Təhsil proqramları yenilənir- Detallar açıqlandı
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Krediti Fondunun 4 illik hesabat tədbirində çıxışı zamanı deyib ki, bakalavr səviyyəsində tədris proqramları yenilənəcək.
O bildirib ki, nazirliyin təşəbbüsü ilə ali təhsil müəssisələrinin nümayəndələri və əmək bazarının əsas iştirakçılarının birgə formalaşdırdığı komissiyalar vasitəsilə magistratura səviyyəsində bütün ixtisaslar üzrə yenilənmə aparılıb.
Sözügedən məsələ barədə Crossmedia.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, hazırda ixtisasların yenilənməsi əmək bazarının tələblərinə uyğun şəkildə həyata keçirilir: “Bu proses daha ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək. Ümumilikdə gözləntimiz ondan ibarətdir ki, bu yenilənmə həm ali təhsilin keyfiyyətinin yüksəlməsinə, həm də məzunların gələcəkdə əmək bazarında daha asan iş tapmalarına müsbət təsir göstərəcək. Qeyd etmək lazımdır ki, dünyanın demək olar hər yerində yeni və müasir ixtisaslara maraq artmaqdadır. Xüsusilə süni intellekt, informasiya texnologiyaları, maliyyə menecmenti kimi istiqamətlər bu baxımdan ön plana çıxır. Bu sahələr üzrə kadr hazırlığının həyata keçirilməsi gənclərin peşəkar inkişafına, təhsil keyfiyyətinin yüksəlməsinə və dövlətin müvafiq strukturlarında daha uğurlu nəticələrin əldə olunmasına şərait yaradacaq. Ümumilikdə isə bu yeniliklər faydalı iş əmsalının daha da artmasına təkan verəcək”.

Sevinc Sultanlı
22:00 26.12.2025
Oxunuş sayı: 1008