Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd olunub
Türkiyənin İstanbul, İzmir və Eskişehir şəhərlərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbirlər keçirilib.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
İstanbul Türkiyə–Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi (İSTAD) tərəfindən təşkil edilən tədbirdə Türkiyənin dövlət qurumlarının təmsilçiləri, deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində iki qardaş ölkənin şəhidlərinin xatirəsi yad edilib, Dövlət himnləri səsləndirilib. Türk Mədəniyyət Platformasının rəhbəri Metin Yıldırım və jurnalist Səidə Ömərin təqdimatları ilə keçirilən tədbirdə çıxış edən İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu Qarabağ Zəfərindən sonra bayramlarımızın sevinc və qürur hissi ilə qeyd olunduğunu bildirib. Digər çıxışçılar da Türkiyə ilə Azərbaycan arasındakı birlik və həmrəyliyin əhəmiyyətini qeyd ediblər. Tədbir hər iki ölkənin sənətçilərinin ifaları ilə başa çatıb.
İzmirdə keçirilən tədbir isə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub. Bayram proqramında İzmir və Manisa şəhərlərində təhsil alan azərbaycanlı və türk tələbələr fəal iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Eşref Tuna Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə iştirakçıları təbrik edib. Azərbaycanlı jurnalist Nigar Ögeday çıxış edərək 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verib. Tanınmış aktrisa Roza İbadova Koçamazın, eləcə də tələbələrin hazırladığı musiqi və rəqs nömrələri bayram gecəsinə xüsusi rəng qatıb. Mədinə Qocayeva, Aytac Xəlilova, Jalə Əhmədova, Xədicə Rəhimova, Nəzrin Musayeva, Rəvan Qurbanov, Sima İsmayılova, Şəhriyar Hüseynov, Kənan Hüseynov, Əli Poladzadə, Əli Əliyev və Ülvi Məmmədquliyevin ifaları, Azərbaycanın milli rəqsləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Gənclər arasında milli dəyərləri əks etdirən mövzular üzrə bilik yarışları təşkil olunub, fərqlənən iştirakçılara hədiyyələr verilib. Eyni zamanda il ərzində dərnəyin fəaliyyətinə dəstək göstərən şəxslər və qurumlar təşəkkürnamələrlə təltif olunub. Sonda Azərbaycanlı xanımların ev şəraitində hazırladığı milli mətbəx nümunələri iştirakçılara təqdim olunub.
Eskişehir Azərbaycanlılar Dərnəyi də “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə Salam” adlı bayram tədbiri təşkil edib. Tədbirdə dərnəyin sədri Cavid Aydın, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, sədr müavini Sirac Yaquboğlu, “Sevgi Xoru”nun eləcə də dərnəyin üzvləri, soydaşlarımız və gənclər iştirak edib. Açılış nitqi ilə çıxış edən dərnəyin sədri Cavid Aydın 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birliyin möhkəmləndirilməsi, milli-mədəni dəyərlərin qorunub yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Sədr müavini Sirac Yaquboğlu isə çıxışında mədəni tədbirlərin və gənclərin fəal iştirakının həmrəylik ruhunun davamlı şəkildə yaşadılmasında xüsusi rol oynadığını bildirib. Bayram proqramı bədii hissə ilə davam edib. “Buta Bakı” Musiqi Qrupunun ifaları tədbirə xüsusi rəng qatıb. Şaxta baba və Qar qızın uşaqlara hədiyyələr paylaması gecəyə şən və bayram ab-havası bəxş edib. Beynəlxalq festivalların qalibi olan gənc sənətçilər Elvin Məmmədli və Mirzə Kazımzadənin səhnə çıxışları isə iştirakçıların böyük maraq və alqışları ilə qarşılanıb.
20:45 30.12.2025
Oxunuş sayı: 1216