionda ciddi rezonans doğurub və Kolumbiya ilə ABŞ arasında gərginliyi artırıb.
Meksika
ABŞ prezidenti Meksika ilə münasibətlərdə xüsusilə fentanil probleminə diqqət çəkib. Tramp ölkəyə qarşı hərbi variantın da istisna edilmədiyini bildirib. Axios yazır ki, Vaşinqton Meksika üzərindən ABŞ-a daxil olan narkotik axınından ciddi narahatdır.
İran
Tramp İranda etirazçıların öldürüləcəyi təqdirdə ABŞ-ın müdaxilə etməyə hazır olduğunu bəyan edib. Senator Lindsi Qraham isə təzyiqlərin davam edəcəyi halda İranın ali rəhbərliyinə qarşı sərt addımların mümkünlüyünü dilə gətirib. Tramp daha əvvəl İranın nüvə proqramı ilə bağlı hərbi əmrlər verdiyini də xatırladıb.
Kanada və Panama
Tramp Kanadanın ABŞ-a birləşə biləcəyini iddia edib və bunu açıq şəkildə dilə gətirib. Kanada rəhbərliyi isə bu fikirləri qətiyyətlə rədd edib. Panama ilə bağlı isə Tramp ABŞ-ın təhlükəsizlik səbəbilə Panama kanalına nəzarəti bərpa etdiyini iddia etsə də, Panama hakimiyyəti bu açıqlamaları təkzib edib.
23:58 08.01.2026
Oxunuş sayı: 1437