Xocalı türbəsinin yanında yeni məqbərə yeri tapılıb
Bu ilki arxeoloji qazıntılar nəticəsində Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd olunub.
Hesabatda vurğulanıb ki, arxeoloq Şamil Nəcəfov Xocalı tarixi-arxeoloji kompleksi ərazisində tədqiqatlar aparıb. Bu il aparılan tədqiqatlar nəticəsində nekropol ərazisində yerüstü əlamətləri görünməyən, 70 sm dərinlikdə Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib.
Eyni zamanda, nekropolda tunc dövrünə aid daha bir kurqan aşkar edilib.
Hesabatda o da vurğulanıb ki, arxeoloq Müzəffər Hüseynov Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpə nekropolunda tədqiqatları davam etdirib.
Tədqiq edilmiş 38 nömrəli qəbirdə maraqlı dəfn adəti qeydə alınıb. Belə ki, içərisi materiallarla zəngin qəbir kamerası ağacla örtüldükdən sonra, ağacın üzərinə yenidən saxsı qablar və bəzək əşyaları qoyulub. Qəbir kamerasını örtən ağacların üzərinə arxeoloji materialların qoyulması ənənəsi əsasən Skif kurqanlarında izlənir.
Bildirilib ki, Muncuqlutəpə nekropolunda bu dəfn adətinin qeydə alınması Xocalı–Gədəbəy mədəniyyətinə məxsus tayfaların yeni dəfn ənənəsi kimi qiymətləndirilə bilər.
15:36 11.12.2025
Oxunuş sayı: 1053