Ukrayna PUA-larının Rostov vilayətinə hücumu: ölən və yaralananlar var
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Rostov vilayətində bir neçə şəhərə hücumu nəticəsində ölən və yaralananlar var.
Crossmedia.az xəbər verir ki,məlumata görə, PUA-lar Rostov, Bataisk və Taqanroq şəhərlərini hədəfə alıb. Rostov limanına edilən hücum zamanı liman ərazisində yerləşən yük gəmisi alovlanıb. Hadisə nəticəsində gəmidə olan heyət üzvlərindən iki nəfər həlak olub, daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Ümumilikdə Rostov vilayəti ərazisində PUA hücumları nəticəsində üç nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilir. Yaralıların bir qisminin vəziyyətinin orta ağır olduğu qeyd olunur.
Bataisk şəhərində baş verən hücum zamanı isə bir nəfər ölüb, yeddi nəfər yaralanıb. Şəhərdə bir neçə yaşayış və infrastruktur obyektinə ziyan dəydiyi, hadisə yerində fövqəladə hallar və tibbi xidmət əməkdaşlarının çalışdığı bildirilib.
Hazırda hüquq-mühafizə orqanları və müvafiq qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb. Rəsmi qurumlar təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və əhaliyə yalnız rəsmi mənbələrdən verilən məlumatlara etibar etməyi tövsiyə ediblər.
Nastya Qəniyeva
11:17 18.12.2025
Oxunuş sayı: 1047