İran viran qalır?: ABŞ və İsrailin hərbi müdaxiləsi gözləniləndir
İranda etirazlar və iğtişaşçıların həbsləri davam edir.
İlam, Qum və Huzistan əyalətlərində naməlum şəxslər küçələrə odlu və soyuq silahlarla çıxıblar.
"Mehr" agentliyinin yayımladığı görüntülərdə maskalı şəxslərin əllərində silah tutduqları görünür. Qumda iğtişaşçılar mülki avtomobili yandırıblar.
"Fars" agentliyinin məlumatına görə, yanvar 2-də axşam Tehran və onun bəzi ətraf ərazilərinin ayrı-ayrı qruplar hökumət əleyhinə şüarlar səsləndirərək, yoldan keçənləri təhrik etməyə çalışıblar. Silahlı iğtişaşçılar bir neçə əyalətdə hökumət binalarına hücumları davam etdirirlər.
Huzistan əyalətinin Şuştar şəhərində polis bir qrup etirazçını saxlayıb və bir ədəd "Colt" tapançası, 12 bıçaq və bir daraq müsadirə edib. Əyalətin polis rəisi Fərşad Kazemi hüquq-mühafizə orqanları əməkdaşlarının çevik hərəkətlərinin bir neçə iğtişaşçını müəyyənləşdirməyə və saxlamağa imkan verdiyini qeyd edib, vətəndaşları cinayətkarların nifaq salmaq cəhdləri fonunda ayıq-sayıq olmağa çağırıb.
Ölkədə baş verənlər barədə Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İranda devalvasiya və inflyasiyaya qarşı müxtəlif şəhərlərdə keçirilən etirazlar siyasi sistemin idarə olunmasında mövcud olan dərin struktur problemlərindən qaynaqlanır: "Tətbiq edilən beynəlxalq sanksiyalar, eyni zamanda uzun illərdir real iqtisadi və siyasi islahatların aparılmaması bu proseslərin əsas tərkib hissəsidir.
İran prezidenti Məsud Pezeşkian islahatlara getmək niyyətində olsa da, mühafizəkar qanad bu təşəbbüslərin qarşısını aldı. Halbuki İsrail–İran qarşıdurmasından sonra ölkəni mövcud iqtisadi bataqlıqdan çıxarmaq üçün real imkanlar yaranmışdı. Həmin dövrdə İran cəmiyyətinin əhəmiyyətli hissəsi hakimiyyətin yanında yer aldı.
Lakin mühafizəkar siyasi sistem daxili siyasi və sosial islahatlar aparmaq əvəzinə, Hizbullah və HƏMAS kimi regional silahlı qruplaşmalara milyardlarla dollar maliyyə ayırdı. Paralel olaraq, yeni silahların alınmasına, ballistik raket proqramının genişləndirilməsinə ciddi vəsait yönəldildi. Bu isə ölkə daxilində sosial-iqtisadi problemlərin daha da dərinləşməsinə səbəb oldu".
O bildirib ki, mövcud vəziyyət obyektiv olaraq ABŞ və İsrailin maraqlarına xidmət edir: "Əgər yeni bir müharibə başlarsa, cəmiyyət artıq mövcud siyasi sistemi əvvəlki kimi dəstəkləməyə bilər. Doğrudur, 12 günlük müharibə zamanı xalq hakimiyyətin yanında oldu, lakin bu dəstək daha çox xarici təhlükə faktorundan qaynaqlanırdı və uzunmüddətli siyasi etimad kimi qiymətləndirilə bilməz.
Hazırda Pezeşkian struktur və siyasi islahatların aparılmasına çalışır. Ancaq mühafizəkar sistem mövcud iqtisadi və sosial böhrandan çıxmaq üçün real islahatlara getməzsə, ölkə İsrail və ABŞ-ın hərbi müdaxiləsi ilə üzləşə bilər. Belə bir ssenaridə isə cəmiyyətin ciddi müqavimət göstərməyəcəyi ehtimalı da istisna olunmur.
Baş verən etirazlar göstərir ki, İran cəmiyyəti artıq yalnız xarici düşmən ritorikası ilə idarə olunmaq istəmir və sosial rifah, iqtisadi sabitlik və siyasi dəyişikliklər tələb edir.
2026-ci il İran rejimi üçün çətin və məsuliyyətli il olacaq. Amma, hakimiyyətin devrilməsi, şah rejiminin qurulması mümkün görünmür. Hazırda etirazlarda şahı arzulayan şüarlar səsləndirilir. Bu da deməyə əsas verir ki, etirazlarda xarici faktor rolu istisna deyil".
12:33 03.01.2026
Oxunuş sayı: 7781