Qırğızıstandakı azərbaycanlı rəhbər şəxslərlə görüş keçirilib
Bişkekdə fəaliyyət göstərən Azərbaycan–Qırğızıstan İnkişaf Fondunda beynəlxalq təşkilatların həmin ölkədəki nümayəndəliklərinə və ictimai qurumlara rəhbərlik edən soydaşlarımızla görüş keçirilib.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Görüşdə fondun həmsədrləri İqbal Babayev və Zamirbek Osmonov, eləcə də İdarə Heyətinin üzvləri, Beynəlxalq Valyuta Fondunun Qırğız Respublikasındakı Daimi Nümayəndəsi Fərid Talışlı, Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə Regional direktoru Aytən Rüstəmova, UNICEF-in təhsil və gənclər məsələləri üzrə şöbə rəhbəri Leyla Həsənova, ATƏT-in Bişkek şəhərindəki Proqram Ofisinin nümayəndəsi Fikrət Əliyev, Qırğızıstanda fəaliyyət göstərən “Birlik” Azərbaycanlılar İctimai Birliyinin sədri Xansıvar Baxşəliyev iştirak ediblər.
Qonaqlara fondun fəaliyyəti barədə məlumat verilib, qarşılıqlı əməkdaşlığın aktual istiqamətləri və perspektivləri müzakirə olunub.
Səmimi və konstruktiv mühitdə keçən görüşdə dialoqun, həmrəyliyin və gələcək əməkdaşlığın əhəmiyyəti bir daha vurğulanıb. Həmçinin iştirakçılar qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriklərini, xoş arzularını dilə gətiriblər.
14:18 26.12.2025
Oxunuş sayı: 1006