Macarıstan NATO-nun baş katibini günahlandırdı
Macarıstanın xarici işlər naziri Peter Siyarto NATO-nun baş katibi Mark Rütteni Ukrayna münaqişəsi ilə bağlı sülh səylərini zəiflətməkdə ittiham edib. Siyartonun sözlərinə görə, Rüttenin Berlindəki çıxışı gərginliyi artırır və danışıqlara zərbə vurur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Rütte həmin çıxışında NATO ölkələrini “babalarımızın və ulu babalarımızın yaşadığı müharibəyə bənzər” bir müharibəyə hazırlaşmağa çağırıb. Buna cavab olaraq Siyarto bildirib ki, NATO-nun baş katibi indiyədək belə “ağlasığmaz” bəyanatlar verməyib.
“Bu çıxış Brüsseldə hamının ABŞ prezidenti Donald Trampın sülh təşəbbüslərinə qarşı səfərbər olduğunu açıq şəkildə göstərir,” - deyə Macarıstan XİN rəhbəri vurğulayıb.
Siyarto əlavə edib ki, bu cür ritorika Ukrayna böhranının diplomatik yolla həllinə xidmət etmir və münaqişənin daha da dərinləşməsi riskini artırır.
Sevinc Yarməmmədova
16:30 13.12.2025
Oxunuş sayı: 1093