Rusiyanın Azərbaycanda mədəni-humanitar fəaliyyətini yeni və daha şəffaf formatda bərpa etmək cəhdləri istisna edilmir -DEPUTAT
Azərbaycan dövləti ölkə ərazisində fəaliyyət göstərən bütün xarici qurumlara münasibətdə hüquqi dövlət prinsipinə əsaslanan qətiyyətli mövqeyini davam etdirir. Yerli qanunvericiliyin tələblərinə əməl olunmasının zəruriliyi bir daha ön plana çıxarılaraq, Bakı şəhərində fəaliyyət göstərən “Rus Evi” ilə bağlı ləğvetmə prosesi tam şəkildə yekunlaşdırılıb.
Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, sözügedən təsisat uzun müddət rəsmi qeydiyyat olmadan fəaliyyət göstərib və bu məsələ ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilib. Nazir vurğulayıb ki, Azərbaycanın suveren hüquqları çərçivəsində heç bir xarici qurumun birtərəfli qaydada və mövcud qanunvericiliyə zidd şəkildə fəaliyyətinə yol verilə bilməz. Rəsmi Bakının mövqeyinə görə, “Rus Evi” ilə bağlı bütün yarımçıq prosedurlar tamamlanıb və ləğvetmə prosesi artıq başa çatmış hesab olunur.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova Crossmedia.az -a açıqlamasında deyib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dekabrın 25-də keçirdiyi mətbuat konfransında səsləndirdiyi açıqlamalar Bakıda fəaliyyət göstərmiş “Rus Evi”nin ləğvi məsələsinə hüquqi və diplomatik baxımdan aydınlıq gətirdi: "Nazir bildirdi ki, mərkəzin bağlanması prosesi tam başa çatıb və bunun əsas səbəbi “Rus Evi”nin uzun müddət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmədən fəaliyyət göstərməsi olub. Nazirin sözlərinə görə, ləğvetmə prosesi mərhələli şəkildə və qarşılıqlı təmaslar əsasında həyata keçirilib. Rusiya tərəfi tərəfindən ləğvedicilər təyin olunub, onlar Azərbaycana gəlib, yarımçıq qalmış inzibati və maliyyə məsələlərinin həlli üçün Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən lazımi dəstək göstərilib. Beləliklə, proses hüquqi çərçivədə tamamlanıb və açıq qalan heç bir məsələ qalmayıb. Qeyd edək ki, Rusiyanın Bakıda fəaliyyət göstərən bu mədəniyyət mərkəzi 1997-ci ildən mövcud olub və 2025-ci ilin fevral ayında fəaliyyətini dayandırıb. Məsələnin diqqət çəkən tərəfi ondan ibarətdir ki, Azərbaycan tərəfi bu addımı siyasi qərar kimi deyil, sırf hüquqi və inzibati tədbir kimi əsaslandırıb. Bu yanaşma rəsmi Bakının dövlət suverenliyi və qanunun aliliyi prinsipinə sadiqliyini bir daha nümayiş etdirir. Moskvanın rəsmi reaksiyası daha çox təmkinli və praqmatik xarakter daşıyıb. Rusiya tərəfi məsələni siyasi qarşıdurma müstəvisinə keçirməyib və “Rus Evi”nin bağlanmasını ikitərəfli münasibətlərin ümumi fonundan ayırmağa üstünlük verib. Ləğvetmə prosesində texniki əməkdaşlıq, ləğvedicilərin təyin olunması və diplomatik kanallar vasitəsilə əlaqənin saxlanması bunu açıq şəkildə göstərir. Bu mövqe onu deməyə əsas verir ki, Rusiya məsələyə daha çox hüquqi-inzibati çərçivədə yanaşıb və bunu Azərbaycana qarşı yönəlmiş addım kimi təqdim etməyə çalışmayıb. Mövcud beynəlxalq və regional şəraitdə Moskvanın Cənubi Qafqazda əlavə gərginlik yaratmaq istəməməsi də bu yanaşmanı şərtləndirən əsas amillərdən biridir".
Deputat, həmçinin hazırki mərhələdə Rusiyanın Azərbaycana qarşı simmetrik və ya sərt cavab addımları atması ehtimalı yüksək qiymətləndirilmədiyini qeyd edib: "Bunun bir neçə səbəbi var. İlk növbədə, Azərbaycan tərəfi “Rus Evi”nin fəaliyyətinə son qoyarkən tam hüquqi əsaslara söykənib və bu arqument beynəlxalq praktikada da qəbul olunan yanaşmadır. İkinci mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan–Rusiya münasibətləri yalnız mədəni-humanitar sahə ilə məhdudlaşmır və enerji, nəqliyyat, regional təhlükəsizlik kimi strateji istiqamətləri əhatə edir. Bununla belə, gələcək perspektivdə Rusiyanın Azərbaycanda mədəni-humanitar fəaliyyətini yeni və daha şəffaf formatda bərpa etmək cəhdləri istisna edilmir. Bu, ya səfirlik nəzdində məhdud proqramlar, ya da qarşılıqlı razılaşma əsasında, qanunvericiliyə tam uyğun yeni mərkəz modelinin müzakirəsi şəklində ola bilər. Azərbaycan tərəfinin isə bu məsələdə əsas prinsipinin dəyişməyəcəyi gözlənilir: fəaliyyət yalnız rəsmi qeydiyyat, şəffaflıq və milli qanunvericiliyə tam uyğunluq əsasında mümkündür. “Rus Evi”nin Azərbaycanda fəaliyyətinin dayandırılması nə diplomatik böhran, nə də strateji münasibətlərdə dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu hadisə daha çox Azərbaycanın suveren hüquqlarını qorumaq əzmini, daxili qanunvericiliyin aliliyinə sadiqliyini və xarici tərəfdaşlarla münasibətlərdə hüquqi ardıcıllığı nümayiş etdirir. Rusiya tərəfinin sakit və konstruktiv reaksiyası isə göstərir ki, məsələ tərəflər arasında münasibətləri zədələmədən, diplomatik çərçivədə həll olunub. Bu yanaşma gələcəkdə də Azərbaycanın xarici siyasətində əsas xətt kimi qalacaq: qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və dövlət suverenliyinə əsaslanan münasibətlər".
Elmir Heydərli
10:30 30.12.2025
Oxunuş sayı: 24284