Britaniya və İran XİN rəhbərləri telefon danışığı aparıb
Dünən İranın xarici işlər naziri Abbas Əraqçı və britaniyalı həmkarı İvette Kuper telefon danışığı aparıblar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Telefon danışığı zamanı ikitərəfli münasibətlər, o cümlədən konsulluq məsələləri müzakirə edilib. Tərəflər qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və ortaq maraq doğuran məsələlərin həlli məqsədi ilə müxtəlif səviyyələrdə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Danışıq zamanı Əraqçı Avropa üçlüyünü İranın nüvə məsələsinə yanaşmasını tənqid edərək bildirib ki, Tehran heç vaxt İran xalqının qanuni hüquq və maraqlarına hörmət əsasında aparılan dialoqu rədd etməyib, ancaq danışıqlardan təzyiq və məcburetmə aləti kimi istifadə olunmasını qəbul etmir.
Kuper isə ölkəsinin İranın nüvə məsələsinin yalnız diplomatik yollarla həllinin zəruri olduğu mövqeyini bir daha vurğulayıb.
13:56 20.12.2025
Oxunuş sayı: 1010