Tramp Davosda niyə ancaq İlham Əliyev və Zelenski ilə görüşdü?
Müasir dövrdə qlobal çağırışların artdığı, münaqişələrin və siyasi gərginliklərin genişləndiyi bir şəraitdə sülhə, dialoqa və ədalətə əsaslanan liderlik modeli xüsusi önəm kəsb edir. Beynəlxalq platformalarda sabitlik və əməkdaşlıq çağırışları ilə seçilən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti bir çox dövlət və təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Bu kontekstdə Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin dövlət başçımızla görüş zamanı səsləndirdiyi fikirlər Azərbaycanın regionda və dünyada artan nüfuzunun bariz göstəricisi kimi dəyərləndirilə bilər.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Azərbaycan Prezidentinin müdrik liderliyi və qətiyyətli rəhbərliyi nəticəsində ölkəmiz regionda orta güc statusuna malik nüfuzlu dövlətə çevrilmişdir. Bu gün Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi düzənin əsas memarı məhz Azərbaycandır. Respublikamız artıq regional proseslərə real təsir imkanına malik aparıcı aktor kimi çıxış edir.
Azərbaycan eyni zamanda Mərkəzi Asiya ilə Avropa və Qərb arasında strateji körpü rolunu oynayır. ABŞ vitse-prezidentinin ölkəmizə səfəri zamanı müzakirə edilən əsas məsələlərdən biri də Mərkəzi Asiya məhsullarının Amerika Birləşmiş Ştatlarına Azərbaycan üzərindən nəql edilməsi perspektivi olmuşdur. Bu fakt Azərbaycanın nəqliyyat-logistika mərkəzi kimi artan rolunun bariz göstəricisidir.
Davos İqtisadi Forumunda Amerika Birləşmiş Ştatları prezidentinin yalnız iki dövlət başçısı ilə ayrıca görüş keçirməsi də xüsusi diqqət çəkmişdir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ukraynanın dövlət başçısı. Bu, dünyanın aparıcı gücünün liderinin Azərbaycana və onun Prezidentinə göstərdiyi yüksək etimadın, eləcə də Azərbaycan rəhbərinin liderlik keyfiyyətlərinə olan hörmətin açıq ifadəsidir.
Bütün bunlar sübut edir ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan ardıcıl uğurlara imza atır. Regionda artıq yeni siyasi reallıq formalaşmışdır və əminliklə demək olar ki, bu yeni düzən Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir".
Elmir Heydərli
11:32 14.02.2026
Oxunuş sayı: 619