Danimarka: ABŞ Qrenlandiyaya hücum edərsə, dərhal atəş açılacaq
ABŞ-nin Qrenlandiyaya mümkün hücumu ilə bağlı Danimarkada sərt mövqe açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Berlingske qəzeti yayıb.
Məlumatda əks olunub ki, 1952-ci ildən qüvvədə olan kral fərmanına əsasən, Danimarka ordusu ölkə dərhal təhlükə altına düşərsə, komandanın əmrini gözləmədən düşmənə qarşı əks-hücum həyata keçirməlidir.
Sənədə görə, əsgərlərə “əvvəl atəş açmaq, sonra sual vermək” hüququ verilir. Qəzet qeyd edir ki, bu fərman ABŞ-nin Qrenlandiyanı zorla ələ keçirməyə cəhd göstərdiyi halda da tətbiq olunacaq.
Qeyd edək ki, Qrenlandiya 1953-cü ilə qədər Danimarkanın müstəmləkəsi olub, hazırda isə krallığın muxtar bölgəsidir. ABŞ prezidenti Donald Tramp və komandası dəfələrlə Qrenlandiyanın ABŞ üçün Arktikada təhlükəsizlik baxımından vacib olduğunu bəyan edib. Ağ Ev də ABŞ rəsmilərinin Qrenlandiyanın alınması məsələsini müzakirə etdiyini etiraf edib.
Danimarka isə Qrenlandiyanın təhvil verilməsi ideyasını qəti şəkildə rədd edir. Bir sıra Avropa ölkələri də Danimarkanın mövqeyini dəstəkləyib. Polşa rəsmiləri bu cür niyyətlərin NATO-nun əsas prinsiplərinə zidd olduğunu bildirib.
Nəzrin Abbas
14:54 08.01.2026
Oxunuş sayı: 1279