Tramp Zelenskiyə təzyiqi artırır: Ukrayna üzrə danışıqlar intensiv mərhələyə keçir
ABŞ-ın prezidenti Donald Tramp Ukrayna Prezidenti Zelenskini sülh danışıqları çərçivəsində müəyyən güzəştlərə getməyə sövq etmək üçün ona ciddi təzyiq göstərir.
Crossmedia.az Almaniyanın Bild nəşrinə istinadən bildirir ki,hazırda Ukrayna münaqişəsi ilə bağlı danışıqlar əvvəlki dövrlərlə müqayisədə daha intensiv şəkildə aparılır. Diplomatik kanallarda fəallığın artdığı bildirilir və prosesdə bir neçə beynəlxalq aktorun paralel şəkildə iştirak etdiyi vurğulanır.
Məlumata əsasən,danışıqlarda ən həssas və mübahisəli mövzulardan biri Donbass bölgəsinin gələcək statusudur. Məhz bu məsələ tərəflər arasında əsas fikir ayrılığı yaradan məqam kimi dəyərləndirilir. Donbassla bağlı mümkün kompromislər Ukrayna cəmiyyətində və siyasi dairələrdə ciddi narahatlıq doğurur.
Trampın mövqeyi daha çox sürətli razılaşmanın əldə olunmasına yönəlib və bu, Zelenski administrasiyasını çətin seçim qarşısında qoyur. Rəsmi Kiyev isə hələlik ərazi bütövlüyü və suverenlik məsələlərində mövqeyinin dəyişməz olduğunu bəyan edir.
Qeyd edək ki, məsələ ilə bağlı nə ABŞ, nə də Ukrayna rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib. Ekspertlər isə hesab edirlər ki, yaxın dövrdə aparılan danışıqlar regionda siyasi vəziyyətin gələcək inkişafına ciddi təsir göstərə bilər.
Nastya Qəniyeva
17:31 13.12.2025
Oxunuş sayı: 1493