Ukrayna Xəzər dənizində Rusiyanın hərbi və enerji obyektlərinə zərbələr endirib
Dekabrın 19-na keçən gecə Ukraynanın Müdafiə Qüvvələri Xəzər dənizində Rusiyaya məxsus bir sıra hərbi-iqtisadi obyektlərə zərbələr endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və Xüsusi Əməliyyatlar Qüvvələri məlumat yayıb.
Crossmedia.az RBK-Ukraynaya istinadən xəbər verir.
Bildirilib ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiya Hərbi Dəniz Qüvvələrinə aid 22460 layihəli “Oxotnik” patrul gəmisini vurub. Gəmi neft-qaz infrastrukturunun yaxınlığında patrul xidməti həyata keçirirmiş. Bir neçə dronun gəmiyə dəydiyi, zədələnmənin dərəcəsinin isə hazırda dəqiqləşdirildiyi qeyd olunur.
Həmçinin “Lukoyl” şirkətinə məxsus Filanovski adına neft-qaz yatağında yerləşən qazma platformasının da zərbəyə məruz qaldığı bildirilib. Dəymiş ziyanın miqyası və obyektin fəaliyyətini davam etdirib-etdirməyəcəyi araşdırılır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, bundan əvvəl müvəqqəti işğal olunmuş Krım ərazisində RSP-6M2 radiolokasiya sistemi də məhv edilib.
Türkanə Məşədiyeva
13:25 20.12.2025
Oxunuş sayı: 1071