Professor İbadulla Ağayevin anadan olmasının 75 illiyi qeyd edilib
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli alim, Əməkdar elm xadimi, Əməkdar müəllim, tibb elmləri doktoru, professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Crossmedia.az-ın İctimai Birlikdən bildirilib ki, əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca professor İbadulla Ağayevin zəngin həyat və elmi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli professor İbadulla Ağayevin təkcə tibb elminə deyil, həm də milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə verdiyi töhfələri xüsusi vurğulayıb.
Sonra yubilyar professor İbadulla Ağayev çıxış edərək tədbirin təşkilatçısı olan “Dədə Ələsgər Ocağı” İctimai Birliyinə və iştirakçılara minnətdarlığını bildirib. Uzun illər davam edən elmi və pedaqoji fəaliyyətinin əsas məqsədinin Azərbaycan səhiyyəsinə fayda vermək olduğunu qeyd edib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Azərbaycan Tibb Universitetinin (ATU) professoru, şair Paşa Qəlbinur, ATU-nun onkologiya kafedrasının dosenti Nəsimi Qasımov, daxili xəstəliklər kafedrasının dosenti, tibb və filologiya üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, Türk Ağsaqqalları Birliyinin sədri, tibb elmləri doktoru, professor Sudeyf İmamverdiyev, tibb elmləri doktoru, professor Fatma Hacıyeva, professor Hacı Xalid Bəşər, şair Yusif Ağbulaqlı, şair-publisist Məlahət İsmayılqızı çıxış edərək professor İbadulla Ağayevin elmi, pedaqoji və ictimai fəaliyyətindən söz açıblar. Yarım əsri əhatə edən elmi və pedaqoji fəaliyyət yolunu yüksək dəyərləndirmiş, onun epidemiologiya elminin inkişafına verdiyi fundamental töhfələrdən, yoluxucu xəstəliklərin öyrənilməsi və profilaktikası sahəsində apardığı tədqiqatlardan bəhs olunub.
Qeyd edilib ki, professor İbadulla Ağayev yarım əsrdən artıq elmi-pedaqoji fəaliyyəti dövründə epidemiologiya elminin inkişafına mühüm töhfələr verib, 40 namizədlik və 5 doktorluq dissertasiyasına rəhbərlik edib, yüzlərlə elmi əsərin müəllifidir. O, eyni zamanda Azərbaycan aşıq poeziyasının, xüsusilə Dədə Ələsgər irsinin təbliği sahəsində göstərdiyi xidmətlərə görə 2024-cü ildə “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunub.
16:47 17.12.2025
Oxunuş sayı: 860