Unutma, sən həm Sovet vətəndaşısan, həm də azərbaycanlısan – MÜSAHİBƏ
Diaspora fəaliyyəti bu gün sadəcə xaricdə yaşamaqla məhdudlaşmır. Müasir mərhələdə bu anlayış milli maraqların beynəlxalq müstəvidə müdafiəsi, informasiya savaşında fəallıq və yaşanılan ölkənin ictimai-siyasi gündəmində Azərbaycan həqiqətlərinin sistemli şəkildə təqdim olunması anlamını daşıyır. Xüsusilə ziyalı diasporunun fəaliyyəti bu prosesdə mühüm rol oynayır. Onların elmi nüfuzu və ictimai mövqeyi Azərbaycanın səsinin daha geniş auditoriyalara çatdırılmasına imkan yaradır. Bu kontekstdə Türkiyədə yaşayan azərbaycanlı alim və ictimai xadimlərin də fəaliyyəti diqqət çəkir.
Bu səbəbdən də Crossmedia.az Analitik İnformasiya Portalının “Zəfər Diasporu” rubrikasında oxuculara növbəti müsahibəsini təqdim edir. Bu dəfəki müsahibimiz Türkiyədə yaşayan tanınmış alim və diaspor xadimi, Prof. Dr. Əmirulla Məmmədəli oğlu Məmmədovdur. Qeyd edək ki, Prof. Dr. Əmirulla Məmmədov 1991-ci ildən etibarən Türkiyədə yaşayır və bu müddət ərzində Azərbaycanla bağlı ictimai-siyasi məsələlərin gündəmdə saxlanılmasında yaxından iştirak edir. O, Türkiyədə 20 Yanvar və Xocalı faciələri ilə bağlı keçirilən etiraz aksiyaları və anım tədbirlərində çıxış edib, Azərbaycan həqiqətlərinin türk ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərib. Adana Azərbaycan Dostluq və Yardımlaşma Dərnəyinin sədri kimi fəaliyyət göstərdiyi dövrdə Xocalı faciəsinin yerli bələdiyyə səviyyəsində tanıdılması istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. Məhz bu fəaliyyətin nəticəsi olaraq Ceyhan Bələdiyyə Məclisi Xocalı hadisələrini soyqırım kimi tanıyıb, Adana Böyükşəhər Bələdiyyəsi isə faciəni “əsrin qətliamı” kimi qiymətləndirib.
-Siz müxtəlif siyasi sistemlərə və elmi məktəblərə malik ölkələrdə – SSRİ, ABŞ, Yaponiya, Avropa və Türkiyədə çalışmısınız. Bu təcrübələr sizə dünya elmi barədə hansı ümumi nəticəni çıxarmağa imkan verdi?
-Bildiyiniz kimi, mən Sovet Təhsil və Elm sisteminin bir məhsuluyam. Sovet təhsil sistemi – istər orta, istərsə də ali səviyyədə – şagird və tələbələrə mümkün qədər geniş şəkildə təməl və sosial elmlər üzrə bilik verməyə fokuslanmışdı. Materialist dünyagörüşü çərçivəsində kainatın və cəmiyyətin mahiyyətinin izahına xüsusi önəm verilirdi. Bu yanaşma əslində Çar Rusiyası dövründən miras qalan, Alman təhsil modelindən təsirlənmiş bir sistem idi. Nəticə etibarilə Sovet təhsil sistemi fundamental elmləri yüksək səviyyədə öyrədirdi. Lakin bu biliklərin texnologiyaya və praktiki tətbiqlərə çevrilməsi sahəsində ciddi çətinliklər mövcud idi. Mühəndis və texniki kadrların yetişdirilməsində boşluqlar vardı və bu tendensiya, təəssüf ki, bu gün də davam edir. Ali təhsil müəssisələrində laboratoriyaların və elmi-tədqiqat mərkəzlərinin mövcud vəziyyəti bunun bariz nümunəsidir. Qərb ölkələrində və Yaponiyada isə əsas prinsip belə idi: “Bu bilik harada və necə tətbiq edilə bilər?” Təhsil və elmi araşdırmalar məhz bu sual üzərində qurulurdu. Bu fərq SSRİ dövründə də, postsovet mərhələsində də yüksək texnologiyalar sahəsində geri qalmağımızın əsas səbəblərindən biri oldu.
-Böyük elmi mərkəzlərdə çalışarkən Şərqdən gələn alimlərə münasibətdə fərq hiss edirdinizmi?
-Mən Türkiyə istisna olmaqla, çalışdığım bütün Qərb və Uzaq Şərq ölkələrinə Sovet vətəndaşı və Sovet pasportu ilə getmişəm. Buna görə də mənə münasibət, daha çox azərbaycanlı alimə yox, Sovet vətəndaşına olan münasibəti əks etdirirdi. Bir tərəfdən böyük bir dövlətin nümayəndəsi kimi diqqət və ehtiyat, digər tərəfdən isə açıq-aşkar nəzarət mövcud idi. Məsələn, ABŞ-da yaşadığım yerin 25 mil kənarına çıxmaq üçün hər dəfə Dövlət Departamentindən xüsusi icazə almalı idim. Haraya, nə məqsədlə, kiminlə və hansı nəqliyyat vasitəsi ilə gedəcəyimə qədər hər şey soruşulurdu. Şəxsi dost məclislərinə dəvət olunmazdım, yalnız rəsmi tədbirlərdə iştirak edə bilirdim. Bu isə ciddi psixoloji və mənəvi diskomfort yaradırdı. Unutmamalıyıq ki, bu dövr “soyuq müharibə” illəri idi və həmin şəraitdə bu yanaşma müəyyən mənada normal qəbul olunurdu. Yalnız 1980-ci illərin sonlarında, SSRİ-nin dağılma mərhələsində bu vəziyyət dəyişməyə başladı. Xüsusilə İtaliyadakı elmi mühit daha açıq və rahat idi.
-Xaricdə fəaliyyət göstərdiyiniz illərdə “azərbaycanlı alim” kimi tanınmaq sizə üstünlük verirdi, yoxsa əlavə məsuliyyət yükləyirdi?
-1978-ci ildə “San Francisco Examiner” qəzetinin müxbiri məndən müsahibə aldı. Müsahibənin başlığı belə idi: “The Russian scientist is the first scientist at the Michelson Lab.” Bu başlığın yanlış olduğunu bildirərək redaksiyaya zəng etdim. Dedim ki, mən rus deyiləm, Sovet vətəndaşıyam və Sovet İttifaqı 15 respublikadan ibarətdir. Mən milliyyətcə azərbaycanlıyam. Bunun nəticəsində qəzet ertəsi gün yeni bir məqalə dərc etdi: “I am not Russian, I am a Soviet.” Bu yazıdan sonra SSRİ-nin ABŞ-dakı səfirliyindən mənə zəng etdilər, ciddi təzyiqlər və təhdidlər oldu. O illərdə ABŞ-da Azərbaycanı təmsil etmək son dərəcə çətin və böyük məsuliyyət tələb edən bir iş idi. ABŞ-a ezam olunmağım Azərbaycan KP MK bürosunda təsdiqlənmişdi. Məni təbrik edən Ulu Öndər Heydər Əliyev həmin vaxt bir cümlə söyləmişdi:
“Unutma, sən Sovet vətəndaşısan, amma eyni zamanda azərbaycanlısan və Azərbaycanı orada təmsil edəcəksən.”
Bu sözlərin mənasını illər sonra, Azərbaycan müstəqilliyini bərpa etdikdən və azərbaycançılıq ideologiyası formalaşdıqdan sonra tam dərk etdim.
-1990-cı illərdə Azərbaycan informasiya blokadasında olarkən beynəlxalq mediaya danışmaq hansı riskləri daşıyırdı?
-1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Azərbaycan həqiqətlərini – Qarabağ məsələsini, 20 Yanvar faciəsini, Sovet Ordusunun törətdiyi vəhşilikləri – beynəlxalq mediada açıq şəkildə dilə gətirmək xüsusi risk daşımırdı. Xarici radio və qəzetlərə müsahibə vermək şəxsi seçim idi və buna ciddi müdaxilə olunmurdu.
-Türkiyədə Xocalı həqiqətlərinin tanıdılması prosesində sizi ən çox çətinləşdirən məqam nə oldu?
-Bir çoxları Türkiyədə Azərbaycanla bağlı təbliğatın asan olduğunu düşünür. Lakin reallıq fərqlidir. Türkiyə cəmiyyətində və xüsusilə media və sənət sektorunda Azərbaycana qarşı gizli müqavimət mövcuddur. İlk illərdə bu münasibət həm tələbələrimizə, həm də rəsmi qurumlardan ən sadə icazələrin alınmasına qədər hiss olunurdu. Xocalı soyqırımı ilə bağlı keçirdiyimiz sərgi və tədbirlərin bir qismi “zorakılıq görüntüləri var” bəhanəsi ilə ləğv edilirdi. Buna baxmayaraq, fəaliyyətimizi davam etdirdik və nəticədə Ceyhan və Adana bələdiyyələrinin Xocalı qətliamını soyqırımı kimi tanımasına nail olduq. Xocalı şəhidlərinin xatirəsinə parklar və abidələr ucaldıldı.
-Bugünkü gənc tədqiqatçılarda sizi ən çox sevindirən və narahat edən məqam nədir?
-Gənclərin elmə və biliyə olan marağı sevindiricidir. Narahatlıq doğuran məqam isə onların əsasən humanitar və iqtisadi sahələrə yönəlməsidir. Yüksək texnologiya, süni intellekt və kosmik tədqiqatlar olmadan bir ölkənin inkişafı mümkünsüzdür.
-Sizi bu günə qədər elmdə və ictimai fəaliyyətdə aktiv saxlayan əsas motivasiya nədir?
-Vətənimə, xalqıma və torpağıma olan sevgi və bağlılıq.
-Dövlətin diaspor fəaliyyətlərinə dəstəyi barədə nə deyə bilərsiniz?
-Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmamışdan əvvəl bu sahədə “Vətən Cəmiyyəti” fəaliyyət göstərirdi. Lakin imkanlar məhdud idi. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayından sonra yaradılan Diaspora Komitəsi xaricdə yaşayan azərbaycanlıların konsolidasiyasında mühüm rol oynadı. Bu gün əldə etdiyimiz uğurlar Komitənin və dövlətin siyasi-iqtisadi dəstəyi olmadan mümkün olmazdı. ABŞ-dan Yaponiyaya, Finlandiyadan Avstraliyaya qədər geniş coğrafiyada Azərbaycanı tanıtmaq bu dəstək sayəsində mümkün olub
-Geriyə baxanda həyatınızda fərqli qərar verəcəyiniz bir mərhələ varmı?
-Əgər 1990-cı ildə SSRİ-nin dağılacağını öncədən bilsəydim, xaricdə çalışmağa başladığım illərdə bəzi qərarları fərqli verə bilərdim.
-Son olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə nə demək istəyirsiniz?
-Dəyərli soydaşlarım üzümüzə gələn Dünya Azərbaycanlarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edirəm. Can sağlığı, işlərinizdə başarı və ailələrinizdə əmin-amanlıq arzulayıram. Eyni zamanda sizlərə yaşadığınız ölkədə cəmiyyətlə inteqrasiya olmanızı, amma assimilyasiya olmamanızı arzulayıram. Zamanında Ulu öndərimiz rəhmətli Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi və dahiliyi bizə bu həmrəylik gününü bəxş etdi. Azərbaycanlıq ideyası ətrafında millətimizin birləşməsi sayəsində Ulu öndərin 35 il bundan əvvəl yaxdığı məşələ indi də xalqımızın yolunu aydınladır və bizləri birliyə və tərəqqiyə aparır. Bu sayədə xalqımız tək yumruq oldu. Ulu öndərin yaxdığı məşələni, onun sadiq davamçıları, Azərbaycan Respublikasının prezidenti və ordumuzun baş komandanı Cənab İlham Əliyev bir yürüşlə bizləri zəfərdən zəfərə apararaq, 44 gündə yadelli işğalçılardan Qarabağımızı və Qarabağın incisi Şuşanı azad etdi. Erməni ordusunun belini qırdı, onlara unutmayacaqları dərs verildi. Bugünlərdə biz o zəfərin 5-ci ilini vətənimizin hər guşəsində qeyd etdik. Görülən abadlıq işləri, Qarabağımızın və Şərqi Zəngəzurun yenidən dirçəlişi və gülüstana çevrilməsi Azərbaycan prezidentinin və dövlətimizin müdrik siyasətinin nəticəsidir. Bu zəfər sayəsində üçrəngli bayrağımızın vətənimizin hər qarış torpağında dalğalanması təmin edildi. İndi biz başı dik və gələcəyə inamla baxan bir xalqıq. Vətən müharibəsinin davamında həyata keçirilən 24 saatlıq antiterror əməliyyatı isə bu cahanşumul yürüşün tacı oldu. Azərbaycanımız dünya var olduqca var olsun, əbədiyyətə qədər. Üçrəngli bayrağımız həmişə başımızın üstündə dalğalansın. Yeni ilin qədəmləri də vətənimizə və xalqımıza yeni nailiyyətlər və zəfərlər gətirsin. Yaşasın kiçiklənen və inkişaf edən müstəqil Azərbaycan.
Sevinc Yarməmmədova
10:08 31.12.2025
Oxunuş sayı: 3173