ABŞ Qrenlandiya ilə NATO çərçivəsində qarşılıqlı əməkdaşlıq edə bilər - RƏY
Qrenlandiyanın gələcək statusu ilə bağlı beynəlxalq ictimaiyyətdə artan müzakirələr fonunda Avropa dövlətləri regionun hüquqi və siyasi mənsubluğuna dair prinsipial mövqelərini açıq şəkildə ifadə edirlər. Strateji və geosiyasi baxımdan mühüm əhəmiyyətə malik olan Qrenlandiya ətrafında səslənən müxtəlif iddialar və ehtimallar Avropada narahatlıq doğurur və bu məsələnin beynəlxalq hüquq normaları, eləcə də mövcud razılaşmalar çərçivəsində həll olunmasının vacibliyini gündəmə gətirir.
Bu kontekstdə Fransanın yüksək səviyyəli rəsmilərinin açıqlamaları Qrenlandiyanın hər hansı siyasi və ya iqtisadi sövdələşmə predmeti olmadığını bir daha vurğulayır. Parisin mövqeyinə görə, adanın gələcəyi yalnız Qrenlandiya əhalisinin iradəsinə əsaslanmalı və Danimarka ilə mövcud razılaşmalar çərçivəsində müəyyən edilməlidir. Eyni zamanda, NATO daxilində müttəfiq ölkələr arasında hərbi qarşıdurma ehtimalının qəbuledilməz olduğu, belə bir ssenarinin isə həm alyansın prinsiplərinə, həm də tərəflərin maraqlarına zidd olacağı diqqətə çatdırılır. Avropa paytaxtlarında aparılan müzakirələr, mümkün risklərə qarşı koordinasiyalı mövqenin formalaşdırılması və tərəfdaşlarla birgə hərəkət planlarının hazırlanması zərurətini ön plana çıxarır.

Bu barədə politoloq Məhəmməd Əsəddulazadə Crossmedia.az-la öz fikirlərini bölüşüb: "ABŞ-nin Danimarkanın mülkiyyətində olan Qrenlandiyanı ilhaq etməsi barədə mövqeyi və açıqlamaları, təbii ki, Qərb koalisiyasının parçalanması kimi qiymətləndirilə bilər. Bu, həm ABŞ-nin, həm də Avropa İttifaqı ilə siyasi və tərəfdaşlıq əlaqələrinə ciddi zərbə vurur. Əgər belə bir addım reallaşsa, NATO daxilində bir ölkənin digərinin ərazisini işğal etməsi halları ortaya çıxacaq ki, bu da Alyansın beynəlxalq nüfuzuna mənfi təsir göstərəcək. ABŞ Qrenlandiya ilə NATO çərçivəsində qarşılıqlı əməkdaşlıq edə bilər. Lakin oranın hərbi güc tətbiqi ilə ilhaq edilməsi və öz ölkəsinə əlavə ştat kimi daxil etməsi Avropa İttifaqının narazılığına səbəb olacaq. Bu, münasibətlərdə qırılma nöqtəsi kimi qiymətləndirilir. Böyük Britaniya, Fransa və Almaniya kimi ölkələr Vaşinqtonla bu məsələ üzrə danışıqlar aparacaqlar. Buna baxmayaraq, ABŞ-nin mövqeyindən geri çəkilməsi çətin görünür. Eyni zamanda, Fransa və digər Avropa ölkələrinin Avropa İttifaqı adından ABŞ-la silahlı qarşıdurmaya getməsi gözlənilmir, yəni onların buna qarşı çıxması mümkünsüzdür".
15:33 08.01.2026
Oxunuş sayı: 3168