Uzaqda da vətənpərvərlik ruhunu yaşadırıq - Diaspor fəalı
Diaspora fəaliyyəti Azərbaycan üçün həm milli kimliyin qorunması, həm də ölkəmizin dünyada tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Uzaqda yaşayan soydaşlarımız öz mədəniyyətlərini, dilini və adət-ənənələrini qorumaqla yanaşı, gənc nəsillərə vətən sevgisini aşılamaq, birlik və həmrəylik ruhunu gücləndirmək istiqamətində mühüm fəaliyyət göstərirlər. Bu baxımdan diaspor təşkilatları həm tarixi yaddaşı yaşadır, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirir. Bu səbəbdən də Crossmedia.az Analitik İnformasiya Portalının “Zəfər Diasporu” rubrikasında oxuculara növbəti müsahibəsini təqdim edir.
Bu dəfəki müsahibəmiz isə Qazaxıstan Respublikasının Türküstan vilayətində fəaliyyət göstərən Azərbaycan–Qarabağ Etnik Mədəniyyət Birliyinin rəhbəri Ramilə Mustafayeva ilədir. Uzun illərdir diaspora fəaliyyətinin mərkəzində olan müsahibimiz milli-mədəni irsin qorunması, gənclərin maarifləndirilməsi və Qarabağ həqiqətlərinin təbliği istiqamətində əhəmiyyətli işlər görür.

-Mədəniyyət mərkəzini yaratmaqda sizə ən çox kimlər necə dəstək oldu?
-Mədəniyyət mərkəzinin yaradılmasına mənim ən böyük dəstəkçim xalqımız və icra hakimiyyətində olan qazaxlar oldu.
-Dediniz ki, bir ayda 5–6 tədbir keçirirsiniz. Bu sizdən həm mənəvi, həm də fiziki olaraq nə tələb edir?
-Bəli, ayda 5–6 tədbir keçirmək həm mənəvi, həm də fiziki cəhətdən yorucudur, amma öhdəsindən gəlirəm və işimi məsuliyyətlə görməyi bacarıram.
-“Karabkh” adının mərkəzə verilməsi sizin üçün hansı simvolik mənanı daşıyır?
-Mədəniyyət mərkəzinin adını ‘’Karabakh’’ qoymağı özüm qərarı verdim çünki mənim valideynlərim Ağdam rayonundandır. İcrada işləyəndə qazaxlara hər zaman demişəm ki, "mən qarabağlıyam". Bəziləri bilmirdi ki, Qarabağ haradır. Bilənlər isə deyirdilər ki, ‘’ora ermənilərin deyil?’’. Bu mənə çox pis təsir edirdi. Deyirdim ki, ‘’İnşallah torpaqlarımızı geri qaytaracağıq. Qarabağ bizimdir’’. Şükürlər olsun o günü də gördük. Cənab Prezidentimiz var olsun, onun şəhidlərimizin sayəsində qələbə çaldıq. Şəhidlərimizə Allah rəhmət eləsin, bu sevinci bizə yaşatdılar. Və ən əsası müharibə bitəndən sonra ən birinci məni təbrik edən həmin Qazaxlar olub.

-Bazar günü məktəbinin açılması diaspora üçün hansı boşluğu doldurdu?
-Bazar günü məktəbinin açılması mərkəzin mədəni həyatında, şübhəsiz ki, çox böyük rol oynayır. Tarixi vətəndən uzaqda yaşayan bizlər üçün ana dilini, milli dəyərləri qoruyub saxlamaq asan deyil. Xüsusilə də bir çox uşaqlar ana dilini kifayət qədər bilmirlər. Məhz bu məktəbin fəaliyyəti sayəsində uşaqlar öz ana dillərini, tarixlərini və ədəbiyyatlarını öyrənmək imkanı əldə edirlər. Bununla yanaşı, gənclər bir-birinə daha da yaxınlaşır, aralarında ünsiyyət və həmrəylik formalaşır. Bütün bunlar birlik və milli kimliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
-İki tərəfli yay və qış düşərgələri sizdə ideyası necə yarandı?
-Yay və qış düşərgələri İsveçrədə yaşayan soydaşımız Qasım Nəsirovun təşəbbüsü ilə həyata keçirilən layihə idi. Layihə Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Diaspor Dəstək Fondu ilə birgə reallaşdırılmışdır. Diaspor Dəstək Fondunun icraçı direktoru Əkrəm müəllim Abdullayevin rəhbərliyi ilə 2023–2024-cü illər üçün düşərgələrin keçiriləcəyi ölkə kimi Qazaxıstanın Türkistan vilayəti seçilmişdir. Bu seçim bölgədə fəaliyyətin yüksək səviyyədə və aktiv olması ilə bağlı idi. Şəxsi olaraq mənim üçün isə ən böyük şərəf, həmin düşərgələr çərçivəsində şəhid övladlarının qonağımız olması idi. Bu, həm mənəvi baxımdan, həm də milli məsuliyyət baxımından unudulmaz və qürurverici bir təcrübə oldu.

-Türküstan vilayətində azərbaycanlı gənclərin gələcəyini necə görürsünüz?
-2025-ci ildə mən “Biz Qafqaz dağlarının və Qazax çöllərinin övladlarıyıq” adlı kitab nəşr etdirdim. Kitabımızın çox gözəl və yaddaqalan təqdimatı keçirildi. Bu əsərdə ata-babalarımızın Qazaxıstana sürgün olunması tarixindən, bizim isə onların üçüncü–dördüncü nəsli olaraq bu torpaqlarda yaşamağımızdan bəhs etmişəm. Eyni zamanda mədəniyyət mərkəzimiz tərəfindən görülən işləri də kitabda ətraflı şəkildə qələmə almışam ki, gələcək nəsil bu tarixi unutmasın. Mənim fikrimcə, gənclərimiz Türkistan bölgəsində yaxşı inkişaf edəcək, keyfiyyətli təhsil alacaq və milli-mədəni dəyərlərimizi qoruyub yaşadacaqlar. Bu kitab da məhz həmin yaddaşın və gələcəyə inamın bir parçasıdır.
-Azərbaycan Respublikasının dəstəyi sizin fəaliyyətinizə necə təsir etdi?
-Diasporla İş üzrə Dövlət Komitənin dəstəyi fəaliyyətimiz üçün son dərəcə mühüm əhəmiyyət daşıdı. Onlar bizə həm maddi, həm də mənəvi baxımdan böyük dəstək göstərdilər, tədbirlərimizin keçirilməsində və gənclərin bu proseslərə cəlb olunmasında mühüm rol oynadılar. Ən əsası isə Diasporla İş üzrə Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirir. Məhz bu dəstək sayəsində bu gün bir çox ölkədə dostlarımız, əlaqələrimiz formalaşıb. Bu münasibətlə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradova dərin təşəkkürümüzü bildiririk.

-Bu 8 ilin sizə öyrətdiyi ən böyük dərs nə olub?
-Bu səkkiz il mənə göstərdi ki, səbirli və çalışqan olmaq, ən əsası isə insanda vətənpərvərlik hissinin olması çox vacibdir. Eyni zamanda anladım ki, birlikdə çalışdıqda böyük və dəyərli işlər görmək mümkündür.
Sevinc Yarməmmədova
10:00 29.12.2025
Oxunuş sayı: 6217