“Mavi ekran”ımız 70 yaşında
Fevralın 14-ü Azərbaycan televiziyasının yarandığı gündür. Düz 70 il əvvəl - 1956-cı il fevralın 14-də sehrli “qutu”dan aktrisa Nəcibə Məlikova “Göstərir Bakı” deyərək tamaşaçıları salamlayıb. Sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Beləliklə, Azərbaycanda televiziya müntəzəm yayıma başlayıb.
Media nəzəriyyəçisi Marşal Maklyuenin hələ ötən əsrdə dediyi o “qlobal kənd”in sakinləri özlərini hər gün yenilənən texnoloji mühitin ağuşunda görürlər. Amma illər öncə yaranmasıyla kütləvi kommunikasiya sisteminə səslə birgə görüntünü də gətirən televiziya indi də aktualdır, baxılır və cəsarətlə deyə bilərik ki, sevilir.
Zaman və texnologiya televiziya yayımının həm formasında, həm də məzmununda köklü dəyişikliklər yaradıb. Əvvəllər televiziya müəyyən saatlarda izlənilən, ailəni ekran qarşısında birləşdirən klassik efir vasitəsi idi. Tamaşaçı maraq dairəsində olan verilişi proqramdan seçərdi, vaxtı gəlincə ekran qarşısında yerini rahatlayıb çayını udumlaya-udumlaya sevimli aparıcısına baxardı. Bu günün tamaşaçısı isə istədiyi vaxt, istədiyi yerdə, istədiyi cihazdan məlumat almaq istəyir. Texnoloji yeniliklər – smart televizorlar, internet yayımı, mobil cihazlar, müxtəlif platformalar – televiziya yayımını xətti modeldən qeyri-xətti modelə doğru aparır. Dəyişən tamaşaçı vərdişləri isə televiziya kanallarını daha qısa formatlar, dinamik montaj, vizual cəlbedicilik və multiplatform yayım barədə düşünməyə vadar edir. Nəticədə televiziya artıq təkcə “yayımlayan” yox, rəqabət aparan media oyunçusuna çevrilir.
Təbii ki, yeni medianın inkişafı ənənəvi mediaya təsirsiz ötüşməyib. Məzmun istehsalına sürət və çeviklik gəlib, indi mövzuların daha geniş və rəngarəng təqdimatı mümkündür, yeni formatların yaranması prosesi sürətlənir. Əvvəl əks əlaqə yalnız redaksiyaya zəng və ya tamaşaçı məktubları ilə qurulurdusa, bu gün auditoriya ilə birbaşa əlaqə, interaktivlik tamaşaçını verilişin sadəcə izləyicisi yox, iştirakçısı edir.
Amma bu üstünlüklərin yanında yeni media özü ilə dezinformasiya və yanlış xəbərlərin sürətli yayılması təhlükəsini də gətirir. Jurnalistikanın peşəkar standartlarının zəifləməsi, sensasiya və klik əsaslı yanaşmanın güclənməsi son nəticədə auditoriyanın mediaya olan etibarını şübhə altına alır. Ənənəvi media burada da öz nüfuzunu qoruyub saxlaya bilir. Yeni media ənənəvi medianı sıradan çıxarmır, lakin onu daha məsuliyyətli, daha çevik və daha yaradıcı olmağa məcbur edir.
Beləcə, televiziya da yeni mediaya uduzmur – sadəcə transformasiya olunur. Bu çox vacib məqamdır, çünki tarix boyu heç bir güclü media forması yenisinin – özündən daha güclüsünün təsirindən tam sıradan çıxmayıb, sadəcə formasını dəyişib.
Bu günün televiziyası sosial şəbəkələrdə aktivdir, proqramlarını YouTube və platformalarda yayımlayır, canlı yayımları paralel şəkildə onlayn təqdim edir. Yəni televiziya artıq təkcə “ekran” deyil, media ekosisteminin bir hissəsidir. Ənənəvi efir brendin – yəni telekanalın əsas vitrinidir, platformalar isə əsas istehlak mühitidir.
Doğrudur, ənənəvi televiziya auditoriyasının əsas hissəsi yaşlı nəslin nümayəndələridir. Gənclər üçün televiziya birbaşa əsas informasiya mənbəyi olmasa da daha çox fon, seçilmiş proqram, sosial mediada paylaşılan fraqment rolunu oynayır. Gənclər televiziya məzmununu TikTok, Instagram, YouTube vasitəsilə qəbul edirlər. Əslində bu, televiziya üçün təhlükə deyil, yeni giriş qapısıdır.
Müasir tamaşaçı uzun və statik proqram izləmək istəmir, sürət, vizual keyfiyyət və məna axtarır, efirdə daha çox hekayə və insan taleyi görmək istəyir, televiziyadan etibarlı və yoxlanmış informasiya gözləyir.
Bəli, bütün bu yeniliklərin fonunda 70 yaşlı televiziyamızın hələ də nüfuz və etibar baxımından media sistemində lider olduğunu deyə bilərik. Çünki ənənəvi televiziyada peşəkar məsuliyyət var, redaksiya fəaliyyəti və hüquqi mexanizmlər mövcuddur, xəbər təsdiqlənir, faktlar ciddi yoxlanır, sonra yayımlanır. Sosial media sürətlidir, amma hər zaman etibarlı deyil. Böhran anlarında – müharibə, təbii fəlakət, siyasi hadisələr zamanı – insanlar yenə də televiziyaya üz tutur. Təkcə bir faktı vurğulamaq kifayətdir: Vətən müharibəsi günlərində dezinformasiyanın ayaq tutub yeridiyi dönəmdə yenə doğru məlumatın ünvanı məhz televiziyamız oldu.
Süni intellektin həyatımıza inteqrasiyası televiziya sahəsinə də sirayət edir. Montaj, altyazı, analitika, hətta kontent tövsiyəsi sahəsində süni intellektin imkanlarından istifadə olunur. Amma süni intellekt peşəkar jurnalisti hələ tam əvəz edə bilməyəcək. Çünki süni intellekt alətdir, etibar, empatiya və canlı ünsiyyət isə hələ də insana xasdır.
İndi Azərbaycan televiziyasının 70 yaşı tamam olur. Bu illər ərzində doğma televiziyamız öz sadiq tamaşaçılarının maraqlarına cavab verən yüzlərlə layihələr həyata keçirib, bir-birindən maraqlı proqramlar hazırlayıb. Ölkə teleməkanının formalaşmasında öz rolu olan ana televiziyamızda operativ xəbər buraxılışları ilə yanaşı, analitik, musiqili, əyləncəli və sənədli verilişlər yayımlanır. Gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, maraqlı təhlillər izləyicilərə təqdim olunur. Bəzən tələbkar tamaşaçının umu-küsüsü ilə, bəzən də alqışlarla yola salıb illərini. Texnologiyanın inkişafı ilə paralel addımlayan televiziya öz sehrini hələ də saxlayır. Amma bu cazibə artıq sadəcə vərdişdən yox, məzmunun gücündən doğmalıdır.
Televiziyanın gələcəyinə nikbin baxanlardanam. Teleproqram yaradıcıları gənclərlə eyni dildə danışmağı öyrənməli, texnologiyadan qorxmamalı, onu qəbul etməlidirlər. Əgər televiziya bu balansı qoruya bilsə, “sehrli qutu” sadəcə keçmişin yox, gələcəyin də mediası olacaq.
70 yaşın mübarək, Azərbaycan televiziyası!
Xatirə Hüseynova,
BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri
11:05 14.02.2026
Oxunuş sayı: 563