Hamımızın istəyi Heydər Əliyevin hakimiyyətə gəlib, xalqı bu çətinlikdən qurtarması idi - MÜSAHİBƏ
Ümummilli lider Heydər Əliyev haqqında müsahib olaraq böyük həvəslə onu düşünürdüm. Bir qədər fikirləşdim, bu mövzuda ondan müsahibə almağı niyə bu qədər istəyirdim? Cavab o qədər də çətin deyildi.
Ağlıma ilk onun gəlməsinin əsas səbəbi Ulu öndərə olan sonsuz sədaqəti idi. Axı, Heydər Əliyev üçün dövlət işində, dostluqda və digər bütün məsələlərdə sədaqət daim ön planda olub.
Qan bağınız olmayan birinə nə qədər sadiq ola bilərsiniz? Onun üçün 4 dəfə işdən atılmağı gözə alardınız? Yazıçı Xeyrəddin Qoca bunu edib. Ən qarmaqarışıq dövrlərdə heç kəsdən, heç nədən qorxmadan, çəkinmədən Heydər Əliyevi təkbaşına müdafiəyə qalxıb. O, Heydər Əliyevin yaxınlarından, məşhur “91-lər”dən olub. Xeyrəddin Qoca milli müstəqillik uğrunda mübarizə aparmaqla yanaşı, həm də dövlət quruculuğu prosesini yaxından izləmiş, bəzən isə tənqidi mövqeyi ilə fərqlənmişdir.

Xeyrəddin Qoca ilə müsahibəyə başlamazdan əvvəl, təbii ki, onu araşdırmağa başladım. Hər oxuduğum yazı, hər baxdığım material məndə yeni suallar doğururdu. Görürdüm ki, o, adi bir ziyalı, yazıçı deyil, düşüncələri, sözləri ilə fərqlənən şəxsiyyətdir. Beləcə, əvvəlcə Heydər Əliyevlə bağlı suallardan başlamalı olduğum bu müsahibə getdikcə daha dərin və maraqlı bir söhbətə çevrildi...
— Ümummilli liderlə ilk tanışlığınız necə olub?
— 1969-cu ildən Heydər Əliyevi izləyirdim.
Daim onun danışığına, şəxsiyyətinə, xarizmasına, geyiminə diqqət yetirmişəm. Moskvada işdən uzaqlaşdırılandan sonra Azərbaycan və rus mətbuatı Heydər Əliyev və ailəsini tənqidi yazılarla ləkələməyə çalışırdı. Bir an düşündüm ki, mənim onu müdafiə edəcək hansı gücüm var? Böyük vəzifəm, pulum, arxamda adamlarım yox idi. Oturdum və başladım yazmağa.
“Dan ulduzu” qəzetinin baş redaktoru idim. Sədr məni çağırdı və dedi ki, sən Heydər Əliyev haqda yazı yazmısan, işdən azad edilirsən. Ondan sonra eyni səbəbdən işlədiyim daha 3 qəzetdən çıxarıldım.
Heydər Əliyev Bakıya gələndə biz onu qarşıladıq. Üz-üzə ilk görüşümüz də hava limanında baş tutdu. Mənim yazılarımdan xəbəri var idi. Qardaşı Cəlal Əliyev yazdıqlarımı ona göndərirdi. Həmin məqalələrə görə 4 dəfə işdən azad edildiyimi də bilirdi. Düzünü deyim ki, yazdığım yazılardan əsla qorxmamışam. Böyük məmurlardan yazırdım. Ancaq o an... Heydər Əliyevin “Sən nə etmisən?” sualı canıma elə qorxu saldı ki... Öz-özümə düşündüm ki, nə etmişəm axı mən? Davamını belə gətirdi:
“Sən özünü ilanların, əjdahaların içinə atmısan. Hakimiyyət səni, ailəni məhv edə bilərdi”.
Düşündüm ki, düz deyir. Hava limanından çıxıb, Cəlal müəllimin evinə yollandıq.
— Şəxsi deyilsə, mərhum Cəlal Əliyevin evinə getdikdən sonra nələr olduğunu danışa bilərsiniz?
— Cəlal müəllimin evində idik. H.Əliyev mənə masanın başına keçməyimi söylədi: “Sən böyük kişilik etmisən, bu faktordur. Otur masanın başında”. Düzünü desəm, çox mütəəssir oldum. Axı Heydər Əliyev olan masada mən necə başa keçə bilərdim?
Ondan sonra, Heydər Əliyev Cəlal müəllimin evində çox qala bilmədi. Səhəri gün Heydər Əliyev Naçıvana getdi və mənə zəng etdi: “Oğul, mənə xalqın sevgisindən yazırdın. Dur, gəl, yazdıqlarını gözünlə gör”. Mən getdim və gördüm ki, neçə min adam onu pir kimi ziyarətə gəlib. Həmin vaxt “Комсомольская правда” Heydər Əliyevi 30 min adam qarşıladığını yazdı. Mən isə “Комсомольская правда”ya cavab olaraq bütün qəzetlərimizdə yazdım ki, Heydər Əliyevi 80 min adam qarşılayıb.
— Sizə görə Heydər Əliyevin digər rəhbərlərdən fərqi nə idi?
— Sadəliyi. O çox sadə insan idi. Naxçıvanda çox soyuq idi. Heydər Əliyev əsgərlərin qabağında çıxış edirdi. Məndə qalın kürk var idi, donurdum. Heydər Əliyev kostyumda bir saat danışdı. Əlləri ağappaq olmuşdu. Xırda-xırda qar yağırdı. Mən də, Bəylər bəy də dedik, sizə çətir gətirək. “Camaatda çətir var?”, - dedi. Oğlu İlham Əliyevə Bakıda bağda, qızı Sevil xanıma isə Moskvada bağda 12-15 nəfərin iştirakı ilə toy etmişdi. Böyük hədiyyələrdə əsla gözü olmayıb. Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin sədri işləyəndə şöbə müdirləri ona “Climat” qadın ətrinin gəldiyini deyib və neçə dənə istədiyini soruşublar. O ətir çox bəyənilən, bir o qədər də çətin tapılan ətir idi. Telefonda Zərifə xanımdan soruşmuş, o da “1 ədəd bəsimdir” demişdi. Şöbə müdirləri hərəsi 10-15 dənə almışdılar...
— Heydər Əliyev çox ciddi adam idi. Sizə qarşı da bu qədər ciddi olub?
— Ciddi olmasına baxmayaraq, çox mehriban insan idi. Çoxlu zarafatları da vardı. Bir dəfə Prezident öz otağında oturmuşdu, yanına gəldim. Birinci sözüm bu oldu: “Heydər Əliyev, bu boyda otaqda səhərdən-axşama qədər əyləşirsiniz, darıxmısınız?” Ürəkdən güldü və mənə: “Ay Xeyrəddin, bilmirsən ki, bu boyda ölkənin bütün dərdi-səri mənimlədir?”,- dedi. Mən də ona dedim: “Güldünüz, kefiniz açıldı, bax mənə bu lazım idi”.
— Bəs, sizə irad bildirdiyi nə isə olub?
— Heç vaxt. Baş konsul işləyirdim. Ölkəyə, ailəmin yanına qayıtmaq istəyirdim. İkinci dəfə özbaşına deputatlığa namizəd oldum. Sözsüz, bu, partiyanın qərarı ilə olmalı idi. Həmin vaxt bunu dərk etməmişdim, hətta ilk dəfə burada etiraf edirəm. Mən bilirdim, o buna necə əsəbləşmişdi. Buna baxmayaraq, heç nə demədi. 1999-cu ildə ürək ağrılarıma görə İstanbuldakı alman xəstəxanasına getdim və mənə 3 damarımın tutulduğunu, əməliyyat olunmalı olduğumu dedilər. Heydər Əliyev bunu biləndə Nazirlər Kabinentinin hesabından pul ayırdı. Əməliyyatım Londonda oldu. Artıq üstündən 27 il keçib.
— Heydər Əliyevin hakimiyyətə gəlməsi, müstəqilliyin əbədiləşdirilməsi prosesinin canlı şahidi olmusunuz. O dövrlə bağlı nələr deyə bilərsiniz?
— 90-ci illərin əvvəlləri Azərbaycan dağılma təhlükəsi ilə qarşı-qarşıya idi. Biz 91 nəfər Heydər Əliyevə müraciət etdik və o da müraciətə müsbət cavab verdi. Bakının o zamankı meri Rafael Allahverdiyevlə məni Naxçıvana çağırdı və mənə 10 günə “Yeni Azərbaycan” adlı qəzeti çıxarmağımı tapşırdı. Bu mümkün deyildi. Qəzetin otağı, müxbirləri, məqalələr yox idi. Bunun 10 günə çıxarılmasının mümkün olmadığını deyəndə mənə belə cavab verdi: “Bürokrat olma, get qəzeti çıxar”. 10 günə qəzeti çıxardım, o da buna sevindi. 3 aprel 1993-cü ildə bizim ilk nömrəmiz çıxdı. İstanbulda Baş Konsul olana qədər qəzetin redaktoru idim.
— “91-lər”in birliyi nəyə əsaslanırdı? Aranızdakı münasibət necə idi?
— Başlarda çoxumuz bir-birimizi tanımırdıq. Sözsüz ki, Ziya Bünyadovu, Zeynəb Xanlarovanı hamı tanıyırdı. Məni də jurnalist kimi tanıyırdılar, amma heç bəzilərini indi də xatırlamıram. 91 nəfər ziyalının hamısı bir şey istəyirdi: Heydər Əliyevin hakimiyyətə gəlib, xalqı bu çətinlikdən qurtarması. Bizim birliyimizin əsas səbəbi bu idi.
Sirus Təbrizlinin yazdığı məktubu mən Eldar İbrahimov və Murtuz Ələsgərov redaktə etdik. 91 nəfər həmin məktuba qol çəkdi. Gecə sonuncu təyyarəylə Eldar İbrahimov məktubu Heydər Əliyevə çatdırdı. Bir müddət sonra Heydər Əliyev xəbər göndərdi: “Mən partiya qurmağa hazıram!”
— Son olaraq, Heydər Əliyevdən nələr öyrənmisiniz?
— Onun gözəl danışıq, nitq qabiliyyəti var idi. Geyiminə xüsusi diqqət yetirərdi. Heç vaxt ayağını ayağının üstünə aşırıb oturmazdı. Heydər Əliyev əsla nalayiq ifadələrdən istifadə etməzdi. Mən ondan bunları öyrənmişəm.
Oğlu Prezident İlham Əliyev də ondan bu barədə çox şey öyrənib. 200-300 ildə dünyanın heç bir yerində alınan torpaqlar geri qaytarılmayıb. Ancaq o, atasından öyrəndikləri və sözsüz öz siyasəti ilə bunu bacardı. Tək mən deyil, biz ondan bunları öyrənmişik, öyrənməliyik…
Fatimə Şahverdiyeva
11:25 12.12.2025
Oxunuş sayı: 2288