Ermənistan iqtisadiyyat naziri: Azərbaycan benzininin tədarükü fasiləsiz olacaq
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Azərbaycan istehsalı olan benzinin Ermənistana tədarükünün davamlı və fasiləsiz həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, hökumətin əsas məqsədi regionda biznes mühitini formalaşdırmaq və iqtisadi əməkdaşlığı ön plana çıxarmaqdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Nazir qeyd edib ki, qarşıdurma və münaqişə tərəflərə yalnız itki və qurbanlar gətirir, ticarət və iqtisadi əlaqələr isə rifah və inkişaf yaradır. “Biznesi elə bir müstəviyə çıxarmağa çalışdıq ki, burada müharibə yox, ticarət aparılsın. Müharibə itkilər deməkdir, ticarət isə tərəqqi”, – deyə Papoyan vurğulayıb.
Papoyanın açıqlaması regionda iqtisadi əlaqələrin genişlənməsi və enerji bazarında əməkdaşlığın möhkəmlənməsi baxımından diqqət çəkir. Ekspertlər hesab edirlər ki, bu cür tədarüklər həm bazarda sabitliyə, həm də iqtisadi münasibətlərin normallaşmasına müsbət təsir göstərə bilər.
Sevinc Yarməmmədova
20:03 18.12.2025
Oxunuş sayı: 1012