“Ədibin Evi”ndə Zərdabi dövrünün mətbuatında ticarət məsələlərinin işıqlandırılması ilə bağlı mühazirə təşkil edilib
Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə İçərişəhərdəki “Ədibin Evi”ndə 1875-1920-ci illərdə milli mətbuatda ticarət məsələlərinin işıqlandırılması barədə mühazirə keçirilib. Mühazirədə “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbər heyəti iştirak edib.
Crossmedia.az bu barədə “Ədibin Evi”nə istinadən xəbər verir.
Çıxış edən filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva ölkəmizin iqtisadi əlaqələrinə nəzər salaraq vurğulayıb ki, Azərbaycan əlverişli coğrafi mövqeyi, müxtəlif təbii sərvətləri hesabına əsrlərlə nəinki özünü dolandırmış, hətta öz işğalçılarına da əl uzadaraq, aclıq və ərzaq qıtlığı dövründə onlara kömək edib. Milli mətbuatımızın ilk yarandığı günlərdən səhifələrində xalqımızın iqtisadi gücünü təşkil edən sahibkarlarıq fəaliyyəti, ozamankı tacirlərin nailiyyətləri və çətinlikləri, və geniş mənada, Azərbaycanın iqtisadi-ticarət dövriyyəsinin vəziyyəti haqqında müfəssəl məlumat əldə etmək mümkündür. “Əkinçi”, “Kəşkül”, “İrşad”, “Həyat”, “Tərəqqi”, “Bəsirət”, “Molla Nəsrəddin”, “Tuti”, “Babayi-Əmir”, “Açıq söz”, “Azərbaycan” kimi qəzet və jurnallar ticarət münasibətləri və xəbərləri, ticarətin hüquqi tənzimlənməsi, bazarların genişləndirilməsi, gömrük siyasəti, daxili və xarici alqı-satqı əlaqələri, kənd təsərrüfatı və xüsusilə, taxıl böhranı kimi mövzulara geniş yer verilir.
Çar hökuməti imperiya müstəmləkəsi olan Azərbaycana xammal bazası kimi baxırdı. Yerli müsəlman tacirlər, əsasən, savadsız təbəqənin nümayəndələri olduqlarına görə ticarət məkanında rəqabət və məhkəmə işləri ilə qarşılaşdıqda, çox zaman aldadılır, yanlış seçimlər edir və nəticədə müflis olurdular. Milli mətbuat çıxış yolunu maariflənmə, iqtisadi biliklərin mənimsənilməsi və ozamankı müasir biznes mədəniyyətinin formalaşmasında görürdü.
Mühazirədə daha sonra çıxış edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva oxşar mövzuların dövrün ədəbiyyatında yer aldığını da nəzərə çatdırıb. Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın Bakıdakı ilk ünvanı “Ədibin Evi”ndə yaratdığı yaddaqalan əsərlərdən söhbət açılıb, onun satirik qələmindən çıxan hekayələrdə maariflənmənin vacibliyinin daim mövzulardan biri olduğu qeyd edilib.
“Veysəloğlu” Şirkətlər Qrupunun rəhbər heyəti daha sonra keçirilən ekskursiyada Mir Cəlalın ədəbi irsinin nadir nümunələri, şəxsi əşyalar və arxiv materialları, eləcə də onun haqqında nəşr olunmuş tədqiqat əsərləri ilə tanış olublar.
Qonaqlar adından Qrupun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov maraqlı mühazirəyə görə minnətdarlığını ifadə edərək bildirib ki, Azərbaycanın ticarət tarixi ilə bağlı qədim qəzet nümunələrimizdə bu cür məlumatların əldə olunması onlar üçün çox dəyərlidir. “Bu mühazirədə indiyədək bilmədiyimiz bir çox faktlarla tanış olmaq imkanı əldə etdik”.
O, “Ədibin Evi”nə ziyarətin tarixi-mədəni irslə müasir biznes mühiti və düşüncəsi arasında yaratdığı körpüləri yüksək qiymətləndirib, bu cür intellektual görüşlərin davamlı olmasına ümidini ifadə edib.
16:12 19.12.2025
Oxunuş sayı: 1196