Azərbaycan-Britaniya peşəkarları süni intellekt mövzusunda bir araya gəlib
İngiltərənin paytaxtı Londonda Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Azərbaycan–Britaniya Peşəkarları Assosiasiyasının (AABP) təşkilatçılığı ilə “Süni intellekt və daha geniş perspektivlər: Səhiyyə, mühəndislik və elmin transformasiyası Azərbaycan–Britaniya əməkdaşlığı kontekstində” mövzusunda konfrans keçirilib.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Konfransda “NICE”, “Imperial College London”, “King’s College London”, “Halliburton”, “UCLH NHS” və digər beynəlxalq qurumların nümayəndələri, eləcə də Azərbaycan Tibb Universitetinin prorektoru Məlahət Sultanova iştirak edib.
Azərbaycan–Böyük Britaniya Peşəkarları Assosiasiyasının təsisçisi və sədri, uşaq cərrahı İlhamə Cəfərli süni intellekt texnologiyalarının səhiyyə, mühəndislik və elmi-tədqiqat sahələrində innovativ yanaşmaların formalaşmasına mühüm töhfə verdiyini bildirib.
“City of London”un keçmiş Lord meri Devid Vutton çıxışında konfransın əsas məqsədlərinə toxunaraq Azərbaycan və Britaniya peşəkarları arasında əməkdaşlığın strateji əhəmiyyətini qeyd edib.
Konfrans panel müzakirələri ilə davam edib. Böyük Britaniya və Avropanın aparıcı universitetləri, tədqiqat mərkəzləri və texnologiya şirkətlərini təmsil edən mütəxəssislər süni intellektin səhiyyədə diaqnostika və müalicə proseslərinə təsiri, mühəndislik və elmdə məlumat əsaslı innovasiyalar, eləcə də rəqəmsal texnologiyaların gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində AABP ilə Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyi (AMD) və “Universal Hospital” arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Bu sənədlər səhiyyə və elmi-tədqiqat sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Sonda müxtəlif sahələrdə fərqlənən iştirakçılara və tərəfdaşlara mükafatlar təqdim olunub, tədbirin uğurla keçirilməsinə töhfə verən şəxslər təltif edilib.
15:43 24.12.2025
Oxunuş sayı: 1551