ABŞ Konqres üzvləri Ədliyyə Nazirliyini Epşteyn sənədləri ilə bağlı qanun pozuntusunda ittiham edir
ABŞ Konqresinin Respublikaçı üzvü Tomas Massi və Demokrat üzvü Ro Xanna, Baş prokuror Pam Bondinin rəhbərlik etdiyi Ədliyyə Nazirliyinin yaydığı sənədlərin “Epşteyn Faylları Şəffaflığı Aktı”na uyğun olmadığını bəyan ediblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qanunvericilərin bildirdiyinə görə, sənədlərin təqdim olunma forması Konqres tərəfindən qəbul edilən və ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanan qanunun “həm mahiyyətini, həm də hərfini” pozur. Onlar vurğulayıblar ki, açıqlanan materiallarda geniş miqyaslı redaktələr aparılıb.
Eyni zamanda Ceffri Epşteynlə bağlı yeni fotoşəkillər də yayılıb. Bu dəfə diqqət Demokrat Partiyasının tanınmış simalarından biri, ABŞ-ın sabiq prezidenti Bill Klinton üzərinə yönəlib. Yeni sənədlərdə Bill Klintonun və mərhum müğənni Maykl Ceksonun Epşteynin mülkündə və şəxsi təyyarəsində vaxt keçirdiyini əks etdirən görüntülərin yer aldığı bildirilir.
Sənədlərdə həmçinin Epşteynin Amazon platformasından seks kölələrinin saxlanılması ilə bağlı kitablar sifariş etdiyinə dair sübutların olduğu iddia edilir. Bununla yanaşı, Epşteynin Nyu-Yorkdakı mənzilində çəkildiyi deyilən fotolarda qadınların çılpaq şəkillərinin, eləcə də uşaq fotolarının mövcud olduğu qeyd olunur.
Məlumata görə, Ceffri Epşteyn Kiçik və Böyük Sent-Ceyms adalarında yerləşən mülklərinə onun qayığını ziyarət edən şəxslərin qeydiyyatını aparıb. Lakin yayımlanan sənədlərdə həmin siyahılardakı adların böyük hissəsi silinib.
Rəsmi qurumlar yayılan iddialarla bağlı hələlik geniş açıqlama verməyib.
14:50 20.12.2025
Oxunuş sayı: 1006