Ali məktəblərdə gender bərabərliyi fənni tədris olunacaq- Açıqlandı
Müasir dövrdə ali təhsil sistemi təkcə peşəkar biliklərin ötürülməsi ilə məhdudlaşmır, eyni zamanda cəmiyyətin sosial dəyərlərinin formalaşdırılmasında mühüm rol oynayır. Qlobal miqyasda gender bərabərliyinin təmin olunması, insan hüquqlarının qorunması və bərabər imkanların təşviqi ali təhsilin əsas prioritetlərindən birinə çevrilib. Bu tendensiya Azərbaycanda da təhsil siyasətinin inkişaf istiqamətlərində öz əksini tapır.
Son illər aparılan islahatlar çərçivəsində tədris proqramlarının məzmununun yenilənməsi, tələbələrin dünyagörüşünün genişləndirilməsi və sosial məsuliyyət hissinin artırılması məqsədilə yeni mövzuların təhsil prosesinə inteqrasiyası nəzərdən keçirilir. Xüsusilə gender münasibətlərinin elmi, hüquqi və sosial aspektlərdə öyrədilməsi gələcək mütəxəssislərin peşə fəaliyyətində daha balanslı və ədalətli yanaşmalar formalaşdırmaq baxımından vacib hesab olunur.
Bu baxımdan ali təhsilin bakalavriat və magistratura səviyyələrində müəyyən ixtisas proqramlarına gender bərabərliyi mövzusunda seçmə fənlərin daxil edilməsi təşəbbüsü həm beynəlxalq öhdəliklərə uyğunluq, həm də milli inkişaf strategiyalarının tərkib hissəsi kimi qiymətləndirilir. Sözügedən yanaşma təhsil sistemində inklüzivliyin gücləndirilməsinə, sosial şüurun formalaşmasına və institusional inkişafın dərinləşdirilməsinə xidmət edir.
Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq sərəncam imzalanmış və 2026–2028-ci illəri əhatə edən Milli Fəaliyyət Planı təsdiqlənmişdir. Sənəddə qeyd olunur ki, ali təhsil pilləsində həm bakalavr, həm də magistratura səviyyəsində gender bərabərliyi mövzusunda müvafiq fənnin tədrisi və ya alternativ olaraq tələbələrin seçim hüququ ilə bu fənni seçə bilməsi təmin olunacaq.
Əhalinin cins tərkibini nəzərə aldıqda, demoqrafik baxımdan qadınların sayı daha çox olsa da, ali təhsil sahəsində vəziyyət fərqlidir: bakalavr və magistratura pillələrində kişilər üstünlük təşkil edir, xanımlar isə say baxımından azlıq təşkil edirlər. Bu disbalansın aradan qaldırılması üçün tələbələrdə müvafiq bilik və bacarıqların formalaşdırılması zəruridir.
Gözləntilərimiz ondan ibarətdir ki, qarşıdakı dövrdə ali təhsil müəssisələrində yaranmış fərqlərin minimal səviyyəyə endirilməsi və gender balansının qorunması təmin olunsun. Bunun üçün tələbələrə qeyri-ixtisas fənni kimi gender bərabərliyi fənnini seçmək imkanı yaradılacaq".
Elmir Heydərli
13:25 31.12.2025
Oxunuş sayı: 1249