Yaxın və Orta Şərqdə ABŞ-nin hələ həll etmə iddiasında olduğu bir sıra məsələlər var- Ekspert
Son günlər ABŞ-nin hərbi fəallığının artması Yaxın Şərq və Latın Amerikası ətrafında yeni geosiyasi gərginlik ehtimallarını gündəmə gətirib. Növbəti 12 saat ərzində Böyük Britaniyanın Qlosterşir şəhərində yerləşən RAF Fairford hərbi hava bazasına ABŞ-yə məxsus on ədəd C-17 yük təyyarəsinin eniş edəcəyi gözlənilir. Oxşar hərbi hərəkətlilik daha əvvəl İranın nüvə obyektlərinə endirilən zərbələrdən öncə də müşahidə olunmuşdu.
Bu barədə Crossmedia.az-a danışan politoloq Aydın Quliyev bildirib ki, Trampın hakimiyyəti dövründə ABŞ-nin hərbi eskalasiya istiqamətlərində müəyyən dəyişikliklər nəzərə çarpır. Onun sözlərinə görə, Vaşinqton Avropada hərbi fəallığı nisbətən azaltsa da, digər strateji bölgələrdə mövcudluğunu gücləndirir:
“Faktiki olaraq ABŞ Avropada eskalasiyaya, yəni öz hərbi gücünün artırılmasına müəyyən fasilə verib. Aralıq dənizində yerləşən bəzi təyyarədaşıyan gəmilərini isə Hind okeanına yönəldib. Eyni zamanda Hind okeanı və İran körfəzi istiqamətində hərbi mövcudluğunu artırır. ABŞ paralel şəkildə Karib dənizində, xüsusilə Venesuela ətrafında da hərbi aktivliyini gücləndirir. Bununla yanaşı, Çinin Tayvan adası ətrafında Amerika hərbi eskalasiyanı sürətlə artırıb. Bu mənzərə onu göstərir ki, ABŞ Avropadan hərbi potensial baxımından qismən geri çəkilsə də, digər nöqtələrdə öz mövqelərini möhkəmləndirir".

O, vurğulayıb ki, RAF Fairford bazasına C-17 hərbi yük təyyarələrinin gəlişi ABŞ-ın Yaxın və Orta Şərqdə hərbi mövcudluğunu sürətlə artırdığını göstərir: “Bu istiqamət gələcəkdə də davam edəcək. Çünki Yaxın və Orta Şərqdə ABŞ-nin hələ həll etmə iddiasında olduğu bir sıra məsələlər var. Bu məsələlər sırasında İranla münasibətlərin aydınlaşdırılması, Yəməndə separat hesab edilən rejimlə bağlı planlar, eləcə də yeni geosiyasi gündəmə daxil olan Somali ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılması yer alır. Hazırda hərbi yük təyyarələrinin bu trayektoriya üzrə hərəkəti ABŞ-nin yaxın perspektivdə bölgə ilə bağlı ciddi planlarının olduğunu açıq şəkildə nümayiş etdirir".
Mehriban Yariyeva
13:55 05.01.2026
Oxunuş sayı: 2586