Bu mənim üçün çox böyük qürur hissidir - Açıqlama
Azərbaycan dövlətinin diaspor siyasəti milli maraqların beynəlxalq müstəvidə qorunması, ölkəmizin haqq səsinin dünyaya çatdırılması və xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə göstərilən ardıcıl və məqsədyönlü fəaliyyət dövlət başçısı tərəfindən daim yüksək qiymətləndirilir.
Məhz bu siyasətin məntiqi davamı olaraq, Azərbaycan diasporunun inkişafında, eləcə də müxtəlif xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində səmərəli xidmətləri olan şəxslərin əməyinə növbəti dəfə rəsmi qiymət verilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup şəxs təltif edilib.
Təltif olunanlardan biri də Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) həmsədri Bəxtiyar Siracovdur.
Təltif ilə bağlı Bəxtiyar Siracov Crossmedia.az-la öz təəssüratlarını bölüşüb:
"Təəssüratlarım çoxdur. Açığı, ilk hissim dərin bir kövrəklik oldu. Həqiqətən də bu qədər yüksək bir mükafata layiq görüləcəyimi gözləmirdim və bu, mənim üçün böyük sürpriz oldu. Azərbaycan diasporu sahəsində gördüyüm fəaliyyətin bu cür yüksək səviyyədə qiymətləndirilməsi həm qürurverici, həm də duyğulandırıcıdır. Düzünü desəm, eyni anda həm sevindim, həm də kövrəldim.
Təbii ki, həvəsim hər zaman yüksək olub və bundan sonra da imkanım daxilində daha böyük səylə çalışmağa davam edəcəyəm. Bu mükafat mənim üçün əlavə stimul olmaqla yanaşı, eyni zamanda məsuliyyətimi də artırır. Çünki bu, bir daha göstərir ki, diaspor sahəsində apardığımız fəaliyyət diqqət mərkəzindədir və görülən işlərə dəyər verilir. Şübhəsiz ki, bu etimad həm məsuliyyətimizi artıracaq, həm də motivasiyamızı daha da gücləndirəcək".
Elmir Heydərli
18:31 07.01.2026
Oxunuş sayı: 2362